Ətirli şamlar evdə sakit və hüzur verən atmosferin yaradılmasında böyük rol oynayır.
Ancaq bu xoş qoxuların sağlamlıq üçün təhlükələri də var.
Parafin tərkibli şamlar yandıqda formaldehit və toluen kimi zərərli kimyəvi maddələr buraxır. Uzun müddət bu maddələrə məruz qalmaq baş ağrısı və tənəffüs problemlərinə yol aça bilər.
TurpKimi.com xəbər verir ki, stressi azaltma vasitəsi kimi istifadə edilən şamlar baş və əzələ ağrıları kimi problemləri də yüngülləşdirə bilər. Lakin kimyəvi tərkibinə görə havanı çirkləndirməsini də unutmamaq lazımdır. Ətirli şamların yaydığı uçucu orqanik komponentlər kanserogen maddələr ehtiva edir. Bu da baş gicəllənməsi, ürək bulanmasına səbəb olar.
Şamların saxlamlığa təsiri hansı sıxlıqda istifadə edildiyindən, evin ventilyasiyasına və fərdlərin kimyəvi maddələrə qarşı olan həssaslığına görə dəyişir. Astma və ya allergik xəstəliklərdən əziyyət çəkən fərdlər bu maddələrə qarşı daha həssas olurlar. Xüsusilə uşaqlar tənəffüs sistemi inkişaf mərhələsində olduğu üçün daha çox risk altındadırlar.
Hansı şamları seçməliyik?
Keyfiyyətli və təbii tərkibli şamlar sağlamlığımız üçün daha yaxşı alternativ təqdim edir. Parafin şamların yerinə, soya və ya bal mumu kimi təbii vasitələrdən hazırlanmış şamlar seçilməlidir. Bu şamlar daha az toksik maddə yayar və ümumiyyətlə uzun müddət yanarlar. Təbii yağlarla ətirləndirilmiş şamları seçmək kimyəvi təsiri azaldar.
Əgər şamı yandırısınızsa, otağı yaxşı havalandırmalısınız. Ya da öz təbii şamınızı evdə hazırlayaraq həm sağlamlığınızı qoruya, həm də fərdi zövqünüzə uyğun qoxuları yarada bilərsiniz. Unutmayın, hüzur istəyərkən, dincliyin dadını çıxararkən sağlamlığınızı da qorumaq sizin əlinizdədir!
Vüsalə Əlövsətqızı, TurpKimi.com