Əgər indi uşaqlar əl ilə yazmağa vərdiş etməsələr, gələcəkdə onları bu problem gözləyir...
Texnologiyaların inkişafı nəticəsində indiki nəslə mənsub olan uşaqlar get-gedə daha çox hallarda əl ilə yazmaqdan imtina edirlər. Mütəxəssislərin fikrincə, bu səbəbdən, uşaqlarda əl ilə yazmaq vərdişi yaranmır.
Mütəxəssislərin fikrincə, bu trendin sabitləşməsi gələcək nəsillərin beynində dəyişiklik yaradacaq.
Əl ilə yazma vərdişləri kiçik motorikanın və insan beyninin inkişafının çox mühüm funksiyası ilə bağlıdır. Kalliqrafiya (xəttatlıq) sahəsində ekspert Yuri Koverdyayevin fikrincə, əl ilə yazmaqdan hazırda müşahidə edilən dərəcədə imtina edilməsi təhlükəli olmayacaq, lakin o, insanlara, xüsusən uşaqlara hökmən mənfi təsir göstərəcək.
Koverdyayev göstərir ki, texnologiyalar inkişaf etdikcə müasir insanlar arasında müşahidə olunan təkcə onların əl ilə yazmaqdan imtina etməsi deyil. Hətta klaviaturda mətn yığarkən əl ilə işləmək istəməyən, səsli məlumatlara üstünlük verən insanların da sayı tədricən artır. Nəticədə adamlar mətni əl ilə yazmağı yadırğayırlar.
Ekspert deyib: "Bu, uşaqlar üçün və gələcəkdə onların uşaqları üçün təhlükəlidir. Əgər indi uşaqlar əl ilə yazmağa vərdiş etməsələr, onlar öz uşaqlarına əl ilə yazmağı öyrədə bilməyəcəklər".
2017-ci ildə Böyük Britaniyada aparılmış araşdırma nəticəsində məlum olub ki, insanlar əl ilə yazmağı tərgidirlər və çox ehtimal ki, gələcəkdə bu vərdiş tamam sıradan çıxacaq. Mütəxəssislər hələ o vaxt bildiriblər ki, müasir insanların ən çoxu qısa qeydləri və ya xatırlatmaları qələmlə yazırlar. Hazırda yaşlı insan orta hesabla ay yarımda bir dəfə əl ilə yazmağa başlayır, yaşlı insanların orta hesabla üçdə bir hissəsi yarım ildə cəmi bir dəfə əl ilə yazır.
AzərTAC