Son zamanlarda təbii vasitələrlə dəriyə qulluq sürətlə yayılır. Kimyəvi tərkibli gözəllik vasitələrini sevməyənlər mətbəxdə istifadə etdikləri tərəvəz və meyvələrə üz tuturlar.
Ancaq təbii məhsulların da zərərli ola biləcəyini unudurlar. Şüursuzca tətbiq olunan "təbii maskalar" da dərinizə böyük zərər verə bilər.
Əlinizin altında olan və daim istifadə edə biləcəyiniz məhsullar bəzən cildinizdə müəyyən problemlər yarada bilər.
TurpKimi.com ehtiyatla istifadə edəcəyiniz məhsulların siyahısını təqdim edir:
Limon
Zəngin antioksidant tərkibi olan limon dəridə piqmentasiya problemlərini aradan qaldırmaq və dərinin parlaq olması üçün birbaşa üzə tətbiq edilir. Limon çox turşdur və dərinin pH tarazlığını poza bilir, ciddi allergik reaksiyalara, həddindən artıq quruluğa, qızartıya və dəridə soyulmaya səbəb ola bilər. Həssas və ya problemli bir dəri tipiniz varsa simptomlar daha da ağırlaşa bilər. Ona görə də birbaşa limon maskalarından uzaq durun və ən yaxşı nəticə almaq üçün üz maskalarında yalnız bir neçə damla limon suyu istifadə edin.
Ağ şəkər tozu
Sərt olması həssas üz toxumalarına zərər verə biləcəyindən dərinizə birbaşa şəkər tozu sürtməyin. Normal ağ şəkər tozu ilə pilinq etmək dəri səthindəki mikro cırıqlar, iltihablanma, qızartı, quruluq və digər problemlərə yol aça bilər. Sızanaq problemi olanlar əsla ağ duz və ya şəkərdən istifadə etməməlidir, çünki bunların tətbiq olunması yara izi, qızartı və daha çox iltihablanmağa səbəb ola bilər.
Qabartma tozu
Üzü qabartma tozu ilə yumaq, üz maskası və ya pilinq kimi tətbiq etmək dərinin qoruyucu yağ baryerini ortadan qaldıra bilər və onu infeksiyalara, sızanaqlara qarşı müdafiəsiz qoya bilər. Sağlam bakteriya florasını və həssas ferment tarazlığını pozmaqla yanaşı qabartma tozu tətbiqi daha çox günəş həssaslığına və hiperpiqmentasiyaya səbəb ola bilər.
Darçın
Darçın möcüzə dadı və ətri olan mükəmməl ədviyyatdır. İsidici təsiri olan darçın birbaşa dəri üzərində istifadə edilməməlidir. Darçın qıcıqlandırıcı olduğundan hər hansı bir kosmetik vasitələrdə çox nadir hallarda tapılar. Dəriyə qulluq vasitəsi kimi istifadə etmək istəyənlər hamar və ləkəsiz bir dəri üçün ədviyyatı bal, zeytun yağı və s. ilə qarışdırıb tətbiq etməlidirlər.
Bitki mənşəli yağ
Bitki mənşəli yağların istifadə edilməsi dəri səthini nəmləndirə, eyni zamanda tıxanmış məsamələrə, sızanaqlara və parlaq bir görünüşə səbəb ola bilər. Amma, rəfinə edilmiş yağlar kimyəvi prosedurlara məruz qalır və bunları üz üçün istifadə etmək yalnız dəriyə zərər verər. Quru dəriniz varsa, yalnız soyuq preslenmiş və orqanik bitki əsaslı yağlardan istifadə edin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com