İkinci əl maşınlar satılarkən çox vaxt tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmır və satıcı alıcıya maşını idarə etməsi üçün etibarnamə verir.
Daha sonra satıcının hansısa məhkəmə problemi olduqda, məsələn onun əmlakına həbs qoyulduqda həbs həmin avtomobilə yönləndirilir. Amma satıcı artıq maşını alıcıya satmış olsa da, arada bir yazılı alğı-satqı müqaviləsi olmadığına və maşın DYP-də alıcının adına keçirilmədiyinə görə, maşın hələ də rəsmi sənədlərdə satıcının adına olur.
Bəs bu problem necə həll olunmalıdır?
Məsələ ilə bağlı danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, baş inspektor, mayor Araz Əsgərli Referans.az-a açıqlamasında bildirib ki, etibarnamə verən şəxs əgər həmin əmlakı onun adına keçirməyibsə, o etibarnamə verənin adında qalır:
"Yəni əgər sabah həmin adam ölsə, boşansa, adamın banka borcu olsa, cinayət məsuliyyətinə cəlb olunsa və ya hər hansı bir mülki mübahisə yaransa, avtomobili etibarnamə ilə alan şəxs problem yaşayacaq. Buna görə də biz hər dəfə vətəndaşlara müraciət edirik ki, əmlakınızı öz adınıza keçirin ki, əlavə problemlər yaranmasın. Etibarnamə ilə alınan avtomobil sizin əmlakınız sayılmır".
Hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, daşınar və ya daşınmaz əmlakın şəxslər arasında bir birinə ötürülməsi yalnız alqı-satqı müqaviləsi əsasında həyata keçirilməlidir:
"Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra müvafiq qeydin dövlət reyestrində qeydə alındığı andan həmin şəxsə həvalə olunmuş hesab olunur. Etibarnamə ilə hər hansı bir alqı-satqı əməliyyatının aparılması yalnız o halda nəzərdə tutukmuşdur ki, əmlakını digər bir şəxsin səlahiyyətinə etibar edən mülkiyyətçi həmin əmlakın yalnız tamamilə 3-cü şəxsə satışı üçün nəzərdə tutulmuş bir hərəkətlərin edilməsi icra edə bilər. Amma birmənalı şəxs hər hansı digər bir şəxsə etibarnamə verirsə, həmin şəxs əmlakı öz adına rəsmiləşdirə bilməz. Istənilən halda etibarnamə ilə alğı-satqının aparılması qanunvericiliklə yol verilmir".
Hüquqşünas qeyd edib ki, etibarnaməni vermiş şəxs çox qısa bir müddətdə, pulu aldıqdan sonra gedib həmin etibarnaməni notariusda ləğv elətdirə bilər. Onun sözlərinə görə, şəxs ləğv elətdirdiyi andan da həmin əmlak etibar olunan şəxsin əlindən alınmış hesab olunur: "Eyni zamanda etibar edən şəxsin gələcəkdə hər hansı bir borcu olduğu təqdirdə icra xidməti tərəfindən onun əmlakının müəyyən olunması ilə bağlı müvafiq sorğular verildikdə həmin əmlak şəxsin öz adına çıxır və əmlakın üzərinə həbs qoyula bilər və ya qeydiyyatla bağlı məhdudiyyət qoyulə bilər".
Bundan başqa şəxs boşunduğu zaman birgə nikah dövründə əldə olunmuş əmlakdırsa, bölünmə predmenti təşkil edir və nəticədə etibarnamə kimə verilmişdisə həmin şəxs öz əmlakından məhrum olunmuş olur - deyə Ramil Süleymanov əlavə edib.