Bu dövrdə insanlar özlərinə məşğuliyyət axtarırlarsa bitki becərsinlər.
TurpKimi.com bitki yetişdirmək və torpaqla məşğul olmaq istəyənlər üçün bəzi ipucları təqdim edir:
Evdə, ya da iş yerində çiçək, bitki, hətta kiçik tərəvəz və meyvələr yetişdirmək mümkündür. Şəhərin stressindən uzaqlaşmaq, evdə, ya da ofisdə vaxtınızı keyfiyyətli keçirmək olar. Ancaq çiçəklərin və digər fərqli bitkilərin tez solması,ömrünün qısa olması, parlaq saxlamağın çətinliyi insanların bu işlə məşğul olmasına mane olur.
Müəyyən bilgiləri bilməklə bu maneələri aradan qaldırmaq mümkündür.
Mütəxəssislərin rəylərinə əsasən eyvanda orqanik meyvə və ya tərəvəz yetişdirmək, ya da evdə əkinçiliklə məşğul olmaq istəyənlərə xüsusi təkliflərimiz var.
1.Əkmək istədiyiniz bitki ilə bağlı detallı məlumat əldə edin: Əgər torpaq və bitki yetişdirməklə bağlı təcrübəniz yoxdursa, əvvəlcə bitkiləri, ya da yetişdirəcəyiniz tərəvəz və meyvələri tanıyın. Çünki hər bitkinin, tərəvəzin və meyvənin özünə xas iqlim, torpaq və becərmə xüsusiyyətləri var.
2. Lazımi şərait yaradın. Bitki, meyvə, ya da tərəvəz üçün münbit mühitin təmin edilməsi çox əhəmiyyətlidir. Köklərin və yarpaqların günəş şüası alması üçün uyğun yer seçin. Günəşi çox sevməyən bitkilər üçün çətir təşkil edin, torpağın nəmli qalması üçün müəyyən işlər görün, saxsı qab, əkmək üçün uyğun qab seçin.
3. Doğru torpağı seçin: Yetişdirmək istədiyiniz bitki üçün torpaq məhsuldar, qida elementləri baxımından zəngin olmalıdır. Gülçülük mağazalarından uyğun torpağı ala bilərsiniz.
4. Səbirli olun: Hər yaşda zövqlə məşğul ola biləcəyiniz bu hobbiyə, becərmək istədiyiniz bitki, tərəvəz ya da meyvələrə zaman ayırın, səbirli olun. Böyümələrinin hər mərhələsini müşahidə etmək və qulluq etmək çox önəmlidir.
5. Bitkilərin ömrünü uzadan hər bir yolu sınaqdan keçirin. Bitkilərə qulluq üçün vasitələr alın. Mündəricatında bitkinin yaşıl və parlaq qalması, zərərvericilərdən qorunması üçün nədən, hansı miqdarda istifadə edilmə qaydası yazılır. Diqqətlə oxuyub, əməl edin.
Bu işdən həm zövq alacaqsınız, həm ləzzətli qida əldə edəcəksiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com