Əfsanə ilə Amilin ibrətamiz hekayəti


Son aylar ərzində dünya siyasət və iqtisadiyyat gündəmini zəbt edən yeni koronavirus pandemiyası insanların gündəlik həyatını da büsbütün dəyişib.

efsane-ile-amilin-ibretamiz-hekayeti
03.06.2020 21:37 4 dəq oxuma

Tətbiq edilən karantin üzündən istədiyimiz vaxt istədiyimiz yerə gedə bilmirik, vaxtımızı daha çox evdə keçirməli oluruq. Bir çoxları nəzərdə tutduqları səfərləri, müxtəlif tədbirləri, o cümlədən xeyir-şər işlərini belə təxirə salmalı olublar.

Uzaq Moskva şəhərində yaşayan tələbə, gələcəyin həkimi Əfsanə və iqtisadçı Amil talelərini birləşdirmək qərarı verərək neçə vaxtdır toy hazırlığı görürmüşlər. Əfsanə könüllü olaraq koronavirus xəstələrini müalicə etməyə başlayandan sonra Amil də sevgilisinə daha çox dayaq olmaq üçün həmin xəstəxanaya işə düzəlir.

İki gənc “Report”un Rusiya bürosuna hekayələrini nəql ediblər:

Amil:

İxtisasca iqtisadçıyam, Q.Plexanov adına Rusiya İqtisad Universitetinin məzunuyam. Hazırda 15 nömrəli şəhər klinik xəstəxanasında daşıyıcı vəzifəsində çalışıram. Rusiyada pandemiya başlayandan nişanlım Əfsanə koronavirus xəstələrini sağaltmaq üçün ilk fürsətdə xəstəxanaya işə düzələcəyini deyirdi. Hansı xəstəxana olduğunun fərqi yoxdur, bütün fikri-zikri koronavirusa qarşı mübarizə aparmaq, insanlara yardım etməkdi. Təbii ki, mən buna qarşı çıxırdım, orada xəstəliyə yoluxmasından qorxurdum. Amma ona qadağa da qoymadım, çünki hələ tanış olmağımızdan əvvəl tibb institutunda oxuyub, bu peşənin xətalarına yaxşı bələddir.

Sözündə durub 15 nömrəli klinik xəstəxanasına işə düzəldi. Ondan çox nigaran qalırdım. Üstəlik, gah səhər saat 8-dən axşam 8-dək gündüz növbəsində, gah da gecə növbəsində işləyirdi. Bəzən isə hətta 24 saatlıq növbələrə qalırdı. Hər dəfə işdən gələndə onu əldən düşmüş, taqətsiz görür və özümə yer tapmırdım.


Yanında olmaq, ona mümkün qədər kömək etmək üçün xeyli müddət ərzində onun xəstəxanasına işə düzəlməyə çalışdım. Çünki məni görəndə gücünün birə beş artacağını bilirdim. Elə mən də onun bircə gülüşündən özümü ən xoşbəxt insan kimi hiss edirəm. Nəhayət, həmin xəstəxanada daşıyıcı vəzifəsi olduğunu öyrəndim və asanlıqla oraya düzəldim. Bu işdə adam özünü həm fiziki, həm də mənəvi cəhətdən sınayır. Günaşırı işə çıxıb 24 saat çalışırıq. Xəstələri bir otaqdan o biri otağa, ölənləri də morqa daşıyırıq. Xəstəxanadan buraxılan xəstələri də evə aparırıq. Nə qədər ağır da olsa, Əfsanənin məni görəndə sevinci, gülüşü mənə bütün əzab-əziyyətləri unutdurur. Aramsız işləyirəm, istirahət etmirəm, amma əsas odur ki, növbələr zamanı nişanlımla görüşə bilirəm. Onun növbələrində fasilələri birgə keçiririk. Orada Əfsanə nə qədər işləsə, mən də işləyəcəyəm.

İşə çıxanda geydiyimiz uniformada bədən qəti nəfəs ala bilmir. Əllərimizə azı iki cüt əlcək keçiririk, üzümüzə də taxdığımız respiratorda adamın nəfəsi daralır, gözlük yerləri tərləyir, odur ki, xəstəxana dəhlizlərində divarlara dəyə-dəyə, ya da bir-birimizi səsləyərək yeriyirik.

