İnsanlar arasında yayılan bu inanca aldanmayın!
Xalq arasında dəniz suyunun gözə faydalı olması ilə bağlı yanlış məlumatlar var. Lakin bu belə deyil və mütəxəssislər bu mövzuda insanlara xəbərdarlıq edir.
TurpKimi.com bildirir ki, bu barədə Türkiyənin göz xəstəlikləri üzrə həkim mütəxəssisi Dr. Aylin Kılıç danışıb. Açıqlamasında o qeyd edib ki, dənizin təbii olmasına aldanıb suyun altında gözləri açıq saxlamaq olmaz:
“Dəniz duzu gözlərə faydalı deyil. Əksinə dəniz suyundakı duzluluq gözü qurudur, qızarma və yanmaya, batmaya, infeksiyanın asanlıqla gözə düşməsinə səbəb olur”.
Kontakt linzalardan istifadə edirsinizsə, mütləq linzaları çıxarıb suya girin. Yox əgər suya linzayla girmisinizsə, təkrar istifadə etməyin!
Bundan başqa açıq hava, külək, dəniz, qum və günəş gözün sağlamlığına təsir edən başlıca amillərdəndir. Gözdəki allergik reaksiyalar üçün risk faktorudur. Çünki külək, qum, dəniz və havada uçuşan bir çox yad cisimlər gözə daxil olaraq allergik reaksiyalar yaradır. Günəş isə allergik reaksiyaları şiddətləndirə və gözdə qızarma, sulanma, bulanıq görmə və ciddi qaşınma yarada bilər.
Yayda dənizi hovuz suyu ilə əvəz edənlər, xüsusilə diqqətli olsunlar. Belə ki hovuz suyunun təmizliyi üçün atılan qoruyucu maddələr gözə toksiki təsir edir. Odur ki, hovuzda çimərkən gözlərinizi açmayın. Çox ciddi və keçici göz xəstəliklərinə yaxalana bilərsiniz. Çünki ən çox keçici viruslara tutulma faktlarına hovuz sularında rast gəlinir.
Gözlərinizi bu kimi xəstəliklərdən qorumaq üçün sualtında taxılan xüsusi eynəklərdən istifadə edin.
Firuzə Alimova / TurpKimi.com