“E-Təbib” mobil tətbiqi necə işləyəcək?


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əhali arasında koronavirusa yoluxma hallarının azalması məqsədilə yeni “E-Təbib” mobil tətbiqi hazırlayıb.

e-tebib-mobil-tetbiqi-nece-isleyecek
20.06.2020 23:16 3 dəq oxuma

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində verilən məlumatlar insanlarda müəyyən suallar yaradıb.

Bəziləri bu proqramın COVİD-19-a yoluxan xəstələrin izlənilməsi istiqamətində hazırlandığını düşünüb. Yaranan anlaşılmazlığı aradan qaldırmaq məqsədilə proqram barədə oxucularımıza ətraflı məlumat vermək qərarına gəldik.

Məsələ ilə bağlı TƏBİB-in İT işçi qrupunun əməkdaşı Bulu İsmayılova ilə əlaqə saxladıq. O bildirdi ki, mobil tətbiq heç də koronavirus xəstələrinin izlənilməsi üçün nəzərdə tutulmayıb, əksinə digər insanların koronavirusa yoluxma riskinin azaldılması istiqamətində hazırlanıb:

“İlk olaraq onu deyim ki, “E-Təbib” mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq. Bu proqram “Bluetooth” üzərindən çalışacaq və yalnız iki metrlik məsafədən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmamasını müəyyənləşdirəcək.

Proqramın istifadəsi çox sadədir. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edib qeydiyyat keçin.

Qeydiyyatdan keçdikdən sonra sizə “Bluetooth” sisteminin aktivləşdirilməsi üçün sorğu gələcək. Sistemi aktivləşdirdiyiniz halda (tövsiyə olunur ki aktivləşdirilsin) siz ictimai yerlərdə insanların çoxluq təşkil etdiyi məkanlarda olarkən (məsələn, sırada, dükanda və s.), ətrafınızdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq mesajı alacaqsınız. Aktivləşdirmədiyiniz halda isə mobil tətbiq sizə bu barədə bildiriş göndərməyəcək və siz tətbiqə yüklənən koronavirusdan düzgün qorunmağın yolları barədə maarifləndirici məlumatlardan istifadə edə biləcəksiniz”.

B.İsmayılovanın sözlərinə görə, proqramın sırf iki metrlik məsafədən potensial virus daşıyıcılarını müyyənləşdirməsinin səbəbi ictimai yerlərdə də iki metrlik sosial məsafənin tətbiq edilməsidir:

“İnsanlar arasında iki metrlik məsafənin olması yoluxma riskinin bir qədər aşağı sala bilir. Məhz bu səbəbdən mobil tətbiq iki metr aralıdan keçən COVİD -19 daşıyıcılarını müəyyənləşdirərək sizə qabaqlayıcı tədbir görməniz, ehtiyatlı olmağınız üçün həyəcan təbili olacaq. “Bluetooth” texnologiyası əsasında təyin edilən məlumatlar TƏBİB-in bazasına inteqrasiya ediləcək. Əgər təsadüfən infeksiya daşıyıcısı olan şəxs sizin yaxınlığınızdan keçibsə, sizə bu barədə bildiriş göndərilir. Qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə sizə laboratoriya testi vermək tövsiyə edilir. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı isə internet trafiki pulsuz olacaq”.

Bundan başqa gələcəkdə QR kod vasitəsilə də hər hansı ictimai məkanlara daxil olan zaman yoxlamalar aparılacaq. Artıq koronavirus daşıyıcıları barədə məlumatlar proqramın bazasına yükləndiyi üçün vətəndaş virus daşıyıcısıdırsa, sistem bu barədə məlumat verəcək. Həmin şəxsin də ictimai məkana daxil olmasının qarşısı alınacaq.

Qeyd edək ki, proqram yalnız mobil tətbiq proqramını yükləmiş şəxslər arasında çalışacaq. Eyni zamanda qeydiyyat keçən şəxslərin kimlikləri barədə məlumatlar anonim saxlanılır. Yalnız laboratoriya analizi verən zaman TƏBİB tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodu götürülür və vətəndaşlara da testin kodu verilir. Həmin kod vasitəsilə şəxs fərdi qaydada mobil tətbiq üzərindən analizlərinin nəticələrinə baxa bilər. Proqram koronavirus daşıyıcısı olan şəxsləri müəyyən etsə də, heç bir şəxsi məlumatları qeyd etmir.