Evdə  çox asan hazırlanan 9 yay məzəsi - Süfrənizə salatlarla rəng qatın


Həm doyurucu, həm də yüngül, dadlı, yay süfrənizi bəzəyən məzə-salat hazırlamağa nə deyirsiniz?

evde-cox-asan-hazirlanan-9-yay-mezesi
14.07.2023 19:21 4 dəq oxuma

TurpKimi.com süfrənizə rəng qatacaq yay məzəsi reseptlərini təqdim edir:

1. Nuraniyə salatı

Ərzaqlar: 3 ədəd böyük ölçülü saqqız kabakı, 2 ədəd kök, 1 çay stəkanı düyü, 3 çay stəkanı isti su, 3-4 yemək qaşığı zeytun yağı, 1 dəstə təzə yaşıl soğan, yarım dəstə şüyüd, 3-4 yemək qaşığı süzmə qatıq, 2 diş rəndələnmiş sarımsaq, duz.

Hazırlanması:

Təzə soğanları incə-incə doğrayın və zeytun yağında qovurun. Daha sonra içinə rəndələnmiş kabak və kökləri əlavə edin, suyunu çəkənə qədər qovurun. Yuyulmuş düyü və su əlavə edib bişirin. Duzunu da əlavə edin və tamamilə suyu çəkilincə kənara qoyun.  Üzərinə incə-incə doğranmış şüyüd əlavə edin və qarışdırıb soyumağa qoyun.  Soyuduqdan sonra sarımsaqlı qatıq ilə qarışdırıb soyuducuda sxlayın, sonra  süfrəyə verə bilərsiniz.

2. Badımcan çullama

Ərzaqlar: 3 ədəd badımcan, 2 ədəd qırmızı  sivri  bibər, 2 ədəd yaşıl kənd bibəri, 2 ədəd pomidor, 1 ədəd soğan, 2 diş sarımsaq, 2 yemək qaşığı zeytun yağı, 2 çay qaşığı duz, 1,5 çay qaşığı qara istiot, 1 kasa doğranmış cəfəri.

Hazırlanması:

Soğan xaric bütün tərəvəzləri sobada ya da ocaqda közləyin. Közlənmiş tərəvəzlərin üst qabığını soyun və dilimləyin. Tavada zeytun yağında soğan və sarımsağı  azca qovurun. Daha sonra közlənmiş pomidoru və digər tərəvəzləri əlavə edin. Duz və qara istiotu də əlavə edib yaxşıca bişirin. Üzərinə cəfəri doğrayıb süfrəyə verin. İlıq və ya soyuq şəkildə istehlak edə bilərsiniz.

3. Qatıqlı közlənmiş qırmızı bibər 

Ərzaqlar: 5-6 ədəd qırmızı bibər, 3-4 yemək qaşığı zeytun yağı, duz, 1 kiçik kasa qatıq, 2-3 diş sarımsaq. Bəzəmək üçün: Qoz və cəfəri.

Hazırlanması:

Bibərləri sobada ya da ocaqda közləyin. Qabıqlarını soyun. Dənəsini çıxararaq incə-incə doğrayın. Daha sonra vam odda  zeytun yağında qarışdıraraq qovurun, bir az duz əlavə edin və qovurma prosesi bitəndə servis qabına tökün. Ayrı bir kasada sarımsaqlı qatığı hazırlayın və bibərlərin üzərinə gəzdirin. Üzərini qoz və cəfəri ilə bəzəyin.

4. Dəniz börülcəsi

Ərzaqlar: 2 dəstə dəniz börülcəsi, 4-5 yemək qaşığı zeytun yağı, 5 diş sarmısaq, yarım limon suyu, 2 litr su.

Hazırlanması:

Dəniz börülcəsini artlayın və yuyun. Daha sonra 2 litr suda 10 dəqiqə qaynadın. Bişən börülcələri kəfkirin köməyilə qazandan götürün və soyuq suyun altına tutun.  Qaynadılan börülcələrin qılçıqlrını artlayın. Zeytun yağını döyülmüş sarımsaq və limon suyu ilə qarışdırın. Börülcənin üzərinə tökün və 1 gecə soyuducuda saxlayın. 

