Heç bilirdiniz ki, Albert Eynşteyn unutqan olub?
Şübhəsiz ən məşhur elm xadimlərindən biridir Albert Eynşteyn. Dahiliyin simvolu Eynşteynin həyatı qeyri-adi hadisələrlə zəngindir. Çünki dahi adam super zəkasının olmasına baxmayaraq, unutqanlığı ilə də məşhur idi.
Bir dəfə adını vermək istəməyən bir nəfər işlədiyi instituta zəng edərək dekanla görüşmək istədiyini bildirib. Dekanın yerində olmadığını öyrənən şəxs katibədən Eynşteynin ev ünvanını istəyib. Katibənin onun istədiyini rədd etdiyini görən telefondakı şəxs sakitcə belə deyib: “Xahiş edirəm, kimsəyə deməyin, mən Albert Eynşteynəm. Evə gedərkən evimin harda olduğunu unutmuşam. Xahiş edirəm, mənə evimin ünvanını deyin”.
Bir dəfə də Albert Eynşteyn qatarla səfərə çıxır. Səfər zamanı konduktor biletləri yoxlamaq üçün gəlir. Eynşteyn bütün ciblərini axtarır, ancaq heç cür biletini tapa bilmir. Eynşteyni tanıyan konduktor onun məşhur elm xadimi olduğunu, bileti görməyə ehtiyac olmadığını deyib digər sərnişinləri yoxlamağa keçir. Bir müddətdən sonra Eynşteynə baxır və onun hələ də biletini axtardığını görür. Yenidən Eynşteynin yanına gedib onun biletinə ehtiyac olmadığını, ona güvəndiyini söyləyən zaman Eynşetyn: “Mənə güvənib bileti görmək istəmədiyinizi anladım. Amma təəssüf ki, harda düşəcəyimi unutduğum üçün biletimi tapmalıyam”.
05.03.2019 08:35 yazılıb
Firuzə Alimova / TurpKimi.com