Əslində kişilər güclü qadınları sevir, amma zəiflərlə evlənir - Əvəzolunmaz qadın KİMDİR?


Kişi üçün güclü qadın kimdir?

eslinde-kisiler-guclu-qadinlari-sevir-amma-zeiflerle-evlenir
25.09.2022 15:11 4 dəq oxuma

“Kişilərin əksəriyyəti özlərindən gücsüz olan qadınları seçirlər, lakin onlara əsla aşiq olmazlar. Kişilər ağıllı və güclü qadınlara aşiq olurlar”.

Hakan Mengüc – “Ben Ney`im” kitabından...

Əvvəlcə bir qədər kişilərdən və kişilərə görə güclü qadının kim olduğundan bəhs etmək istəyirəm.

Kişilər qadınların necə göründüyünə çox əhəmiyyət verirlər və həddindən artıq bundan təsirlənirlər. Qadının həmin an makiyaj sayəsində gözəl olduğunu, dabanlı ayaqqabı sayəsində uzun göründüyünü və gözlərinin linza hesabına mavi olduğunu bildiyi halda xarici görünüşün cazibəsindən çox təsirlənirlər. Zahiri görünüş ilk ünsiyyəti qurmaqda güclü faktor olsa da, münasibətlərin davam etməsinə kifayət etmir. Ona görə də cütlüklər münasibətlərinin başlanğıcında istər qadın, istərsə də kişi xarici görünüşə çox əhəmiyyət verər, lakin bir müddətdən sonra həmin marağını itirər. Hətta daha sonra xarici gözəllik çox da vacib olmaz.

“İnsan bir müddət sonra hər şeyə öyrəşir və mükəmməl olan belə adiləşməyə başlayır”.

Bir daha xüsusi vurğulayaraq qeyd etmək lazım gələrsə, zahiri cazibə münasibətə başlamaq üçün sürətləndirici faktor olsa da, münasibətləri qorumaq və davam etdirmək cəhətdən kifayət etmir.

Bəs kişilər hansı qadınlardan təsirlənirlər, hansı qadınlar kişilər üçün əvəzolunmazdır?

Hər şeydən əvvəl bunu bilməlisən ki, bir kişi qadına bağlanmaq istəyir. Bağlanmağın təməlində duran hiss isə heyranlıqdır. Yəni bir kişi qarşısındakı qadına heyran olursa, qurulacaq münasibət də  uzun müddətli olacaq.

Dünya mediasının şou xəbərlərində bir-birinə yaraşdırılmayan bir çox məşhur simalar vardır: “Bu çirkin qadında nə tapmısan? Bu yaraşıqlı kişinin adi görünən bir qadının yanında nə işi var? Gənc qızdır, özündən neçə yaş böyük adamla birlikdədir”.

Bu fikirlər sizə yad gəlmir, elə deyilmi? Çünki zehni və duyğusal olaraq münasibətləri dəyərləndirmə gücümüz bu qədərdir. Xarici görünüş hər nə qədər vacib olsa da, münasibətləri davam etdirməyə yetməz. Münasibətləri davam etdirən dinamiklər fərqlidir. Fiziki olaraq bir-birinə yaraşdırılmayan cütlüklərin böyük sevgi yaşamalarının arxasında heyranlıq duyğusu yatır. Yanındakı qadına heyran olan bir kişi üçün qadının yaşının da, necə görünməsinin də, nə qədər gözəl və ya cazibədar olmasının elə də əhəmiyyəti yoxdur.

Bəzi qadınlar mədəniyyətiylə, bəziləri ağlıyla, bəziləri incəliyi ilə, bəziləri həyat fəlsəfəsiylə, bəziləri coşqularıyla, bəziləri qabiliyyətləriylə, bəziləri nəyisə həll etmək bacarığı ilə kişini özünə heyran qoyur.

“Qadınlar güclü kişi istəyir” sözlərini bəlkə də çox eşitmisiniz. Lakin çox dilə gətirməsələr də, əslində kişilər də güclü qadın istəyir... Güclü qadınlara heyran olurlar, bağlanırlar. Hər kişi evlənəcəyi qadının güclü olmasını istəyir.

Biz kişilər hər nə qədər güclü görünməyə çalışsaq da, hər birimizin əksiklikləri və zəif tərəfləri var. Ona görə də güclü bir qadın uzun müddətli münasibətlərdə kişilər üçün əvəzolunmazdır.

