Gerçək südü saxtasından necə ayırd edək?


Süd deyib içdiyimiz əslində nədir?

gercek-sudu-saxtasindan-nece-ayird-edek
05.06.2022 23:38 4 dəq oxuma

Son zamanlar ən çox saxtalaşdırılan şeylərdən biri də süd və süd məhsullarıdır.

Gerçəklik budur ki, saxta və həqiqi məhsulu bir-birindən ayırmaq elə də asan deyil. Bəs belə olan halda gerçək südü saxtasından necə fərqləndirə bilərik?

Təbii südü suya əlavə edəndə çöküntü yaradır. Su əlavə olunmuş süd daha tez həll olur. Onu asanlıqla su ilə qarışdırmaq mümkündür.

Həqiqi və saxta südü ayırd etməyin digər üsulu onu stəkana töküb, mətbəxdə saxlamaqdır. 24 saat ərzində süd turşuyarsa, deməli, təbiidir. Yox, gözləməyi sevən biri deyilsinizsə, daha asan yolu da var. Südə bir çay qaşığı xama əlavə edib, prosesi sürətləndirə bilərsiniz. Süd turşumayıbsa, deməli, aldığınız məhsul həqiqi sayılmır.

Bəzən südü daha da qatılaşdırmaq üçün ona nişasta əlavə olunur. Aldığınız südün də məlum prosesin qurbanı olub olmadığını bilmək istəyirsinizsə, bir neçə damcı yod kifayətdir. Tərkibində nişasta varsa, yod qatılmış südün rəngi tünd göy olacaq. Yoxdursa, saralacaq.

Qida üzrə texnoloq Ağa Salamovun da sözlərinə görə, südün təbiiliyini yoxlamaq üçün ilk növbədə onun rənginə diqqət yetirməliyik: “Belə ki, kənd südlərində yağ turşusu çox olduğu üçün sarımtıl rəngdə olur. Üstəlik, inəklər yaşıl otlarla qidalandığı üçün süd də açıq yaşıl rəngə çalır. Əgər süd ağ və ya açıq mavidirsə, deməli, tərkibində kimyəvi elementlər çoxluq təşkil edir”.

Fırıldaqçılar məhsulun xarici görünüşünü daha iştahartırıcı etmək üçün südə əhəng, təbaşir və ya un əlavə edirlər. Aldığınız məhsulda bu əlavələrin olub olmadığını bilmək istəyirsinizsə, ona süfrə sirkəsi qatın. Süd köpüklənirsə, deməli, sirkə təbaşirlə reaksiyaya girir.

Bəzi insanlar qablaşdırılmış süd yerinə, açıq halda, bidonlarda satılan südə üstünlük verirlər. Çoxları düşünür ki, bu üsulla saxtakarların oyunundan qaça biləcəklər. Di gəl ki, belə məhsulların da hamısı təbii olmur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, açıq süd satışı ilə məşğul olan insanlardan sənəd tələb etsək, istənilən sənədləri təqdim edəcəklər: “Lakin heç bir əsasla demək olmaz ki, həmin sənəd məhz o bidondakı südə aiddir. Ola bilər ki, həkim sənədin aid olduğu süd bitsin və ora su əlavə olunsun. Bu səbəbdən də açıqda satılan südlərə etibar etmək qətiyyən lazım deyil. Qablaşdırılmış, xüsusən də şüşə qabdakı südlərə üstünlük vermək yaxşıdır”.

Təbii ki, süd istehlakçıya çatana qədər bir çox mərhələdən keçir və ona kənar mikroorqanizmlərin düşmə ehtimalı da artır.

Bidon südləri 95-100°C-də 15 dəqiqə qaynadıldığında içindəki mikrobların çoxu ölür. Amma bu zaman yararlı vitamin və minerallar da yox olur.

Sənaye südləri də eyni taleni yaşayır. “Ultra-High Temperature” adlı üsulla südün temperaturunu 150 dərəcəyə qaldıraraq içindəki zərərli mikroorqanizmləri öldürmək mümkündür. Nəticədə südün qapağı açılmadığı müddətcə 5-6 ay daha gec xarab olur. Lakin bu üsul eyni zamanda süddəki probiotiklərin də ölməsinə səbəb olur və nəticədə məhsulun faydası qalmır. Təbii südü isə +2 və +4 dərəcəlik mühitdə 3 gün saxlamaq olar. Süd məhsullarının keyfiyyətli mühafizəsi üçün isə şüşə qablardan istifadə olunmalıdır. Dəmir və plastik qablarda saxlanılar süd müxtəlif zəhərlənmələr verə bilər.

Eyyub Hüseynov onu da bildirdi ki, süddən hər kəs eyni miqdarda qəbul edə bilməz. Buna genetik faktorlar imkan vermir. O deyir ki, heyvan məşəli südləri sterlizə olunmamış şəkildə içmək doğru deyil. Üstəlik, üzərində vitaminlə zənginləşdirilmiş südü alarkən diqqətli olmaq lazımdır. Çünki bu cür südlər hər kəs üçün nəzərdə tutulmayıb: “Vitaminlər insanların fərdi xüsusiyyətinə görə dəyişir. Ona görə də vitaminlə zənginləşdirilmiş südlərin qablaşdırılmasında kimlərə uyğun olduğu qeyd olunur. Belə südlərin istehlakı həkimlərin məsləhəti ilə olsa, daha yaxşı olar. Süddən hər gün istifadə etmək düzgün deyil. Ən çoxu həftədə 3-4 dəfə 200- 300 qram istehlakı məsləhət görülür. Südün təhlükəsiz olduğuna inanmaq lazımdır . Birbaşa əldən alınmış süd içmək qorxuludur. Bu bruselyoz xəstəliyinə yol aça bilər”.

Dietoloq Şəfa Yadigarlı deyir ki, südün tərkibində laktoz var deyə, normadan artıq istifadə edilərsə, müxtəlif problemlərə yol aça bilər: “Südün içində olan laktoz şəkərin bir növüdür. Digər süd məhsullarını həddindən artıq istifadə - monodiet etdikdə allergiya yarada bilər. Süd məhsulları daha çox uşaqlar üçün məsləhət görülür. Çünki onlarda laktoz həssaslığı çox nadir halda olur. Lakin 25-30 yaş üstü insanlarda laktozanı həzm edən predmetlər kifayət qədər olmur”.

Bax belə... Süd deyib keçməyin. Düzgün seçim etməsəniz, müxtəlif xəstəliklərə yoluxa bilərsiniz.

APA / TurpKimi.com