İdman salonlarında yanlış yolla və pəhrizlərlə arıqlamağın mənfi nəticələri...
Günümüzün ən aktual mövzularındandır arıqlamaq. Kimisi internetdən tapdığı pəhrizlə, kimisi ac qalmaqla, kimisi də idman edib bir çox yanlışlara yol verməklə və sadalamadığımız bir çox üsullarla arıqlamağa cəhd edir. Amma bu cəhddən, itirilən zaman və sağlamlıqdan başqa bir şey deyil. Kökəlmənizin səbəbi var, ilkin onu araşdırıb tapmaq lazımdır. Lakin kökəlmək təkcə qadınları deyil, kişiləri də narahat edən problemlərdən biri olduğu üçün idman zallarında verilən bir çox məsləhətlər sağlamlığa ciddi təhdiddir.
Həkim dietoloq Lalə Cəfərli TurpKimi.com-a verdiyi açıqlamasında idman salonlarında gənclərə təqdim edilən arıqlama üsullarının mənfi təsirlərindən danışıb. Həmçinin dietoloq bildirib ki, heç kim ancaq qarabaşaq və toyuq əti yeməklə arıqlaya bilməz:
“Arıqlamaq istəyənlər üçün qarabaşaq ilə toyuq əti yazırlar. Hər kəsə qarabaşaqla toyuq yemək olmaz. Elə insan var ki, onun toyuğa qarşı allergiyası var. Pəhriz kimi qarabaşaqla toyuğu yazırlar və görürlər ki, bu insan arıqlamır. Bir müddət yedikdən sonra insanın böyrəyində, orqanizmində problemlər yaranmağa başlayır. İnsan nə qədər qarabaşaq-toyuq yeyər, iyrənir axı?! Yaxud insan qarabaşaq-toyuqla necə arıqlaya bilər?
Bəzən pasiyentlərə duzsuz pəhrizlər də yazırlar. Duzsuz pəhrizlər bədəndə kalium-natrium balansını pozur. Kalium-natrium balansı isə ürəyin fəaliyyətində iştirak edən ən vacib elementlərdən biridir. Duzsuz pəhriz gələcəkdə ürəyin işinə təsir edəcək. Bədən birinci susuzlaşacaq, sonra güclü şişkinlik əmələ gətirəcək. Ümumiyyətlə, həyatda orqanizmimiz üçün vacib olan hər şeylə qidalanmalıyıq. Allah bunu yaradıbsa, demək qidalanmaq lazımdır. Elə insan var arıqlamaq üçün gündə 1 kq qreyfrut yeyir. İstəyirsən gündə 5 kq qreyfrut və ya 5 kq ananas ye, nə qədər ki, sən artıq çəkinin səbəbini tapıb problemi həll etməmisənsə, arıqlamayacaqsan”.
Lalə Cəfərli böyrək daşlarına səbəb olan, istər qadınlarda, istərsə də kişilərdə hormonal problemlərə gətirib çıxaran arıqlama üsulundan da danışdı:
“Günümüzdə ən çox rastlaşdığımız problemlərdən biri gənclər arasında böyrək daşlarının yaranmasıdır. Gənclər gedib daşını parçalayır və əksəriyyət böyrək probleminə görə xəstəxanalardadır. Çünki arıqlamaq üçün bütün günü protein və kokteyllər içirlər. Yaxud trenajor zallarında bəzi hormonal dərmanlardan istifadə edirlər, hansı ki, hormonal balansı tamamilə sıradan çıxarır. Qətiyyən olmaz! Nə edirsinizsə edin, əgər daimi olmasını istəyirsinizsə, onu sağaldaraq etmək lazımdır. Məsələn; mənim tiroidim işləyirsə, əlavə eritrok içərək onun gücünü artırmağa deyil, səbəbini taparaq normal işləməsinə şərait yaratmaq lazımdır. Amma tiroidi güclə, qovmaqla işlətmək olmaz. Bir müddətdən sonra artıq onun işi tamamilə dayanacaq.
Bundan başqa, idman salonlarında tərəziyə çıxarkən çəki atmaq üçün çox vaxt hormonal həblərdən istifadə olunur. Bu, bodybuilding idman növü ilə məşul olan idmançıların işidir. Onlar yarışa çıxmaq üçün ziyan olduğunu bilə-bilə bunu etməyə məcburdurlar, çünki qalib gəlməlidirlər. Amma bizim adi cavan gənclərimiz də testeron və eritroks kimi dərmanlardan istifadə edirlər ki, dərialtı piy qatı getsin. Gənclər başa düşmür ki, o məşqçinin işi olduğu üçün öz sağlamlığı bahasına, yarışda qalib gələ bilsin deyə həmin həblərdən istifadə etməyə məcburdur. İdmanla məşğul olan cavanlarımızı düzgün yönəltmək lazımdır ki, axı, bu sənin işin deyil. İdman həyat tərziniz olsun, bədənə ziyan vurmadan, hormonal balansı pozmadan arıqlayın ki, bütün orqanizm zərər görməsin. Hormonal həblərdən istifadə etməklə nəticəni 2 ay əldə saxlayacaqsınız, halbuki həmin bədən quruluşundan heç bir yarışda istifadə etməyəcəksiniz. Lakin həbləri saxlayandan sonra 5 qat artıq şişəcəksiniz.
