Azərbaycanlı tələbənin ölkəmizlə müqayisə etdiyi heyrətamiz təhsil...
Elgünün bu nailiyyətini eşidib onunla və valideynləri ilə söhbətləşmək qərarına gəldik.
İlk olaraq bildirək ki, Elgün 2004-cü il avqustun 31-də Şabran rayonunda anadan olub. Yəni 17 yaşı var. Finlandiyaya köçəndə 2 sinif aşağıdan başlayıb. Fin dilini daha da mükəmməlləşdirmək üçün bu cür seçim edilib.
Elgün Finlandiyaya köçəndə düşünürmüş ki, fərqli ölkəyə gedir, məktəbə, dərslərə uyğunlaşmaq çətin gələcək, ancaq elə olmur: "Əvvəlcə ilk 6 ay dil kursuna getdik. Ordakıların hamısı fərqli ölkələrdən gələnlər idi. İstər-istəməz bu da motivasiya verirdi. Sinifdə heç kim fin dilini bilmir, hamı eyni yerdən başlayır. Həm də müəllimlər daim yanımızda idi, həvəsdən düşməyə imkan vermirdilər, dəstək olurdular”.
"Hansısa şagird digərinə gülürsə...”
Elgün Finlandiyanın təhsil sistemində bəyəndiyi nüanslardan da danışdı: "Azərbaycanda dərs danışan zaman lövhə qarşısına çıxırdıq. Bu, həyəcanlı proses idi. Burda heç bir müəllimin lövhəyə çıxıb dərs danışmaq kimi qaydası yoxdur. Nəyisə bilməmək ayıb deyil. Müəllimlər səhv edən şagirdin yanında olurlar. Ümumiyyətlə, müəllimlər diqqət edirlər ki, kimsə səhv edəndə başqa uşaqlar ona gülməsin. Hansısa şagird digərinə gülürsə, müəllim qışqırmır, onu acılamır, sadəcə izah edir ki, gülməyin faydası yoxdur. Deyir ki, o, sizin dostunuzdur, bilmirsə, öyrədin”.
Elgünün atası Elçin Malikov da Finlandiya təhsilində bəyəndiyi nüansları vurğuladı: "Burda qiymət rəqabəti yoxdur. Uşağın dərs nəticəsi ilə bağlı valideynə proqram vasitəsilə məlumat verə bilərlər, amma uşaqlara gündəlik qiymət yazılmır. Təbii ki, müəllimlər sinifdə hansı uşaqların zəif, hansıların daha güclü olduğunu bilirlər. Təkcə nəticəsi yüksək olanlara fokuslanmırlar, həm də zəiflərə çox diqqət ayırırlar, onları da irəli çəkməyə çalışırlar. Uşağı küncə qoymurlar, sinifdə sərbəstlik verirlər. Təsəvvür edin ki, məktəbə təhsil naziri gəlir, nazirlə müəllimin söhbətinə baxarsan, elə bilərsən ki, dostdurlar. Müəllimlərdə o stress yoxdur ki, nazirlə danışıram və s”.
Elgün bildirdi ki, Finlandiyada olduğu müddətdə məktəbə getməklə bağlı motivasiyasının düşdüyü zamanlar olmayıb: "Heç vaxt motivasiyam düşmürdü ki, sinifdəkilərdən dili az bilirəm, dərsə getməyim və s. O qədər yanımızda olurlar, pozitiv enerji verirlər ki, adam hər gün məktəbə getmək istəyir”.
Məktəbdə keçirilən vaxt müddətinə gəlincə, Elgün bunları söylədi: "Gün ərzində məktəbdə 6-8 saat vaxt keçiririk. Əvvəllər bir dərs müddəti 45 dəqiqə idi, sonra 90 dəqiqə etdilər. Çünki bəzi fənlərdə dərs yarımçıq qalırdı. Bir gündə 3-4 dərs olur. Dərs arası tənəffüs isə 30 dəqiqə olurdu. Pandemiya dövründə dərsdə maskada olurduq deyə tənəffüs müddətini uzadıb 45 dəqiqə etdilər. Bəzən dərsi 10-15 dəqiqə tez bitirirlər, çıxıb bayırda oyun oynayırıq”.
"Utancaqlıq özü gedir”
Elgün deyir ki, dərsi məktəbdə öyrənirlər, ev tapşırığı nadir hallarda olur: "Məktəbi evə götürmürük, dərsi məktəbdə öyrənirik. Evdə istirahət edirik. Ona görə çox vaxt evə tapşırıq vermirlər. Bəzi müəllimlər evə tapşırıq verə bilərlər, amma bu da davamlı olmur. Tapşırıq olanda, özüm həll edirəm, ailəmdən yardım almıram. Əgər bilmirəmsə, "Vilma” deyə sistem var, onun vasitəsilə müəllimlə əlaqə saxlayıram. Ya onlayn izah edir, ya zənglə, ya da deyir ki, gəl, sinifdə edərik”.
