Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısamüddətə sulu qarla qarışıq yağma ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Fövqəladə Hallar Nazirliyi (FHN) mövcud hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib.
Nazirlikdən bildirilib ki, hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin dekabrın 25-dək davam edəcəyi proqnozlaşdırılır.
"Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", - nazirlikdən bildirilib.
TurpKimi.com