Bir neçə gün öncə sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsil ocağında şagirdlərə əl qaldırmasını əks etdirən video yayılmışdı.
Ciddi müzakirələrə səbəb olan görüntülərə birmənalı yanaşma yoxdur.
Kiminə görə, uşaq döyülərək, qadağalarla sıxışdırılaraq daha yaxşı tərbiyə oluna bilir. Kimisinə görə isə söz ən gözəl tərbiyə üsuludur.
Bəs, həqiqətdə kim haqlıdır?
Məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirən təhsil üzrə ekspert Elçin Əfəndi bu cür halların baş verməsinin məktəblərdə psixoloqların düzgün işləməməsi ilə izah edib:
"Ölkəmizdə hazırda ümumi 4432 orta ümumitəhsil mərkəzi var. 1 milyon 590 minə yaxın şagird, 145 min isə müəllim heyəti hər gün bu təhsil müəssisələrinə gəlir. Təbii ki, bu qədər şagirdin də hər birinin dərslərə, müəllimlərə yanaşması eyni olmur. Bu səbəbdən biz məktəbdən qaçan, dərslərə girməyən şagirdlərin olduğunu görürük. Bunun məktəblərdə kütləvi hal almasının bir digər səbəbi də məktəb psixoloqlarının doğru şəkildə şagirdlərlə işləməməsidir. Ən azı bir saat da olsa, məktəbdə əlavə psixologiya dərsləri olmalıdır. Biz yalnız xüsusi hallar olduqda şagirdləri psixoloq yanına aparırıq, amma yaxşı olar ki, bu dərs kimi salınsın və ən azı həftədə bir dəfə tədris olunsun”.
Eskpert qeyd edib ki, istənilən halda şagird də bir şəxsdir və bu cür halların baş verməməsi üçün düzgün ünsiyyət qurmaq lazımdır:
"Əvvəlki dövrlərdə valideynlər səssiz qalırdılar, onlar üçün əsas maraqlı olan övladlarının təhsil alması idi. Hətta bizim dövrümüzdə valideynlər müəllimə bildirirdilər ki, bizim övladımız sizin əlinizdədir. "Əti sənin, sümüyü mənim” məsələni yada salaq. Təbii ki, həmin dövrdə müəllimlər oxumayan, yanlış hərəkətlərə yol verən şagirdlərə qarşı daha həssas yanaşırdırlar və müvafiq cəza üsulları tətbiq edirdilər. Amma bu indiki kimi rezonans doğurmurdu. Təəssüflər olsun ki, indi müəllim şagirdə hər hansı bir ifadə işlətdikdə və ya ona qarşı zor tətbiq etdikdə dərhal həmin müəllimə qarşı müvafiq tədbirlər görülür. İstənilən halda şiddətə yol vermək olmaz. Şagird də bir şəxsdir, insandır”.
Mövzu ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirən psixoloq Fuad Əsədov nəinki uşaqların, ümumiyyətlə insanın döyülməsinin, şiddətin yolverilməz olduğunu bildirib:
"Ümumiyyətlə, insanın döyülməsi yolverilməz haldır. Uşağın da, şagirdin də, tələbənin də, bir qadının da, kişinin də döyülməsi, insanın fiziki, psixoloji, emosional şiddət görməsi yanlış bir şeydir. Müəllim-şagird münasibətləri də xüsusilə önəm kəsb edir. Çünki insanın həyatı, dünyanı və bu haqda bilgiləri öyrəndiyi iki yer var: biri ailə, digəri isə məktəb mühitidir. İndiki dövr internet kimi amillər də var, amma nəticədə insanın ən azından sosial dünyagörüşü ailənin və məktəbin əsasında formalaşır. Bir uşaq məktəbdə də şiddət görürsə, burada hansı sağlam formalaşmadan söhbət gedə bilər? Amma bu o demək deyil ki, hər hansı bir səhvlərə və ya başqa neqativ hallara görə şagird, tələbə, yeniyetmə, uşaq cəzalandırılmalıdır. Pozitiv cəza deyilən bir şey var. Bu bəzi ölkələrdə məktəblərdə tədris olunur. Uşağa etdiyi səhvin cəzası olaraq bir iş tapşırılır. Tutaq ki, daha artıq dərs oxumaq və ya şagirdin məktəbdəki hansısa ictimai işlərə cəlb edilməsi. Bunlar ailədə də fərqli üsullarla tədbiq olunur, məsələn, uşaq bu gün cəza olaraq küçəyə çıxmayacaq, dostları ilə oynamağa getməyəcək. Bu şəkildə uşağın normalda zövq aldığı şeylərdən onu məhdud edərək və ya heç istəmədiyi işlərə cəlb edərək cəzalandırmaq olar. Yalnız faydalı işlər görməsi ilə. Yəni burada uşağın qürurunu alçaltmaq olmaz. Amma bilavasitə, uşağın şəxsiyyətini, onun dünya haqqında fikirlərini zədələyən hallara yol vermək olmaz. Tutaq ki, digər yoldaşlarının qarışısında uşaq döyülürsə, bu onda ciddi travma, qürur alçaldılması hissini yaşada bilər".
Psixoloq yaşlı nəslin bu cür hallara bəraət qazandırmasına da münasibət bildirib:
"Bəzən yaşlı nəsil belə bir fikirlər səsləndirir ki, bizi də vaxtilə döyüblər. Bizə də müəllim acıqlanıb, vurub, amma biz travma almamışıq, indi niyə psixoloqlar tez-tez deyir ki, uşaqlar travma alır. Bəli, bu həqiqətən də belədir. Tədqiqatlar göstərir ki, bu cür döyülmə halları 90-cı illərdən sonra doğulan insanlarda travma yaradır. Çünki dövr dəyişir, dünyagörüşü dəyişir, ətrafdakı digər insanların münasibəti dəyişir. Bu da uşaqlara travma verəcək dərəcədə ola bilir".
TurpKimi.com