Elgünün anası Nuranə Məlikovanın sözlərinə görə, ev tapşırığının olmaması uşaqları yormamaq cəhətdən çox yaxşıdır: "Azərbaycanda sistem elədir ki, müəllimlər istər-istəməz evə tapşırıq verirlər. Elgün Azərbaycanda oxuduğu müddətdə ev tapşırıqları çox olurdu. Məktəbdən yorğun gəlsə də, evdə də ev tapşırıqlarını etməli idi. Amma burda məktəbdən evə rahat gəlir, sərbəst olur”.
"Finlandiyaya köçəndən sonra Elgündə nə kimi dəyişiklik oldu” sualımıza valideynləri cavab düşündükləri zaman, Elgün özü onlara "utancaqlıq getdi” cümləsi ilə köməklik etdi. Nuranə xanım deyir ki, Finlandiyaya köçəndən sonra Elgün daha sərbəst, açıqfikirli oldu: "Burda uşaqlara şəxsiyyət kimi baxırlar, lap kiçik vaxtından şəxsiyyət kimi yetişdirirlər. Öz problemini həll etmək, fikrini açıq demək və s. öyrədilir”.
Elgün utancaqlığın getməsinin səbəblərindən özü də danışdı: "Mən bunu təhsillə yox, sosiallaşma ilə əlaqələndirirəm. Burda hamı pozitiv insandır, neqativ adam tapmaq çətindir. Bu da ünsiyyəti rahatlaşdırır. İstər-istəməz çevrən böyüyür, insanlara alışırsan, sosiallaşırsan, daha çox insanla tanış olursan və belə-belə utancaqlıq özü gedir”
"Ağlıma girdi ki, şansım var”
Elçin bəy deyir ki, Finlandiyada bəzən müəllimlər uşaqlara valideynlərin göstərdiklərindən daha çox diqqət və qayğı göstərirlər: "Müəllim hansısa şagirdin bir balaca stressi olduğunu bilsə, bütün işlərini atıb onunla maraqlanır. Valideynlə əlaqə saxlayır, səbəbini tapmaq, həll etmək üçün çalışır. Təkcə təhsilə deyil, uşaqların həm fiziki, həm psixoloji məsələləri ilə bağlı ən xırda nüanslara belə diqqət edirlər”.
Elçin bəy deyir ki, müəllimlər hər uşağa istədiyi formada dərs keçirlər: "Uşaqlara ilin sonunda sual verirlər ki, "növbəti sinfə keçirsən, builki dərsliklə, dərslə bağlı nə deyə bilərsən? Dərslikdə nəyi görmək istəyirsən? Dərsi necə qursaq, sənə daha rahat olar? Sənə daha çox zaman ayırmağa ehtiyac varmı?” Uşağın dediyi hər sözü kompüterə yazırlar və ona əsasən dərsi qururlar. Sinifdə 14-15 şagird var, onların hamısının istəyinə uyğun dərs qururlar, müəllimə, sistemə görə yox”.
"Elgünün məktəbi yüksək nəticə ilə bitirməsi nəyin sayəsində oldu?” - deyə valideynlərinə sual ünvanladıq. Amma Elgün bu sualı özü cavablandırmaq istədi: "Finlandiyaya köçəndən bir müddət sonra öndə olmaq üçün çalışmadım. Dərslərimi oxuyurdum, amma yüksək nəticə üçün mübarizə aparmırdım. Düşünürdüm ki, heç kimin heç nədən xəbəri yoxdur və s. Amma müəllim bunu hiss etmişdi. Bir dəfə müəllimlə görüşdə məni elə başa saldılar ki, sanki ayıldım. Sənin qəlbini qırmır, amma nə demək istədiyini başa düşürsən. Danışdı-danışdı, ağlıma girdi ki, şansım var, özümü inkişaf etdirə bilərəm. Nəyisə istəsəm, əldə edən biriyəm. Düşündüm ki, evin birinci uşağıyam, məndən sonrakılar üçün nümunə olmalıyam. Müəllimlə görüş qışda idi, o vaxtdan başladım, yaya qədər üzərimdə daha çox işlədim və məndə çox böyük dəyişiklik baş verdi. 7-ci sinifdə oxuyurdum. Yüksək nəticə göstərəndən sonra artıq o xətti qorudum. Sinif birincisi seçildim, motivasiya oldu, növbəti il də seçildim. Finlandiya təhsil sistemi yaxşıdır, amma burda da hər şey insanın özündən asılıdır. Burda doğulub məndən aşağı nəticə göstərənlər də var”.
