Düyünü süzmədən dən-dən plov bişirməyin qızıl qaydaları - Aşpazların sirri


Süfrələrimizdən əskik olmayan, hər yeməklə yarışan plov elə də asan hazırlanan yemək deyil. 

duyunu-suzmeden-den-den-plov-bisirmeyin-qizil-qaydalari
20.04.2022 09:44 3 dəq oxuma

Dən-dən, bütöv halda, bir-birinə yapışmayan, yaxşı bişmiş plov hazırlamaq üçün qızıl qaydaları bilmək lazımdır.

Azərbaycan mətbəxində aş bişirmək üçün ilk növbədə düyü qaynadılır və suyu süzülür. Bu qaydada onlarla növ plov hazırlanır. Ancaq düyünü süzmədən plov bişirməyin də özünəməxsus ləzzəti var. 
Bu üsuldan isə daha çox Türkiyə və  Özbəkistan mətbəxində istifadə edilir. 

TurpKimi.com düyünü süzmədən ideal aş dəmləməyin qızıl qaydalarından yazacaq:

Sizinlə bölüşdüyümüz məlumatlar peşəkar aşpazların da əməl etdiyi və bəzən də sirr kimi saxladığı kiçik ipuclarıdır. 

1. Hansı düyünü seçdiyiniz çox əhəmiyyətlidir

Dən-dən plov hazırlamağın ən birinci qaydası düyünün növündən asılıdır. Dünyada təxminən on min fərqli düyü növü olduğu təxmin edilir. Hər düyüdən plov hazırlanmır.

Düyünün növlərinə görə lazım olan su miqdarı, yuyulması, bişirmə müddəti dəyişir. Ləzzətli plov hazırlamaq üçün uzun, basmati düyü  seçməlisiniz. Basmati növü digər növlərə görə daha çox şişir və bir-birinə yapışmır. 

2. Düyünü bol su ilə yumalısınız

İstifadə etdiyiniz düyünün növü nə olursa-olsun, plovu hazırlamağa başlamazdan əvvəl düyünü bol suda yumalı və  suyunun süzülməsini gözləməlisiz.  Düyü nişastası çox olan qidadır. Nişasta da bağlayıcı, birləşdirici xüsusiyyətə malik olduğundan düyünün bir-birinə yapışmasına səbəb olur.  Bu təsiri azaltmaq üçün plov hazırlamazdan  əvvəl istifadə edəcəyiniz düyünü bol suda ələkdən keçirərək yumalı, nişastasından təmizləməli və bu əməliyyatı duru  su əldə edənə qədər təkrar etməlisiniz.

3. Yumaq yerinə islatmağı da seçə bilərsiniz

Düyünü yuyaraq çox su israf etmək istəmirsinizsə, düyünü geniş bir qaba bir çay qaşığı duz əlavə edərək islağa qoya bilərsiniz. Qaşığın köməyi ilə bir neçə dəfə qarışdırdıqdan sonra 1 saata qədər bu suda saxlayın. Düyüdəki nişastanın həll edilib suya qarışdığını suyun rəngindən görə biləcəksiz. Sonra bu suyu süzüb,  düyüləri təkrarən sudan keçirdin.  

4. Kərə yağı və toyuq bulyonu ilə plovunuza ləzzət qata bilərsiniz

Bir-birinə yapışmayan plov dəmləyin bir sirri də kərə yağındadır. Kərə yağı plova ləzzət qatmaqla yanaşı  düyünün yapışmasını da önləyə bilər. Plov hazırlayarkən həddindən artıq yağ istifadə etmək olmaz.   Kərə yağının yanmasının qarşısını almaq üçün əriyərkən içərisinə bir az zeytun yağı əlavə edə bilərsiniz. Toyuq bulyonu,  ya da öz hazırladığınız toyuq suyu da plovun ləzzətinə ləzzət qata bilər.

5. Düyüləri səbirlə, bir neçə dəqiqə qovurun

Düyünü süzmədən ideal plov dəmləməyin bir sirri də onu yaxşıca yağda qovurmaqdır. Kərə yağını əritdikdən sonra  düyünü əlavə etməlisiniz. Düyüləri əlavə etdikdən sonra qarışdıraraq qovurmalı və taxta qaşıqdan istifadə etməlisiniz. Düyünün qovurma vaxtı bir az çox olsa daha yaxşıdır.  

6. Plov bişərkən qarışdırmayın

Plov bişirərkən edilən ən böyük səhvlərdən biri də qazanın qapağını davamlı açmaq və plovu tez-tez qarışdırmaqdır. Qazan qapağı hər açıldıqda içindəki istilik və buxar çölə çıxar və bu da  plovun xəmirləməsinə səbəb olar. Plovu qarışdırmaqla həm də nişastanın daha çox yapışmasına şərait yaratmış olursuz.  Buna görə plov suyunu tamamilə çəkənə qədər qapağını açmamağa və qarışdırmamağa diqqət edin. 

7. Suyun miqdarı çox əhəmiyyətlidir

İstifadə etdiyiniz düyüyə görə lazım olan su miqdarı dəyişə bilər.

Plovu hazırlamağa başlamazdan əvvəl seçdiyiniz düyünün nə qədər su çəkə biləcəyini təxmin edin.  Əgər uzun, basmati düyü istifadə edirsinizsə,  ya da düyünü  əvvəlcədən islatmısınızsa, 1 stəkan düyüyə 1 stəkan su əlavə etməlisiniz. Hansı düyüdən istifadə etməyinizdən asılı olmayaraq  qovrulmuş düyüyə tökülən su mütləq qaynar olmalıdır. Əks halda yağ düyünün üzərinə çıxacaq və yapışacaq, dadı da ləzzətli olmayacaq. 


8. Plovun mütləq dəmlənməsinə icazə verin

Plov bişdikdən və ocağın altını söndürdükdən sonra dəmlənməyə qoyun. Bişirdiyiniz plovun nəmini almaq üçün qapağının altına eyni ölçülərdə bir kağız dəsmal, ya da təmiz bir bez qoyaraq yarım saat qədər bu şəkildə saxlayın.  İsti olarkən düyünü qarışdırmayın. Dəmləndikdən sonra qarışdıra və servis edə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com