Təhsil artıq bazara çevrilib...
Artıq xeyli müddətdir orta məktəb dərsliklərinin çətin olması ilə bağlı müzakirələr aparılır. Əvvəllər üçüncü, beşinci sinifdə tədris olunan dərslərin indi birinci sinifdə keçirildiiyi bildirilir.
Orta məktəb dərslikləriylə bağlı şikayətlər niyə çoxalıb? Dərsliklərin çətin olmasıyla bağlı deyilənlər doğrudurmu?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, yeni təhsil sisteminə keçiddən sonra müəyyən qarışıqlıqlar olduğunu qeyd edib:
“Hazırda dərsliklərin hazırlanması ilə bağlı ciddi problemlər var. Təəssüf ki, yeni təhsil sisteminə keçiddən sonra qarışıqlıq yaranıb. Əvvəl bir mövzu bir dərslikdə yer alırdısa, indi demək olar ki, həmin mövzu barədə bir neçə sinif dərsliyində məlumat verilir. Məsələn, şagird isim mövzusunu həm 5, həm 6, həm də 7-ci sinifdə öyrənir. Halbuki əvvəlki dərsliklərdə bu yalnız bir sinif dərsliyində yer alırdı. Aşağı siniflərdə, xüsusilə də birinci siniflərdə şagirdlərin dərs yükü ağırlaşdırılıb, çətinləşdirilib. Dərsliklərin hazırlanmasında əsas şərtlərdən biri olan şagirdlərin yaşı sanki nəzərə alınmayıb. Bu da elə ilk siniflərdən şagirdi əlavə hazırlığa yönəltməyə imkan yaradır. Biz şagirdin birinci sinifdən repetitorluğa üz tutmasına şərait yaradırıq. Şagirdə lazım olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, ümumiyyətlə çətinlik qarşısında şagirdi üz-üzə qoymaq yolverilməzdir. Dərsliklərlə bağlı ciddi və əməli tədbirlər görülməlidir. Buna ehtiyac var”.
Ekspert repetitorlarla bağlı məsələyə aydınlıq gətirib:
“Dərsliklərin çətinləşməsi repetitorlara üz tutmağa imkan yaradır. Bu qəsdən edilir sanki. Orta ümumtəhsil müəssisələrində şagird dərsləri mənimsəyə bilmir və əlavə hazırlığa gedir. 10-15 il əvvəl təhsil bazarında (ürək ağrısı ilə bunu bazar adlandırıram, çünki təhsil artıq bazara çevrilib) şagirdin ev tapşırıqlarını həll etmək üçün müəllim yanına getməsi halı yox idi, indi bazarda buna tələbat çoxdur. Bu da onu deməyə əsas verir ki, birbaşa dərsliklərin və tapşırıqların çətinləşdirilməsi məhz əlavə məşğələlərə, müəllim yanına getmələrə imkan yaradır. Halbuki orta məktəblərdə təhsilin göstəricisinin nə qədər aşağı olması bu faktla üzə çıxır”.
TurpKimi.com