Azərbaycanda iyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti tərəfindən iyulun 27-si səhərdən 29-u səhərədək ölkə ərazisinin əksər bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Qurumdan verilən məlumata görə, Xidmət rəisi Nazim Mahmudov sarı və narıncı xəbərdarlıqla bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.
Xidmət rəisi bölgələrdə, xüsusilə, dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı da əhalini ehtiyatlı olmağa, çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə dayanmağa, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyə, eyni zamanda, hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlara diqqət yetirməyə çağırıb.
İyulun 27-si səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən “sarı” və “narıncı” xəbərdarlıq verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, “narıncı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti arabir 20,8-28,4 metr/saniyə təşkil edəcək.
“Sarı” xəbərdarlığa uyğun olaraq şərq küləyi Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Siyəzən, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Goranboy, Daşkəsən, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Hacıqabul, Biləsuvar, Cəlilabad, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Qax, Zaqatala, Şabran, Xızı, Şəki, Salyan və Neftçalada fasilələrlə saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhərdən arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 28-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-75 faiz təşkil edəcək.
İyulun 27-də Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, səhərdən arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 25-26° isti olacaq.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 17-22° isti olacağı bildirilir.
TurpKimi.com