Əlil arabasında məzunun müəllimi ilə rəqsi necə yarandı? - Özəl Müsahibə - FOTO/VİDEO


Əlil arabasında rəqsi ilə trendə çevrilən “Son Zəng” görüntüləri çox düşüncələrə son qoydu.

elil-arabasinda-mezunun-muellimi-ile-reqsi-nece-yarandi
15.06.2025 12:15 3 dəq oxuma

Bu il Azərbaycanda keçirilən “Son Zəng”dən yayılan görüntülər daha maraqla qarşılandı. Məktəblərdə  məzunların çıxışları, rəqsləri  sosial şəbəkələrdə yayıldı. Bunların içində bir görüntü var idi ki,  qısa zamanda respublikada böyük rəğbət qazandı və sürətlə yayıldı.

Rəqs müəllimi Ceyhun Cəlilov11-ci sinif şagirdi Aytac xanımın rəqsi cəmiyyətdə maraqla qarşılandı. Axı, fiziki məhdudiyyətli məzunun rəqs müəllimi ilə çıxışı heç də cəmiyyətin alışdığı bir görüntü deyildi.

Sadə bir rəqs  fiziki məhdudiyyətli şəxslərin də bu cəmiyyətin ayrılmaz bir parçası olduğunu bir daha xatırlatdı. 

Çox hallarda fiziki məhdudiyyəti olan uşaqlar ümumi tədbirlərdən kənar qalırlar. Valideynlər bəzən ətrafın verəcəyi reaksiyadan çəkinirlər. Amma “Son zəng” günü Bakı şəhərində məktəblərin birində çəkilən görüntü bu problemi dərindən həll etdi. Fiziki məhdudiyyətli uşaqlar da digər uşaqlar kimi rəqs edə bilirlər. Sadəcə müəllim və valideynlərin dəstəyi çox önəmlidir.

"Problem məhz fiziki məhdudiyyətdə deyil, dəstəkdədir"

Xəzər rayonunda özəl rəqs məktəbi və  Çinar Tədris Mərkəzində  rəqs dərsləri keçən Ceyhun Cəlilovun əlil arabasında olan məzun Aytac xanımla  rəqsi  fiziki qüsuru əskiklik kimi qəbul edənlərə cavab verdi.

“Onların bizdən heç bir fərqi yoxdur. Tək problem cəmiyyətin münasibətindədir” deyən,  gənc rəqs müəllimi Ceyhun Cəlilov TurpKimi.com saytına açıqlama verib.

Ceyhun müəllim ölkənin “Son Zəng” gündəmini etdiyiniz rəqslə tamamilə dəyişdiz. Bütün sosial mediada sizin rəqsiniz sürətlə yayıldı. Əlil arabasında olan məzunla müəllimin rəqsi heç də öyrəşdiyimiz bir görüntü deyil. Bu necə oldu? Aytac xanımla rəqs kompozisiyası hazırlamaq ağlınıza hardan gəldi?

Bir gün mənə bir zəng gəldi. Valideyn qızının bu il məzun olacağını və “Son zəng” də rəqs etmək istədiyini dilə gətirdi. Tək problem qızının əlil arabasında olduğunu bildirdi. Mən  etiraz etmədim,  valideyni və Aytacı dəvət etdim. Valideyin məndən cəmi 1-2 dəqiqəlik rəqs kompozisiyası istəmişdi.  Biz məşq etdik. Amma biz məşq etdikcə rəqsimiz gözəl alınmağa başladı. Hərəkətləri düşünüb əlil arabasına uyğun şəkildə hazırladım. İlk dərsdən yaxşı alınmadı. Problem əlil arabasında idi,  onu da valideyn müəyyən qurumlara yazaraq əldə etdi. Yeni araba rəqs etmək üçün uyğun vəziyyətə gətirildi və biz məşqlərə başladıq. 7 dərsə artıq hazır idik. Mən rəqsin belə məşhur olacağını heç düşünməmişdim. Biz məzun günündə çıxış etdikdən sonra mənə zənglər gəldi.

Açığı mənim ağlıma da gəlməzdi ki, rəqsimiz böyük əks-səda yarada bilər. Çünki fikirləşirdim ki, valideyndən icazə alım, sonra paylaşım edim. Mənim də xəbərim olmadan  çıxışımızı  aktiv Tik-Tok soial şəbəkə istifadəçisi məktəbdə çəkərək paylaşıb. Görüntülər tez bir zamanda yayılıb. Görüntülərin valideynin qız uşağı olduğuna görə yayılmasına etiraz edə biləcəyini düşünürdüm. Çıxışdan dərhal sonra belə sürətlə yayılacağı ağlıma belə gəlməzdi.

Ceyhun müəllim,  bundan sonra fiziki məhdudiyyətli şəxslərə rəqsi öyrətmək haqda nə düşünürsünüz?

Aytacla biz başqa kompozisiyalar da hazırlamağı düşünürük.  Onlar  kütləvi tədbirlərdən heç də geri qalmamalıdırlar. Böyük əzm, güclü istək və dəstək olandan sonra insanın bacara bilməyəcəyi heç nə yoxdur. Fiziki qüsur rəqs etməyə əngəl deyil.

Videoya buradan baxa bilərsiniz.

https://youtube.com/shorts/y04y8mMzJGs?si=PMhNr6LaRcpkPjIs

Vüsalə Əlövsətqızı, TurpKimi.com