Evdə qalan yetişmiş bananları zibilə atmaq əvəzinə dadlı bir reseptə çevirin. Ləzzətli ətri ilə bu reseptdən razı qalacaqsız.
Yetişmiş bananlardan istifadə etməyin ən dadlı və praktik yollarından biri “banana bread”, yəni bananlı keks həm səhər yeməklərində, həm də çay süfrələrində sevilən bir şirniyyatdır. Nəfəs kəsən dadı, nəmli və asan hazırlanması ilə dünyanın hər yerində böyük marağa səbəb olur. Bu resept, evdə şirniyyat hazırlamaq istəyənlər üçün əvəzolunmazdır.
Tərkibinə ağ şəkər tozu əvəzinə bal və ya qəhvəyi şəkər qataraq daha sağlam qida hazırlamış olarsız. Eyni zamanda qoz, şokolad və ya darçın kimi ədviyyatlarla da zənginləşdirilə bilər.
TurpKimi.com əvəzlunmaz dada malik keksin reseptini təqdim edir:
Tərkibi:
• 3 ədəd yetişmiş banan (əzilmiş halda)
• 2 ədəd yumurta
• 1 çay stəkanı duru yağ (zeytun yağı və ya günəbaxan yağı ola bilər)
• 1 su stəkanı qəhvəyi şəkər tozu və ya bal (zövqə görə miqdarı azalda bilərsiniz)
• 1 çay qaşığı vanil ekstraktı
• 1 çay qaşığı darçın (istəyə görə)
• 1,5 su stəkanı un
• 1 çay qaşığı soda
• 1 çay qaşığı qabartma tozu
• 1 çimdik duz
• 1/2 su stəkanı qoz ləpəsi və ya damla şokolad (istəyə görə)
Hazırlanması:
1. Sobanı 175°C-yə qədər əvvəlcədən qızdırın.
Keks qəlibini yağlayın və ya içinə yağlı kağız sərin.
2. Yetişmiş bananları çəngəllə yaxşıca əzin.
Yumurta, yağ, şəkər (və ya bal), vanil və bananı böyük bir qabda qarışdırın.
3. Ayrı bir qabda un, qabartma tozu, soda, duz və darçını qarışdırın.
4. Quru qarışımı nəmli qarışığa yavaş-yavaş əlavə edin və spatula ilə çox çırpmadan, yalnız homogen bir qarışım əldə edənə qədər qarışdırın.
Sonda qoz və ya şokolad parçalarını da əlavə edin.
5. Qarışımı qəlibə tökün və əvvəlcədən qızdırılmış sobada təxminən 50-60 dəqiqə bişirin.
Kürdan və ya kibrit çöpü testini edin – Çöpü soba qəlibinə batırın əgər quru və təmiz çıxarsa deməli bişib.
6. Sobadan çıxardıqdan sonra otaq temperaturunda 10-15 dəqiqə gözlədin, sonra dilimləyərək servis edin.
• Əsas nüanslar
Bananların yaxşı yetişmiş, hətta qabı qaralmış olmasına diqqət yetirin. Bu həm dad, həm də tekstura üçün vacibdir.
Qarışığı çox çırpmaq keksin bərk olmasına səbəb ola bilər. Spatula ilə yavaş-yavaş qarışdırmaq idealdır.
Keksin içinə quru meyvə, kokos və ya portağal qabığı rəndəsi əlavə edərək fərqli dadlar əldə edə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com