Dərmanları bir kənara qoyun - Təbii ağrıkəsici təsiri olan 14 bitki


Heç bir dərman preparatı qəbul etmədən bəzi ağrıları kəsmək mümkündür. Bəzi bitki və meyvələr min illərdir təbii ağrıkəsici kimi istifadə edilir. 

dermanlari-bir-kenara-qoyun
25.02.2023 22:24 4 dəq oxuma

Hər bir insan həyatının müəyyən vaxtlarında vücudunun ayrı-ayrı nahiyyəsində olan ağrılardan əziyyət çəkir. Bəziləri təbii vasitələrin daha az əks təsirinin olduğunu düşünür. Uzun illərdir xalqın sınağından çıxmış bəzi metodlar vardır ki, ağrılara qarşı dərman qədər təsir göstərə bilir. 

TurpKimi.com türkiyəli diyetoloq Betül Merdin təbii ağrıkəsicilər haqda maraqlı çıxışından bəzi detalları oxucularla bölüşür. 

Qırmızı üzüm

Bu giləmeyvənin tünd rəngli olanı, toxuma degenerasiyasında iştirak edən fermentləri blokadaya alan  güclü birləşmə olan resveratrol ehtiva edir. Aparılan araşdırmalarda resveratrolun kürək ağrısına səbəb olan qığırdağın zədələnməsinin qarşısını aldığı müəyyən edilib. 

Zəncəfil 

2000 ildir həzm sistemini rahatlatmağı ilə seçilən zəncəfil eyni zamanda təsirli bir ağrıkəsicidir. Ürək bulanmasının qarşısını alaraq mədəni yatışdırır. Zəncəfil artrit zamanı ağrıyan oynaqları sakitləşdirir  və adət sancısı ilə mübarizə aparan təbii bir bitkidir. Aparılan araşdırmalara görə zəncəfil kapsulaları iltihabəleyhinə təsir göstərir, ağrıları yüngülləşdirir.  Mayami Universitetində 6 həftə araşdırma aparılıb.  Son nəticələrdə xroniki diz ağrısı olan xəstələrin az qala üçdə ikisinin  zəncəfil kökü istifadə edərək ayağa qalxdıqdan sonra daha az ağrı hiss etdiyi  məlum olub. Araşdırmalar zəncəfilin məşqdən sonra yaranan bədən və əzələ ağrısının öhdəsindən gəlməyə kömək etdiyi məlum olub. 

Çobanyastığı

Çobanyastığında da ağrıkəsici maddələr var. Əsrlərdir  insanlar xüsusilə sinir sistemi ilə əlaqədar ağrılar üçün bu bitkidən istifadə edirlər.  Əzələləri sakitləşdirmə  xüsusiyyəti olan çobanyastığı çayının ağrıları azaltdığı məlumdur. 

Soya

Soyanın osteoartrit diz ağrısını 30  faiz və daha çox  nisbətdə kəsdiyi təsbit edilmişdir. Oklahoma Əyalət Universitetində aparılan araşdırmada üç ay boyunca gündə 40 qram soya zülalı istehlak edən xəstələrin ağrıkəsici dərmandan istifadəsinin yarı-yarıya azaldığı məlum olub.  Soyanın tərkibindəki izoflavonların anti-inflamatuar, yəni iltihabəleyhinə xüsusiyyəti sayəsində ağrıkəsici təsirə malik olduğu bilinməkdədir.

Sarıkök 

Sarıkökün tərkibində olan birləşmələr  iltihablanma daxil olmaqla müxtəlif xəstəliklərin qarşısını alır. Sarıkökdə kurkumin adlı vacib maddə vardır.  Kurkumin möhkəmlətməsi revmatoid artrit və osteoartrit problemləri ilə mübarizə aparır. Zəncəfil dəmləməsi və içinə bal, sarıkök qatılması ilə  hazırlanan çaya qara istiot  əlavə edərək təsirini artırırlar.  Hind qidalarında geniş şəkildə istifadə edilən ədviyyatın revmatoid artrit ağrısına ibuprofen qədər təsirli olduğu müəyyən olunmuşdur. Siçanlar üzərində aparılan  araşdırmalarda sarıkökün oynaqları artritdən qoruduğu məlum olmuşdur. 

Albalı (gilas) 

Albalının tərkibində olan  antosiyaninlər adlı yüksək miqdarda antioksidantlar  albalının ağrıyla mübarizə gücünün açarıdır. Aparılan  araşdırmalarda albalı suyunun idmanla məşğul olan kişilərdə  əzələ ağrılarını  azaltdığı müəyyən olunmuşdur. Ağrıkəsici antosiyaninlər böyürtkən, vişnə (gilənar), moruq və çiyələkdə də var.

