Koronvirus pandemiyası dövründə də bütün iş yerlərini bir dəqiqə olsun saxlamadan fəaliyyətini bərpa etmək olar.
Bunu “Ölkə.Az”a açıqlamasında həkim, uroloq-androloq Vasif İsmayıl sərt karantin rejiminin davam etdirilib-etdirilməməsinin əhəmiyyəti ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu çox asan məsələdir. “İnsanlar qaydalara riayət etməlidir vəssalam. Qaydalara riayət etmə mədəniyyətini öyrənməliyik. Nə qədər ki, bu mədəniyyət formalaşmayıb, məcbur olub sərt karantin rejimi tətbiq olunacaq. Bir misal çəkim, alov nə qədər təhlükəli olsa da, insanlar artıq min illər boyudur alovla istifadə mədəniyyətinə yiyələniblər. Ona görə də ondan qorxmurlar. Ən kiçik uşaq belə evdə alovdan istifadə etmə qaydalarını bilir. Koronavirus da bunun kimi bir şeydir. Bu bir mədəniyyət formasıdır. Biz artıq bu virusla birgə yaşamaq mədəniyyətini öyrənməliyik”, - Vasif İsmayıl vurğulayıb.
V.İsmayıl hesab edir ki, sərt karantin rejimi ləğv edilməlidir: “Bəs o zaman Azərbaycanda niyə karantin rejimi Avropa ölkələrindən fərqli olaraq yumşaldılmır sərtləşdirilir. Çünki Avropa ölkələrində qaydalara riayət edilir. Artıq həmin ölkələrdə koronavirusla birgə yaşamaq qaydalarına əməl edilir.
İnsanlar bunu mənimsədilər. Ancaq Azərbaycanda fərqli situasiyadır. İnsanlarımız virusla yaşamaq qaydalarını mənimsəməyiblər, bu qaydalarla yaşamaq istəmirlər. Ona görə də sərt karantin qaydaları tətbiq olunur. Qaydalara riayət olunarsa, təbii ki, bizdə də qaydalar yumşaldılar.
Təbii ki, bölgələrə gediş-gəliş bərpa olunmalıdır. İnsanlar təbiət qoynuna çıxmalı. Günəş qəbul etməli, dənizə getməlidir. Ancaq bunun da bir qaydası, mədəniyyəti var. Əgər insanlar virusla yaşamaq qaydasını öyrənməyiblərsə, o zaman müsbət nəticə əldə edilməyəcək. Gedib qapalı məkanlarda ad günlərində, yas mərasimlərində, qələbəlik yerlərdə maska istifadə etmədən, sosial məsafə gözləmədən iştirak edəcəklərsə, oradakı insanlarla öpüşüb-qucaqlaşacaqlarsa müsbət nəticə olmayacaq. Əksinə virusa yoluxma halı daha da çoxalacaq. İnsanlarımız qaydalara əməl etməkdə cığallıq edirlər”.
O hesab edir ki, artıq virusla yaşamağı bir həyat tərzinə çevirmək lazımdır: “Bundan sonrakı illərdə də virus olacaq. Odur ki, nə qədər gec deyil, bu mədəniyyət bizdə də formalaşmalıdır. Biz virusla birgə yaşamaq həyat tərzinə öyrənməliyik. Bunun başqa yolu yoxdur”.
V. İsmayıl onu da əlaəv edib ki, koronaviruslu xəstələr dörd kateqoriyaya bölünür: “Yüngül, orta, orta ağır və ağır, yəni süni aparata qoşulma. İlk mərhələdə yüngül və orta formalı xəstələrə evdə müalicə ala bilərlər”.
Yüngül xəstələrin evdə müalicə qaydasına gəldikdə V. İsmayıl bildirib ki, ilk növbədə qaydalara riayət eməklə maska və sosial məsafədən, sosial izolyasiya qaydalarına əməl olunmalıdır: “C və D vitamini qəbul etmək lazımdır. Bunu da həkim məsləhətinə uyğun olaraq qəbul edilməlidir. Çox olmaz. Çoxlu maye qəbul etmək, dincəlmək lazımdır. İmmuniteti gücləndirmək üçün kalorili yeməklər yemək lazımdır. İnsan gündəlik normasını 3 dəfəyə deyil, 4 dəfəyə qəbul etməlidir. Bu zaman bədəndə tarazlığı qorumaq üçün ət məhsulları ilə yanaşı, meyvə-tərəvəz qəbul edilməlidir”.