Elçin bəy deyir ki, Finlandiya təhsil sisteminin ən böyük üstünlüyü həm də valideynlərin maddiyyatı düşünmək dərdinin olmamasıdır: "Maddiyyat söhbəti yoxdur. Valideyn oturub düşünmür ki, oğlumun biliyi var, amma onun universitetə qəbul olması üçün pul lazımdır. Hazırlığa getməli, təhsil haqqı ödəməlidir və s. O anlam burda yoxdur. Hətta qanuna görə, kollecə, liseyə qəbul olanda, uşağın ləvazimatlarını da dövlət verir”.
"Universitetdə mənə asan olacaq”
Kollec və liseyə eyni vaxtda təhsili necə qazanmağa gəlincə, Elgün deyir ki, bunun üçün bütün fənlərdən göstəricilərin yaxşı olmalıdır. Elgün bildirdi ki, hər iki təhsili eyni anda qazanmaq imkanına hər şagird sahib ola bilmir. Bu imkana sahib olanların böyük qismi isə hər iki təhsili eyni vaxtda almağı seçmir: "Çətin olduğunu deyirlər. Sinifdə bircə mən bunu seçdim. Məntiqi olaraq düşünüb seçimi belə etdim. Tək liseydə oxusam, memarlıqla əlaqəsi olmayan şeylər öyrənəcəm. Amma kollecdə mən memarlıqla bağlı da 3 ilə çox şey öyrənə bilərəm. Universitetə qəbul olanda lisey bitirənlər həmin bilikləri orada öyrənəcəklər. Kollecin sonuncu ilində təcrübə cəhətdən həm də işləyəcəm. Ona görə universitetdə mənə asan olacaq. Lisey və kollecdə eyni vaxtda təhsilin çətin olan tərəfi imtahanlardır. Liseydə oxuyanlar həftənin 5 günü dərsə getdikləri üçün onlara imtahanlar asan olacaq. Mən zamanımı kollec və lisey arasında böləcəm”.
Elgün memarlıq və dizayn üzrə təhsil alacaq. Bu seçimi necə etməsinə gəlincə, deyir ki, hələ uşaqlıqdan özünü bu sahədə görür: "Gözümü bağlayanda xəyalımda nəsə qururam. Keçən dəfə tənəffüsdə ağlıma gəldi ki, Helsinkidə liman kimi bir yer var, orda gül formasında bir bina inşa etmək olar. Şüşə formasında, şəhər mənzərəsini tam görürsən. Bu, sadəcə bir güldən ağlıma gəldi. Belə ideyalarım çox olur. Özümü bu sahədə görürəm. Düşünürəm ki, belə bir ölkədəyəm, şansım var, onu istifadə edim”.
Elgün qeyd etdi ki, məktəbdə də ona ixtisas seçimi ilə bağlı daim məlumat veriblər: "Burda bir müəllim var, həyatı öyrədir, iş seçimi ilə bağlı məlumat verir və s. 7-ci sinifdən başlayaraq ixtisaslarla bağlı şagirdlərlə söhbət aparır, onlar haqqında və maaşları barədə ilkin məlumat verir, özün də araşdırırsan. 9-cu sinfə başlayanda deyirlər ki, bu sinfi ciddi qəbul etmək lazımdır. Eyni zamanda artıq ixtisas seçimi ilə bağlı dəqiq bir fikrə gəlməyin vaxtıdır”.
Nuranə Məlikova deyir ki, Finlandiyada 7-ci sinifdən sonra "Kotitalous” adlı dərs keçirilir. Bu dərsdə uşaqlar sərbəst yaşamaqla bağlı müxtəlif bacarıqlar öyrənirlər: "Yemək bişirməyi, paltar ütüləməyi öyrədirlər. Yaxud taxtadan, dəmirdən və ya başqa nələrdənsə əl işləri hazırlayırlar. Çünki 18 yaşdan sonra müstəqil olmaq, sərbəst yaşamaq hüquqları var. Bunun üçün məktəb illərindən uşaqları sərbəst yaşamağa hazırlaşdırırlar”.
Elgünün nəticəsi yüksəkdir, özünü gördüyü, sevdiyi sahənin ardınca gedir və yaşadığı ölkədə də şansı böyükdür. Ümid edirik ki, bütün bunlar bir yerdə onun gələcəkdə karyerasında uğurlu şəxslərdən olmasına yardım edəcək.
TurpKimi.com