Dünyada yod böhranı - Azərbaycanda vəziyyət necədir?


Sosial şəbəkələrdə yayılan məlumata görə, ölkəmizdə çox ciddi şəkildə yod qıtlığı yaşanır. Artıq neçə müddətdir ki, apteklərdə yod tapmaq mümkünsüzə çevrilib.

dunyada-yod-bohrani
11.10.2022 21:14 1 dəq oxuma

Bəs, həm ölkəmizdə istehsal edilən, həm də xaricdən gətirilən yod niyə qəhətə çəkilib?

Mütəxəssislərin fikrincə yod qıtlığının başlıca səbəbi Ukrayna-Rusiya müharibəsidir. Çünki, son vaxtlar belə söhbətlər gəzir ki, Rusiya bu müharibədə gec-tez nüvə silahına əl atacaq. Bu xəbərlərdən təşvişə düşən avropalılar artıq neçə müddətdir ki, nüvə bombasının yayacağı radiasiyadan qorunmaq üçün müxtəlif vasitələrə əl atırlar. Həyəcanlanmış kütlə apteklərdəki bütün yod materiallarını alır, bəzi avropalılarsa, hətta əleyhiqazlar da tədarük edirlər.

Bakı şəhərindəki bir neçə xəstəxanadan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, ölkədə heç bir yod qıtlığı yaşamırlar, depolarda bununla bağlı problem yoxdur.

Məsələ ilə əlaqədar Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsindən isə bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib: "O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hal-hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq.

Qeyd edək ki, AEM-də olan məlumata görə, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir.

Xatırladaq ki, bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir.