Dünya nəhəngi süni intellektli cihaz üzərində işləyir.
Son dövrlərdə texnologiyanın sürətli inkişafı sayəsində körpə uşaqlara nəzarət üçün nəzərdə tutulan cihazları daha da təkmilləşdirilir.
“Google” şirkətinin layihələndirdiyi yeni süni intellektli cihaz körpəni izləyərək, zəruri anda valideynlərə siqnal ötürəcək.
Yaxın vaxtlara qədər sadəcə, səs ötürə bilən simsiz cihazlar, artıq video və hərəkətli sensorlardan tutmuş, istilik göstəricilərinə qədər bir çox yeni funksiyalarla təchiz edilib. “Google” isə bütün bu texnologiyalardan fərqli olaraq, süni intellektə malik yeni cihaz üzərində işləyir.
Bu cihazı körpələr oyanıb ağlamağa imkan tapmadan, valideynləri xəbərdar edəcək. Yuxuda olarkən körpənin hərəkətlərini və gözlərini izləyən süni intellektli cihaz uşaqda heç bir aparatın aşkarlaya bilməyəcəyi narahatlıq əlamətlərini müəyyən edəcək.
Bundan başqa, cihaz uşağın gözlərini davamlı izləyərək, onun yatıb-yatmadığını, oturub-durduğu və ya beşikdən çıxmağa çalışdığı an dərhal ana-ataya xəbər verəcək. Bu məlumatların hamısını toplayan cihaz, hətta uşağın neçə dəqiqədən sonra yuxuya gedəcəyini də bildirəcək.
Qeyd edək ki, “Google”nin tərkibində olan “Nest” şirkəti termostatlar, tüstü detektorları, ağıllı qapı zəngləri və açarlar da daxil olmaqla, bir sıra yeni “ağıllı” ev əşyalarının hazırlanması üzərində işləri davam etdirir. “Google”nin yeni cihazının “Nest” tərəfindən istehsal olunacağı vurğulanır.
Firuzə Alimova / TurpKimi.com