Dırnaq boyasının tarixi - İlk sürtən kişilər olub


Qadınların geyimini tamamlayan, min bir rəngiylə gözəl aksessuar olan dırnaq boyasının özünəməxsus tarixi var.

dirnaq-boyasinin-tarixi
28.03.2019 23:23 2 dəq oxuma

Bizim eradan əvvəl 3200-cü illərdə müharibəyə hazırlaşmaq üçün Babil döyüşçüləri saatlarla vaxt ayırardılar. Saçlarını buran, dırnaqlarını boyayan döyüşçülər dodaqlarını da dırnaqlarıyla eyni rəngə boyayardı.

Mütəxəssislər Babil kral məzarlarından çıxarılan boyaları araşdırıb. Araşdırmaçılar dırnaq boyasının bizim eradan əvvəl 3200-cü illərdən qaldığını deyir. Məzarlıqlardan çıxarılan dırnaq boyaları yaşıl və qara rənglərdə olub və həmin rənglər statusu təmsil edib. Vacib insanlar qara rəngdən istifadə edərkən, aşağı səviyyədə olanlar dırnaqlarını yaşıl rəngə boyayarmış.

Dırnaq rəngi öldürə bilib

Bizim eradan əvvəl 3000-cü illərdə isə çinlilər insanları sinif və sülalələrə bölmək üçün dırnaqları rəngləmək metodundan istifadə ediblər. Üst sinifdə olanlar dırnaqlarını sülalənin rəngində - qırmızıya boyayardılar. Lakin dırnaqları boyamaq hamıya icazə verilmirdi. Bəzi sülalələrin dövründə aşağı təbəqədə olanlar solğun rənglərlə dırnaqlarını boyaya bilərdi. Əgər kimsə dırnaqlarını kral ailəsinə mənsub rənglərlə boyayardısa, həmin şəxs  ölümlə cəzalandırılırdı.

Necə oldu ki, qırnaq boyasından qadınlar istifadə etdi?

Bu mövzu ilə bağlı iki rəvayət var: Biri Nyu Yorklu qadınla bağlıdır. Qonaqları üçün midye yığmağa gedən qadın dırnaqlarına sarı rəng vurur, lakin bununla kifayətlənməyib ərinin dırnaq boyalarından istifadə edir. Qonaqlar qadının dırnaqlarındakı boyaları çox bəyənir. Bunu görən qadın dırnaq lakı ilə rəngi qarışdıraraq ilk dırnaq boyasının əsasını qoyanlardan birinə çevrilir.

Digər rəvayət isə pinti ingilis qadınla bağlıdır. Bu qadın dırnaqlarının içindəki çirkləri təmizləməmək üçün bir yol axtarır. Həmin çıxış yolunu dırnaqlarını boyamaqda görür. Əvvəlcə toz boyadan istifadə edən qadın görür ki, yuyulanda boya silinir. Qalıcı boya axtarışına başlayan ingilis qadın dağlardan yığdığı bitki köklərini, ağac yarpaqlarını və asetona bənzəyən maddəni qarışdıraraq dırnaqlarına sürtüb. Qarışımın uzun müddət dırnağında qaldığını görəndən sonra hazırladığı dırnaq boyasını insanlar arasında yayıb.

Firuzə Alimova / TurpKimi.com