Qış üçün konservləşdirilimiş tərəvəz salatlarının hazırlanmasında, turşuların qoyulmasında, müxtəlif yeməklərin bişirilməsində sarımsaqdan çox istifadə edirik.
Bu faydalı tərəvəzin bir pis cəhəti var, o da qoxusunun kəskin və qalıcı olmasıdır.
Dadlı yemək və salatları, turşuları hazırlayarkən əllərinizdən gələn sarımsaq qoxusunu təmizləmək mümkündür.
TurpKimi.com əllərinizdən sarımsaq qoxusunu necə aparmaqdan yazacaq.
Limon
Soyuducuya qoxuların qarışmaması üçün limon qoyuruq. Yaxşı, bunu niyə əlimizdə də istifadə etməyək?
Təzə limonu bıçaqla doğrayın və əllərinizi limonla ovuşdurun. Əlinizdə kəsik varsa, göynədəcək, amma limonun içindəki turşu əlinizdəki sarımsaq qoxusunu da aparacaq.
Soda (karbonat)
Soda da eynilə limon kimi qoxuları aparır. Karbonat və suyu qarışdıraraq məcun hazırlayın. Daha sonra bu məcunla əllərinizi ovuşdurun, xüsusilə də barmaq uclarınızı. Ya da bir qab suya bir qaşıq soda atın və əllərinizi bu suyun içində bir neçə dəqiqə saxlayın.
Super paslanmaz
Əllərinizdəki sarımsaq qoxusunu aparmağın ən yaxşı yolu paslanmayan poladdan istifadə etməkdir. Bir paslanmayan polad qaşıq götürün və axan soyuq suyun altında əllərinizi bu qaşıqla ovun. Nəticəyə inana bilməyəcəksiniz!
Diş pastası
Diş pastası yalnız ağızınızdakı sarımsaq qoxusunu aparmır, eyni zamanda əllərinizi də bu qoxudan təmizləyir. Bir az diş pastasını əlinizə sürtün və yaxşıca ovuşdurun, daha sonra durulayın.
Eyni taktikaları balıq və soğan qoxularından xilas olmaq üçün də istifadə edə bilərsiniz!
Vüsalə Əlövsətqızı, TurpKimi.com