Dişləri nə vaxt təmizləmək lazımdır: Səhər yeməyindən əvvəl, yoxsa sonra? Həkim bu mövzuda nöqtəni qoydu.
Stomatoloq Osmonova dişlərin səhər yeməyindən dərhal sonra təmizlənməsindən imtina etməyi tövsiyə etdi.
Uzun illərdir insanlar dişləri nə vaxt təmizləməyin doğru olduğunu müzakirə edirlər: səhər yeməyindən əvvəl, yoxsa sonra?
TurpKimi.com xəbər verir ki, bu sualı “Lenta.ru” ilə söhbətində stomatoloq, implantoloq Naida Osmonova cavablandırıb.
Osmonovanın qeyd etdiyinə görə, gecə ərzində ağızda tüpürcək ifrazı əhəmiyyətli dərəcədə azalır. Bu isə ağız boşluğunda bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Həmin bakteriyalar diş üzərindəki ərplərdə toplanır, pis qoxuya səbəb olur və hətta ilk qida qəbulu ilə birlikdə mədəyə düşə bilir.
Bu səbəbdən dişləri səhər yeməyindən əvvəl təmizləmək — orqanizmə düşən bakteriya yükünü azaltmağın bir yoludur.
Dişləri səhər yeməyindən sonra təmizləyənlərə isə həkim yeməkdən yarım saat sonra bunu etməyi tövsiyə edir. Çünki bir çox məhsul — məsələn, meyvələr, şirələr və qəhvə — tərkibində turşular saxlayır və bu maddələr diş minasını müvəqqəti olaraq yumşaldır. Əgər dişlər dərhal təmizlənsə, bu, onları mexaniki olaraq zədələyə bilər. Lakin 30 dəqiqə ərzində tüpürcək bu turşuları təbii yolla neytrallaşdırır və diş minasında pellikula — yəni nazik qoruyucu təbəqə — bərpa olunur, deyə Osmonova əlavə edib.
Yalnız bundan sonra diş təmizlənməsi təhlükəsiz və həqiqətən faydalı olur.
Vüsalə Əlövsətqızı,TurpKimi.com