Ətraf mühiti, gələcəyimizi qorumaq üçün edə biləcəyiniz 7 şey
Gələcək nəsillərə daha təmiz bir dünya miras qoymaq üçün gündəlik təkrarlanan bəzi şeylərə kiçik bir dəyişiklik etməklə nail olmaq olar. "Bir mənlə heç nə olmaz" kimi düşüncələri kənara qoyun.
Allahın bizə bəxş etdiyi gözəllikləri, saflığı qorumaq da, çirkləndirmək də, məhv etmək də insanın əlindədir. Bir yeri gözəlləşdirmək kimi seçimimiz varsa, axı niyə korlamağı seçək?
Gündəlik olaraq təkrarlanan bəzi proseslərə kiçik düzəlişlər etməklə dünyanı xilas etməkdə sizin də payınız ola bilər.
Son zamanlarda dünyada istiliyin artması, temperaturun enməsi, daşqınlar, quraqlıq, fəlakətlər, meşə yanğınları durmaq bilmir. Sanki təbiət özü insanlardan qisas almağa başlayıb.
TurpKimi.com ətrafı qorumaq üçün gündəlik həyatda edə biləcəyiniz bəzi dəyişikliklərin siyahısını hazırlayıb.
1. Milyardlarla litr təmiz suyun boş yerə axmasını dayandırın
Araşdırmalara görə, diş fırçalayarkən açıq buraxılan hər bir krant 10-12 litrə qədər təmiz içmli suyun israf olmasına, hədər getməsinə səbəb olur. Dişləri fırçalayarkən krantı bağlamaq kimi kiçik bir toxunuşla dünyada içməli suyun boş yerə axmasına mane olacaqsız.
2. Nəqliyyat vasitələrindən ətrafa yayılan çirkliliyin qarşısını alın
Evə, ya iş yerinə yaxın məsafədə olanlar avtomobildən istifadə etmək yerinə piyada gəzməyi seçə bilərlər. Bu həm sizin sağlamlığınız, həm də cibiniz üçün faydalı olacaq. Pandemiya dövründə maşınlara qoyulan qadağalar zamanı təbiətin necə də öz-özünü təmizlədiyinin şahidi olduq. Uzun illərdən bəri, hava çirkliliyi səbəbindən görünməyən zirvələr kilometrlərcə uzaqdan aydın gözlə göründü.
Nəqliyyatdan, avtomobildən yalnız uzaq məsafələrə getmək üçün istifadə etmək olar.
3. Boş yerə sərf olunan enerjiyə "dayan" deyin
Komputer kimi elektronik əşyaları yuxu rejimində qoymaq yerinə tamamilə bağlamaq, ofislərdə və evlərdə istifadə edilən çay və qəhvə maşınlarını davamlı olaraq açıq qoymamaq, enerjiyə qənaətli lampalar istifadə etmək, enerji sərfi aşağı olan məişət avadanlıqları, elektronik avadanlıqları seçmək həm enerjinin boşa getməsini dayandırmaq, həm də ətraf mühiti qorumaq üçün atılan ən sadə, amma əhəmiyyətli addımlardandır.
4. Daha az kağız istifadə edin
Pandemiya ilə birlikdə evlərə və ofislərə verilən yemək sifarişində də artım müşahidə edildi. Evə və ya ofisə yemək sifarişi verildikdə plastik çəngəl-bıçaq istəməyərək, kserekopiyadan çıxan kağızların arxa üzlərindən də yazı məqsədilə istifadə etmək və kağız stəkandan istifadə etməyərək ağacları və ətrafı qorumaq mümkündür.
5. Plastik qablardan istifadəni məhdudlaşdırın
Plastik məhsulların təbiətdə çürüməsi üçün yüz illər lazımdır. Plastik məhsullardan imtina etməklə təbiəti qorumaq adına ilk töhfəni vermiş olursunuz.
Külək əsəndə havada uçuşan plastik torbaların ağaclarada ilişib qaldığının şahidi oluruq. Dənizdə canlıların həyatı üçün risk yaradan plastik çöplərin də şahidi olmuşuq. Plastik torbalar yerinə bez torbalar və ya səbətlər istifadə etmək, suyu plastik qabdan içməyin əvəzinə şüşədən istifadə edərək istehlak etmək, plastik əşyaları birbaşa zibil qutusuna atmaq yerinə, evə ya da işyerinə yaxın bir geri çevrilmə, təkrar emal qutusuna atmaq kimi sadə addımlarla plastikin ətrafa verdiyi zərərləri azaltmaq mümkündür.
6. Tullantıları təhlil edin
Geri çevrilmə ilk növbədə evdən başlayır. Evdən çıxan tullantıları şüurlu şəkildə dəyərləndirmək lazımdır. Kağız, şüşə, plastik tullantıları öz qutularına atmaq kimi seçiminiz var. Artıq Azərbaycanda da mərkəz hissələrdə təkrar emal qutuları yerləşdirilib.
7. Tullantı yağları tualetlərə tökməyin
Ölkəmizdə hər il yüz minlərlə ton tullantı yağ və kimyəvi maddə təbiətə buraxılır. Unudulmamalıdır ki, tualetlərə tökülən hər 1 litr tullantı yağ 1 milyon litr təmiz suyu çirkləndirir. Kimyəvi tullantıların ətrafa verdiyi zərərin qarşısını almaq üçün evdə mümkün olduqca kimyəvi təmizləyicilər yerinə soda, limon duzu, ağ sirkə kimi təbii təmizlik vasitələrindən seçməkdə fayda var.
Hər kəs özündən sonrakıları fikirləşərək addım atsa bu dünya bədbinlikdən, çirklilikdən xilas olar. Başımızı yuxarı qaldırıb səmanı mavi, ulduzları parlaq görmək istəyiriksə təbiəti qorumaq üçün hamımız bir nəfər kimi qolumuzu çirmələməli, qorumağı vərdişə çevrilməliyik.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 21-12-2021