“Fast food”un yeniyetmələrə zərəri aşkarlandı - Ən çox qızlar...


Bu çətinliklər qızlarda oğlanlara nisbətən daha çox yaranır.

fast-food-un-yeniyetmelere-zereri-askarlandi
29.12.2020 11:51 2 dəq oxuma

“Fast food” da daxil olmaqla, qeyri-normal qidalanma, habelə qazlı içkilər yeniyetmələrin yalnız fiziki deyil, həm də psixi vəziyyətinə son dərəcə mənfi təsir göstərə bilər. Belə qidalanma onların yuxusunu da poza bilər ki, bu da psixi sağlamlıqla əlaqədardır.

“Medportal.ru” xəbər verir bu nəticəyə Avstraliyanın Kvinslend Universitetinin alimləri gəliblər.

Tədqiqatın müəllifləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2009-cu ildən 2016-cı ilə qədər məktəblərdə keçirdiyi sağlamlıq vəziyyətinin qlobal tədqiqatının məlumatlarını təhlil ediblər.

Proqramda aşağı, orta və yüksək gəlirli 64 ölkədən 12-15 yaşlı 175 000-dən çox məktəbli iştirak edib.

Məktəblilərin azı 7,5%-i son illər ərzində stress fonunda yuxu ilə bağlı problemlər haqqında bildiriblər. Maraqlıdır ki, bu çətinliklər qızlarda oğlanlara nisbətən daha çox yaranır.

Alimlər qeyd ediblər ki, yuxu pozğunluğu, həmçinin yuxuya getmə ilə bağlı çətinliklər, habelə gecə tez-tez oyanmalar, çox kalori, minimum miqdarda qidalı maddələrin olduğu “fast food” və qaz vurulmuş kofein tərkibli içkilərin həddən artıq istifadəsi zamanı artır.

Alimlərin sözlərinə görə, gündə üç dəfədən çox şirin qazlı su qəbul edən yeniyetmələr sutka ərzində bir içki ilə kifayətlənən həmyaşıdları ilə müqayisədə 55% çox yuxu ilə bağlı problemlərinin olduğunu bildiriblər.

Tədqiqat göstərib ki, hamburgerlər və qızardılmış kartofu həftədə 4 dəfə çox yeyən oğlanlarda, yuxunun pozulması ehtimalı eyni qidanı həftədə bir dəfə qəbul edənlərlə müqayisədə 55% çox olub. Qızlarda bu risk 49% təşkil edib.

Daha əvvəl də bildirilib ki, həddindən artıq “fast-food”, yağlı və duzlu qidalar, həmçinin marqarinli və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır. Qidalardakı trans yağları ürək xəstəliyi riskini artırmaqla yanaşı, damarları da zədələyir. Dəridə qan axını yavaşlayır və bu erkən yaşlanmağa səbəb olur.

Qızardılmış kartof, ədvalı qidalar və kömürlə qızardılan ətlər epidermal hüceyrələrə zərər verir. Acılı qidalar qan damarlarını genişləndirir, qızartı və şişməyə səbəb olur.

Report.az / TurpKimi.com