Ev şəraitində ləzzətli, şəfalı, təbii üzüm sirkəsi necə hazırlanır? - Marketdən almağa son


Marketdən alınan və evdə hazırlanan üzüm sirkəsi arasında yerlə göy qədər fərq var. 

ev-seraitinde-lezzetli-sefali-tebii-uzum-sirkesi-nece-hazirlanir
11.09.2022 21:16 4 dəq oxuma

Allahın insanoğluna bəxş etdiyi nemətlərdən biri də üzüm sirkəsidir. Bu nemətin bəzən fərqində olmuruq.

Xüsusilə  turşularda geniş istifadə edilən üzüm sirkəsinin sağlamlığa da faydaları çoxdur. Təbii ki burda əsl, qatqısız üzüm sirkəsindən gedir. 

15 il bundan əvvəl Azərbaycanda satılan üzüm sirkələrinin tərkibində kimyəvi maddələr yox dərəcəsində idi. Hətta uzun müddət qaldıqda üzərində maya da yaranırdı. Deməli, bu sirkələr təbii imiş. Üzüm sənayesi inkişaf etdikcə sirkələrin hazırlanmasında hiylələrə də əl atıldı. Tərkibinə kimyəvi maddələr, xüsusilə kükürd əlavə edildi. Ən yaxşısı möcüzəvi vasitəni ev şəraitində özünüz hazırlayın. 

Çoxlarının həyətində üzüm tağları var. Yetişdikcə yerə səpələnən, ayaq altda qalan, ən yaxşı halda arıların şirə qaynağı olan üzüm gilələrinin 60 gündə necə ləzzətli möcüzəyə çevrildiyindən xəbərsizik. 

Sirkə  neqativ enerjinin düşmənidir. Bundan əlavə arıqlamaq üçün əvəzedilməz qidadır, həzm sisteminə dəstək olur, toxluq hissi verir, bədəni təmizləyir. Faydaları saymaqla bitmir. Məqsədimiz bu faydadan necə yararlanmaqdır. 

Gözəllikdən tutmuş  ev təmizliyinə qədər bir çox sahədə istifadə edilən üzüm sirkəsi hazırlamağın əsl vaxtıdır. 

TurpKimi.com olaraq evinizdə bəzən zibilə atdığınız, bəzən də ayaqlarınızın altında əzilən,  bəzən də yeşiklərin dibində qalan üzümdən qızıl dəyərində vasitə hazırlamaq qaydasından yazacayıq. 

Sizə bir təmiz balon lazımdır. Üzümün miqdarından asılı olaraq, 3, 5, hətta 15-20 litrlik şüşə balon,  bəzən çəlləkdən istifadə etmək olar. 

Üzümün sirkəyə çevrilməsi üçün ilk növbədə bizə maya lazımdır. Bu maya əvvəlki illərdə  hazırladığımız sirkənin üzərindən yığılan ana mayadır və  hazırladığımız təbii sirkədir. Evdə hazırladığınız alma, xurma sirkəsi varsa, ondan da maya üçün 1 stəkan istifadə edə bilərsiniz. 

Əgər mayanız yoxdursa,  əhvalınızı pozmayın. Buna da çarə var. 

Sirkə mayası üçün bizə lazımdır:

1 çay stəkanı noxud (noxud və ya bulqur yoxdursa bir parça  qara çörəyin qabığı da ola bilər)
1 çay stəkanı bulqur
2 yemək qaşığı təbii bal

Və ya bir parça qara çörəyin qabığı (bu qıcqırma prosesinin tez getməyi üçün lazımdır)

Sirkə üçün lazım olanlar:

3 litrlik balon üçün
1,5 kq qara üzüm, qarışıq da ola bilər və ya ağ üzüm
1 litr içməli su
1 yemək qaşığı qaya duzu, ya da yodsuz duz, yəni turşu və pendirlərin hazırlanması üçün nəzərdə tutulan duz.

Balonuz böyükdürsə yarısına kimi üzüm yığın. 

Üzüm Sirkəsi Necə Hazırlanır?

Üzümləri yaxşı-yaxşı yuyun.Böyük bir şüşə qabın içərisinə yığın. Üzərinə noxud, bulqur  və bal əlavə edin. İçməli, yəni xlorsuz  su tökün. Xlorlu su sirkənin keyfiyyətini pozur. 

Taxta qaşıqla qarışdırın və bankanın ağzını ya salfetka, ya tülbəndlə (Mən apteklərdə satılan rezin əlcəkdən istifadə edirəm. Reaksiya getdikcə üzüm qıcqırır, nəticədə hava əlcəyi şar kimi şişirdir. Bu həm də mətbəxdə diqqəti cəlb edir. Beləcə üzümü qarışdırmaq yaddan çıxmır –Red) bağlayın. 

Hər gün taxta qaşıqla qarışdırıb ağzını təkrar örtün. Bütün üzümlər bankanın dibinə çökənədək təxminən 20 gün qarışdırma prosesi davam edir. Sirkəni qarışdırmaq üçün metal qaşıqdan istifadə etməyin. Bu incəliyə əməl etmək sirkənin fermentasiyaya rahat məruz qalması və reaksiyasının pozulmaması üçün vacibdir. 

Təxminən 20 günə üzümlər suya qarışır və bankanın dibinə çökür. Bu prosesi gördükdən sonra  20 gün qarışdırmayın.  Bankanın ağzını rezin qapaqla örtün. 20 gün keçdikdən sonra bankanın üzərində nazik bir təbəqə yarandığını görəcəksiz.

Bu sirkə anası, yəni mayadır. Bunu mütləq götürüb bir şüşədə, gələcəkdə sirkə mayası kimi istifadə etmək üçün soyuducuda saxlayın. 

Meyvələri süzün və suyunu təkrar balona tökün. Bir az duz və bal əlavə edib qarışdırın. 20 gün gözlədin. Sonunda sirkəniz hazırdır. 

Turşularda, salatlarda, ev təmizliyində, unlu məmulatların hazırlanmasında istifadə edə bilərsiniz. 

DİQQƏT! 

Burda əsas məsələyə diqqət etmək lazımdır. Sirkəni sərin yerdə saxlayın. Üzümlər bankanın dibinə çökən kimi süzün. Bu proses sirkənin tam keyfiyyətli olmağı üçün vaxtında edilməlidir. Hər dəfə qarışdırdıqdan sonra mütləq ağzını tülbənd və ya rezin qapaqla bərk örtün. 

Sirkənin rənginin tünd olmasını istəyirsinizsə qara üzümdən hazırlayın. Ağ üzümdən hazırlanan sirkənin rəngi də açıq olacaqdır. 

Sirkəyə hazır olduqdan sonra duz  şəraba çevrilməməsi və içərisində olan orqanizmlərin çoxalmaması və dadının qorunması üçün atılır. Ana maya alınmayıbsa, yəni bankanın ağzında ana maya yoxdursa və ya parça-parça bankanın dibinə çökübsə, sirkə ya temperaturu çox olan yerdə qalıb,  ya da oskigenə daha çox məruz qalıb. Məhz keyfiyyətli sirkə hazırlamaq üçün fermentasiya prosesinin düzgün getməyi mütləqdir. Əgər meyvə turşdursa, lazım olan anda  bal, ya da bir az şəkər əlavə edilməsi normaldır. 

Sonda, Yutub kanallarında üzüm sirkəsinin hazırlanma qaydasını göstərən videolar çoxdur. Bu videoalardan da yararlana bilərsiniz. 

Bütün meyvələrdən sirkə  təqribən eyni qayda ilə hazırlanır. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com