Bütün bu sadaladıqlarım insanlara ciddi şəkildə ziyandır. Böyrəyi, qara ciyəri və digər orqanları sıradan çıxardır”.
Dietoloqun idman edərək həm arıqlamaq, həm də əzələ yığmaq istəyənlərə tövsiyyəsi belə oldu:
“İlk olaraq onlarda artıq çəkini yaradan səbəbi tapmaq lazımdır. Ondan sonra sağlam həyat tərzinə riayət edilməlidir. Məsələn; məşq zallarına idman etməyə gedə bilərlər. Kimin ona imkanı yoxdursa, gündə 1 saat yürüş edə, çıxıb gəzə bilər. Ümumiyyətlə, nə edirlərsə etsinlər, yarıda qoya biləcəkləri bir işlə məşğul olmasınlar, yarımçıq qalacaq idman növü seçməsinlər. Məsələn; çox vaxt qadın pasiyentlərimə deyirəm ki, bu gün məşğul olduğunuz idmanı nə vaxtsa yarımçıq qoyacaqsınızsa, ən yaxşısı evdə doyunca rəqs etməkdir. Daha sonra gündəlik həyat vərdişlərini dəyişdirsinlər, ən azı bundan başlamaq lazımdır.
Əgər 10 kq-a yaxın artıq çəkin varsa, idman zalına getmək olar, yox 10 kq-dan çox artıq çəkin varsa, yəni çəkin 20-30 kq artıqdırsa, arıqlamağa idman zalından başlamaq düzgün deyil. Çünki 10-dan çox olan artıq çəkinin çox ciddi problemləri, səbəbi var. O səbəblər kökündən həll olunmalıdır. O sizə dönüşü olmayan elə bir fəsad verə bilər ki, həmin fəsadı ömür boyu çalışsanız, düzəltmək mümkün olmaz. Bunun üçün birinci, mütləq artıq çəkini atmaq lazımdır, ondan sonra idmanla məşğul olmaq olar. Lakin 150 kq-lıq pasiyentlərə idman qətiyyən olmaz. Heç onlara yürüməyə belə icazə vermirəm, çünki onların hormonal balansı qaydasına qoyulmalıdır ki, oynaqlar zədə almasın, ürək, qan-damar sistemi yüklənməsin. Bir müddətdən sonra yavaş-yavaş ən sadədən – yürüşdən başlamaq olar. Yürüş o demək deyil ki, bütün günü qaçasan?! Xeyr! Yürüş, tənginəfəs olmayacağın sürətdə yerimək və oksigen qəbul etməkdir.
Qeyd edim ki, bütün reaksiyalar oksidləşmə prosesi zamanı gedir, sürətlənir. Adi elementar bir şey: kömür necə alışıb yanır? Kömürü yandırmaq üçün üfürürük, düzdü? O da alışıb yanmağa başlayır. Bizə arıqlamaq üçün əzələni məhv etmək deyil, əzələ qatını artırmaq lazımdır. Nə qədər ki, əzələ kütləsi çoxdur, o qədər maddələr mübadiləsi sürətlə işləyir. Və əzələ kütləsi artıqca maddələr mübadiləsi sürətlənəcək. Sürətləndisə piy qatı yanmağa başlayacaq. Bunun üçün qidalanma tam olmalıdır. Qidanın kalorisinin azlığı ilə deyil, düzgün qida rejiminə uyğun qidalanmaq lazımdır.
Əgər siz qidalanmadan idmanla məşğul olursunuzsa, əzələ lifləri parçalanır. Əzələ yaratmaqla arıqlamaq arasında yerlə göy qədər fərq var. Onlar bir-birinin əksi olan bir prosesdir. Adətən əzələ kütləsini yığmaq üçün ağırlıqlar qaldırır, bu tipdə bəzi məşqlər edirik. Həmin o məşqlər zamanı bizdə əzələ lifləri parçalanır və qopurlar. Qopduqdan sonra onlar daha güclü bir bağla bərpa olunurlar. Onun daha güclü bir bağla bərpa olunması üçün çox yaxşı, yüksək kalorili, protein tərkibli qidalar qəbul etmək lazımdır. Odur ki, siz ac qalmaqla həm idman edib əzələ yığmağa, həm də arıqlamağa çalışırsınızsa, bu zaman sizdəki qopmuş əzələ lifləri bərpa edilməmiş olur. Eyni zaman stresdən bədəndə insulinin səviyyəsi yüksək qalır deyə, nə əzələ lifi bərpa olunur, nə də piy hüceyrələri parçalanır. Arıqladığınızı göstərən səbəb isə əzələdən itirdiyiniz kütlə və bədəndəki maye olur. Nəticə etibarı ilə gəlib o səviyyəyə çıxırsınız ki, pəhriz saxlamağı və idman etməyi tamamlamış olursunuz, lakin idmanı saxlayan kimi və ya 2 gün qonaqlıqda olarkən dərhal 5 kilo kökəlmiş olacaqsınız. Bu, orqanizmin günahı deyil, o sizin günahınızdır ki, onu düzgün yönəltməmisiniz. Nəyi eşidiriksə, onu etməmiz düzgün deyil. Hər şeyi köklü şəkildə həll etmək lazımdır”.
Firuzə Alimova / TurpKimi.com