Qəhvə (kafein)

Reseptsiz satılan soyuqdəymə  və baş ağrısı dərmanında kafein var. Elmi araşdırmalara görə kafein   ağrıkəsicilərlə birlikdə istehlak edildikdə ağrıkəsicilərin təsiri daha da artır.  Son illərdə isə kafeinin özünə xas ağrı azaldıcı gücə sahib olduğu da ortaya çıxmışdır. Ancaq kafeindən həddindən artıq istifadə etmək olmaz. 

Balıq

Balıqdakı omeqa-3 yağ turşuları revmatoid artrit, miqren və Krohn xəstəliyi də daxil olmaqla bəzi otoimmun xəstəliklərdən qaynaqlanan ağrı və ya iltihablanmanı azaldır. Nizamlı olaraq balıq istehlak edən, xroniki boyun və kürək ağrısı olan xəstələrdə təsirli olduğu üzə çıxıb. Aparılan kliniki araşdırmalarda ağrısı olan xəstələrin 60 faizinin üç ay boyunca balıq yağı istehlak etdikdən sonra sakitləşdiyi və az qala çoxunun ağrıkəsici dərmanları tamamilə kəsdiyi  məlum olub. Xroniki ağrıları olanların somon, skrumbiya, sardinya və ya alabalıq (farel) kimi yağlı balıqlardan həftədə 2-3 pay yeməyi təklif edilməkdədir. Hamısı da omeqa-3 qaynağı olan bu balıqlar nizamlı istehlak edildikdə ağrını kəsir. Ancaq qan sulandırıcı dərman qəbul edirsinizsə,  əvvəlcə mütəxəssis həkimlə məsləhətləşin.  Çünki omeqa-3 bu dərmanların təsirini artıra bilir.

Qarağat

Qarağatda iltihabla mübarizə aparan və ağrını azalda biləcək çox sayda bitki mənşəli elementlər var. Meyvənin mövsümü deyilsə, donmuş və ya qurudulmuş qarağat təzə ilə bənzər şəkildə qida məzmununa malikdir. Çiyələk və portağal da daxil olmaq üzrə antioksidant və polifenol ehtiva edən digər meyvələrin də sakitləşdirici təsirləri vardır.

Balqabaq dənəsi

Balqabağın dənəsi miqren ağrılarını azaldan zəngin  maqnezium qaynağıdır. Osteoporozun önlənməsinə və müalicəsinə kömək edir.  Daha çox maqnezium üçün badam və kaju fıstığı, tünd yaşıl yarpaqlı tərəvəzlər (ispanaq və kələm kimi), paxla və mərci nizamlı olaraq istehlak edilməlidir.

Nanə

Nanə yağı irritabl bağırsaq sindromunun xüsusiyyətləri olan ağrılı, tutma şəkilli sancını,  qazı və qabarıqlığı aradan qaldırır. Çox olmamaq şərtilə nanə çayı istehlak edənlər mədə  ağrılarının sakitləşdiyini qeyd edirlər. 

Qoz

Tərkibində olan yüksək miqdarda omeqa-3 yağ turşuları ilə beyin və ürək sağlamlığını qoruyur və  ağrılara da yaxşı təsir edir. Nizamlı olaraq qoz istehlak etmək əzələ və oynaq ağrılarına qarşı təsirlidir. Xüsusilə naharlarda və ara paylarda istehlak edilməsi məsləhətdir. 

Sarımsaq

Diş və baş ağrısına yaxşı təsir edən  sarımsaq təbii antibiotik kimi məşhurdur. Xüsusi əks göstərişlər istisna olmaqla  gündə 2-3 diş sarımsaq əzələ və sümük ağrılarına yaxşı təsir edir. 

Süzmə zeytun yağı

Tərkibində  oleokantal fermenti olan süzmə zeytun yağının təbii  anti-inflamatuar, yəni iltihabı aradan qaldırıcı təsiri vardır. Bu fermentin ağrını azaltdığı da məlumdur.  Ancaq bu fermentin təsirli olması  üçün zeytun yağının natural, təbii və köhnə üsullarla sıxılaraq istehlaka hazır hala gətirilməsi əhəmiyyətlidir. Bütün bu qidalar adamda xroniki xəstəliklər, ya da bəslənmə ilə fərqli problemlər varsa diqqətlə istehlak edilməlidir. Vacib olduqda isə həkimin tövsiyyəsi də nəzərə alınmalıdır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com