Bu koronavirus çıxmasaydı, çoxdan evlənmişdik. İndi isə heç toyumuzu nə vaxt keçirəcəyimizi bilmirik. Amma indi ki işlər belə tərs getdi, bunu da öz xeyrimizə çevirəcəyik. Hər bir işdə xeyir var. Məncə, evlənməzdən əvvəl sevgililər bir-birinə qarşı hisslərinin nə qədər səmimi olduğunu görmək üçün müəyyən sınaqdan keçməlidir. Biz də o xəstəxanada keçirdiyimiz hər dəqiqədə bir-birimizin qədrini daha yaxşı bilirik.

Əfsanə:

Tibb Universitetinin Müalicə işləri fakültəsinin təcili yardım həkimi ixtisasının son kursunda oxuyuram. Hazırda pandemiya ilə əlaqədar 15 nömrəli şəhər klinik xəstəxanasında tibb bacısı işləyirəm. Pandemiya başlayanda biz tələbələrə infeksion xəstəxanalarında köməkçi qüvvə kimi müddətli müqavilə ilə işləməyi təklif etdilər. Mən də daxilən hazır olduğum üçün belə bir fürsətə çox sevindim. Çünki xəstələrə, həkimlərə kömək etmək imkanı ola-ola rahat evimdə otura bilməzdim.


Evdəkilər də, nişanlım da belə ağır şəraitdə işləməyimə razı deyildilər, amma mənim bu seçimimə hörmət göstərib onunla razılaşdılar. Növbələrdən qayıdanda mənə çox ürək-dirək verir, məni qoruyurlar.

Bir müddət sonra xoş sürpriz oldu. Nişanlım da məni dəstəkləmək üçün heç kəsə bir kəlmə demədən gəlib bizim xəstəxanaya işə düzəldi. Elə sevinirdim ki, bunu sözlə ifadə edə bilmərəm. Arxamda böyük bir dəstək qüvvəsini hiss etdim. Hərçənd, əlbəttə ki, ondan çox nigaranam, çünki belə işdə yoluxma ehtimalı yüksəkdir. Amma belə baxanda hər yerdə yoluxmaq olar. Ona görə də biz vəziyyəti çox böyütmədən sadəcə çiyin-çiynə verib əlimizdən gələni etməyə çalışırıq.

Bəli, belə şəraitdə işləmək çətindir. Lakin problemə qarşı mübarizə aparmaq da lazımdır. Çünki bu problem təkcə xəstələrə, yaxud həkimlərə aid deyil, bütün cəmiyyətin problemidir. Xəstələrin üzü güləndə hiss etdiyim sevinc, təskinlik, mənəvi rahatlıq duyğuları nəyə desəniz dəyər. Hələ sağaldıqlarını öyrənib necə sevinmələrini, axşamdan evə qayıtmağa hazırlaşarkən asudə şəkildə deyib-güldüklərini görəndə adama sanki dünyanı bağışlayırlar.

Amilin də işi asan deyil, xəstələri lazımi yerlərə daşıyır, evə buraxılanları da müşayiət edir. Mənə elə gəlir ki, onda da həkimlik keyfiyyətləri var, çünki o cür işə hər kəs tab gətirməz. Bu cür ağır işə qatlaşmaq, məsuliyyətini dərk etmək üçün adamın həkim peşəsinə müəyyən qədər meyli olmalıdır.

Xəstələrin hər birindən muğayat olan, qayğılarını ondan əsirgəməyən bütün səhiyyə işçiləri qarşısında baş əyirəm. Peşəkarlıqla, namusla çalışdıqlarına, ürəklərinin hərarətini ortaya qoyduqlarına görə bütün həkimlərə, o cümlədən 15 nömrəli şəhər klinik xəstəxanasının heyətinə səmimi qəlbdən təşəkkür edirəm. Bu xəstəxanada qazandığımız dəyərli təcrübə ömürboyu karımıza gələcək.

Hər kəsə möhkəm cansağlığı arzulayıram. Çalışın xəstələnməyin!