Güclü geomaqnit qasırğası gözlənilir


Martın 28-də Günəşdə baş verən Tac kütlə atılmasının geoeffektivliyi (CME - Coronal Mass Ejection) səbəbindən 30 mart-1 aprel tarixlərində Yerin geomaqnit sahəsində kifayət qədər güclü həyəcanlanma baş verəcək.

guclu-geomaqnit-qasirgasi-gozlenilir
30.03.2022 19:58 1 dəq oxuma

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, bunun nəticəsində göstərilən tarixlərdə maqnit qasırğası gözlənilir. Martın 29-da Günəşin səthində çoxsaylı M və C siniflərindən olan alışmalar baş verib. Baş verən alışmalar da maqnit qasırğasının güclənməsinə səbəb olacaq.

Hazırda Günəş küləyi parametrləri tac dəliklərindən çıxan yüksək sürətli axınların (CH HSS - Coronal Hole High Speed Stream) təsiri və martın 25-də baş vermiş Tac kütlə atılması nəticəsində güclü səviyyədə qalmaqdadır. Martın 30-u səhər saatlarında geomaqnit sahə sakit olub. Martın 28-də baş vermiş Tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 30-da günün sonunda sakit şərait G1 səviyyəli (zəif-mülayim) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şəraitlə əvəzlənəcək. Martın 31-də günün əvvəlində maqnit qasırğası G3 və bəzi saatlarda isə G4 səviyyəsinə yüksələcək. Tac kütlə atılmasının təsiri aprelin 1-də azalacağından geomaqnit şərait G2 səviyyəli maqnit qasırğası ilə əvəzlənəcək.

Qeyd edək ki, maqnit qasırğalı kosmik hava şəraiti ilk növbədə xüsusi risk qrupuna daxil olan insanlara təsir edir. Ürək-qan damar və digər xroniki xəstəlikləri olan insanlar, qismən də ahıllar və azyaşlılar daha çox diskomfort hiss edirlər. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. (report)