Kişi üçün güclü qadın kimdir?

Öz ayaqları üzərində dura bilən, başqasına möhtac olmayan, qadınlığını itirməmiş, cəlbedici, planlama bacarığı olan, kişinin zəif olduğu məqamlarda ona kömək edən, əməkdaşlıq edən, nəyisə təşkil etmək qabiliyyətinə sahib, hamısından vacib ağıllı bir qadın, əlbəttə güclü bir qadındır.

Çoxlu sayda kişi pasiyentlərim olub. Əksəriyyəti güclü kişilərdir və sevgidən əziyyət çəkdikləri üçün məndən kömək almağa gəliblər. Kimisi milyon dollarlıq şirkətləri idarə edir, kimisi Türkiyədə xeyli tanınmış sənətçidirlər. Hamısı da özlərindən daha ağıllı qadınlara aşiq olublar. Hətta biri zəif görünməmək üçün sevgisini etiraf edə bilmədiyindən əziyyət çəkirdi, biri də rədd edilmə qorxusundan qadına yaxınlaşa bilmirdi. Lakin hamısının ortaq nöqtələri var idi: özləri kimi olan bilən azad ruhlu qadınlara aşiq olmuşdular.

Qısacası, bir kişinin səni sevməsi üçün onun hər istədiyini yerinə yetirmək məcburiyyətində deyilsən. Sənə başqalarını yamsıla demirəm, sadəcə özün kimi ol. “Özüm kimi olsam məni sevməz”, - deyə düşünürsənsə, o zaman yanlış ünvandasan. Səni özün olduğun üçün sevməyən bir adam, ondansa heç sevməsin. Bir-biriniz üçün düzgün seçim deyilsiniz.

Onun istədiyi kimi bir qadın olmağa çalışmaq, sənə kim olduğunu unutdurar. Sənə qarşı haqsızlıqdır, özünü təhqir etmiş olarsan sadəcə. Nə qadın, nə də kişi... kimsə digəri üçün dəyişməməlidir. İnsan özü üçün dəyişər, inkişaf edər, böyüyər və istedadını üzə çıxarmağa çalışar. Sən bu dünyaya onun istədiyi qadına çevrilmək üçün gəlməmisən. Eyni şəkildə, o da sənin istədiyin kişi olmaq üçün doğulmayıb.

Ancaq özümüz kimi ola bilsək, xoşbəxt ola bilərik.

Bir almanın yarısı olmağa çalışma. Siz iki ayrı almasınız...İki ayrı çiçək...Birləşdiyinizdə buket olursunuz.

Təbiiliyinizi, özəlliklərinizi itirmədən iki ayrı çiçəyin birləşərək yaratdığı buket ola bilmək münasibətlərdəki tarazlığın təməlidir.

Cütlüklər arasındakı münasibət dünya təcrübəsinə görə ən müqəddəs və ən həzverici anlardan biridir. Bu bənzərsiz anlar uğruna əsla kimsənin köləsi olmağı gözə alma.

Həzrəti Əli gözəl deyib: “Allah səni azad yaratdığı halda, başqasının köləsi olma!”

Kişinin də, qadının da gücsüz tərəfləri vardır. Hər birimiz nədəsə zəifik. Əlbəttə ki, bir-birimizə ehtiyacımız var. Mövlananın bir sözü vardır: “Bu yollar yalnız gedilməz”. Dünya aləmində sıxlığın mövcud olduğu bir yolla keçirik. Bir-birimizin varlığına, əksik tərəflərimizi tamamlayan güclərə, enerjilərə ehtiyacımız var. Ona görə də münasibətlər həyatımızın ən vacib hissəsini təşkil edir.

Unutmayın ki, yalnız olarkən də xoşbəxt ola bilən insanlar sağlam və dayanıqlı münasibətlər yaşaya bilirlər. Özüylə barışan, gözəl vaxt keçirə bilən, yaşadığı həyatdan məmnun olan, kimsəyə yaslanma və ya bağlanma hissi duymayan qadın və kişilər uzun müddətli və xoşbəxt münasibətlərin memarıdırlar.

Nazim Hikmətin dediyi kimi:

“Mən sənsiz də yaşayaram, amma səninlə bir başqa yaşayaram”.

Yazılıb: 29.08.2020-ci ildə

Firuzə Alimova / TurpKimi.com