5. Qozlu, qatıqlı bibər 

Ərzaqlar: 300 qr çarliston bibər, yarım çay stəkanı duru yağ, 2 yemək qaşığı qoz, 3 diş sarımsaq, yarım su stəkanı su, 1 yemək qaşığı sirkə, yarım su stəkanı qatıq, qara istiot, pul bibər və duz.

Hazırlanması:

Sarımsaqları soyaraq 3-4 hissəyə bölüb doğrayın. Daha sonra sarımsaqları duru yağda soteləyin. Bibərləri təmizləyərək doğrayın və tavaya əlavə edərək 4-5 dəqiqə sarımsaqlar ilə birlikdə qovurun. Daha sonra pul bibər, qoz, su və duzunu əlavə edərək suyunu çəkənə qədər vam odda bişirməyə davam edin. Qazın üstündən götürün və sirkəni əlavə edərək soyumağa qoyun. Soyuyan bibərlərə son olaraq süzmə qatığı əlavə edin qarışdıraraq servis qabına tökün. Üzərinə iri doğranmış qoz səpin.

6. Kök tarator

Ərzaqlar: 4-5 ədəd kök, 3-4 diş sarımsaq, 1,5-2 stəkan süzmə qatıq, 1 kasa çəkilmiş qoz, 2 qaşıq zeytun yağı, qara istiot, pul bibər, nanə, duz.

Hazırlanması:

Kökləri təmizləyib rəndələyin. Zeytun yağında kökləri qızardın. Qovrulduqdan sonra qozu  əlavə edib soyumağa qoyun.Bu əsnada süzmə qatığı əzilmiş sarımsaqlar ilə birlikdə çırpın. Soyuyan kök qızartması ilə süzmə qatıqlı qarışığı yaxşıca xırmanlayın. Üzərinə qara istiot, pul bibər və dilədiyiniz ədviyyatları səpin.


7. Zeytunyağlı fava

Ərzaqlar: 1 kq təzə paxla, 1 ədəd quru soğan, 1 çay stəkanı zeytun yağı, 1 ədəd limonun suyu, 2 ədəd kəllə qənd, 1 kiçik çay qaşığı duz. 1 dəstə şüyüd.

Hazırlanması:

Paxlanın iç və xarici qabıqlarını soyun. Qazana zeytun yağı töküb soğanı qovurun. Paxla, limon suyu, qənd və duzu əlavə edin. Üzərinə 1-2 çay stəkanı isti su əlavə edin və paxlalar yumşalana qədər vam odda bişirin. Qazanın içinə doğranmış şüyüdün yarısını əlavə edin. Qarışığı əlinizi yandırmayacaq qədər soyuduqdan sonra blenderden keçirərək hamar bir püre halına gətirin. Bir qaba tökün və üzərini şüyüd ilə bəzəyin. Ən azı 2 saat soyuducuda saxlayın. 

8. Haydari

Ərzaqlar: 500 qram süzmə qatıq, 50 qram ağ pendir, 2 diş sarımsaq, 4 qaşıq zeytun yağı, 1 kiçik çay qaşığı nanə, yarım çay qaşığı duz.

Hazırlanması:

Qatığı bir kasaya tökün, pendiri rəndələyin. Sarımsaqları rəndələyin. Qızdırılmış zeytun yağına nanəni əlavə edib qoxusu çıxıan kimi götürün. Bütün vəsaitləri yaxşıca qarışdırın. İstəkdən asılı olaraq zeytun yağı, şüyüd, xiyar ya da pul bibərlə bəzəyə bilərsiniz.


9. Humus

Ərzaqlar: 1 su stəkanı qaynadılmış noxud, 3-4 yemək qaşığı tahin, 3-4 yemək qaşığı zeytun yağı, yarım çay stəkanı limon suyu, yarım su stəkanı yaşıl zeytun, 4-5 yemək qaşığı qədər su, cirə, qara istiot, qırmızı istiot, duz.

Hazırlanması:

Noxud bişdikdən sonra qabıqlarını təmizləyin. Mətbəx robotunun içinə noxud və 3 yemək qaşığı su da ataraq yaxşıca əzilənə qədər çəkin. Sonra üzərinə tahin, limon suyu, zeytun yağı, duz, cirə, qara istiot əlavə edib çəkməyə davam edin. Üzərini bəzəmək üçün zeytun yağı və qırmızı toz bibərdən istifadə edə bilərsiniz. Nuş olsun.

Vüsalə Əlövsətqızı, TurpKimi.com