“Həyatımda gördüyüm ən yaxşı müəllim sizsiniz...”

Xanım Tomson orta məktəb müəllimi idi. İş həyatına 5-ci sinifləri oxudaraq başlamışdı. Həmin gün şagirdlərinin qarşısına keçib bir yalan söylədi:
“Hamınızı eyni dərəcədə sevirəm!”.
Halbuki hamısını eyni dərəcədə sevməsi mümkün deyildi. Doğru söyləmirdi xanım Tomson.
Düz qarşısındakı sırada bir uşaq otururdu. Diqqətdən yayınmayacaq qədər içinə qapanıq, çökmüş bir uşaq...
Adı Teddi Stoddard idi.
Xanım Tomson Teddini uzun müddət izləyirmiş, çünki o digər uşaqlarla qaçıb oynamazdı. Əyni-başı da hər zaman çirkli olar, məlum çimməzmiş də...
Xanım Tomson hər şagirdinin keçmiş qeydlərini oxusa da, Teddinin dosyasını, xüsusilə axıra saxlamışdı. Sıra ona gələndə, təəccübləndirən bir məlumatla qarşılaşmışdı.
Uşağın birinci sinif müəllimi Teddi haqqında dosyaya belə bir qeyd yazıb:
“Teddi çox zəkalı uşaqdır və hər an gülməyə, şənlənməyə hazırdır. Tapşırıqlarını hər zaman yazır, üstəlik çox mehribandır. Dostları onunla yoldaşlıq etməkdən xoşbəxtdirlər”.
Yazılanların indiki Teddi ilə heç bir əlaqəsi yox idi.
Daha sonra ikinci sinif müəlliminin yazdığı qeydləri oxumuş xanım Tomson:
“Teddi mükəmməl bir şagirddir, yoldaşları tərəfindən çox sevilir, lakin Teddinin anası çox xəstədir. Buna görə o, çox üzülür. Düşünürəm, Teddinin evdəki həyatı heç də asan deyil”.
Üçüncü sinif müəlliminin qeydləri:
“Anasının ölümü Teddini çox sarsıtdı. Bu müddət onun üçün asan olmadı. Atası isə Teddiyə kifayət qədər diqqət göstərə bilmir. Əgər bir şeylər edilməsə, evdə yaşananlar Teddinin təhsil həyatına pis təsir edəcək”.
Dördüncü sinif müəlliminin qeydə aldığı yazılar isə çox üzücüdür:
“Teddi çox içinə qapanıb, dərslərinə və tapşırıqlarına heç maraq göstərmir. Artıq dostu da yoxdur. Kimsəylə oyun oynamır, bəzən sinifdə yatıb qalır”.
Xanım Tomson, nəhayət, problemin nə olduğunu anlamışdı. Yanlış düşüncələrindən dolayı özündən utanırdı.
Yeni il bayramı idi. Sinifdə hər bir şagird müəllim üçün hazırladığı hədiyyələri rəngli və zərli kağızlara büküb gətirdikləri halda, Teddi sellofana sarımışdı. Xanım Tomson onun hədiyyəsini belə görəndə çox üzülmüşdü. Hədiyyəni digərlərinin yanında açmaq məcburiyyətində qalması ona pis təsir etmişdi.
Hədiyyə açılanda sinifdəki uşaqlar sellofandan üzərində qaşları əksik olan bilərzik və yarıdan çoxu qutarmış köhnə ətir qabının çıxdığını görəndə gülüşməyə və Teddini lağa qoymağa başlamışdılar. Xanım Tomson isə dərhal vəziyyətə müdaxilə etmiş, bilərziyin çox gözəl olduğunu söyləmiş, ətirin möhtəşəm qoxusunun olduğunu deyərək bir az boynuna sıxmışdı.
Dərsdən sonra balaca Teddi müəlliminin yanına getmiş və “Xanım Tomson, bu gün anam kimi qoxursunuz” demişdi.
O gün xanım Tomson üçün çox çətin və iş həyatının geridə qalan hissəsiylə bağlı qərar vermək günü oldu. Bütün günü göz yaşı tökən Tomsonun məqsədi artıq oxumağı, yazmağı və riyaziyyatı öyrətmək deyildi, həm də uşaqları gələcəyə yetişdirmək idi.
Xanım Tomson Teddiyə özəl bir yaxınlıq və diqqət göstərməyə başladı. Uşağa yaxınlaşdıqca, o, Teddinin həqiqətən də nə qədər zəkalı və çalışqan olduğunu kəşf etdi. Ona cəsarət verdikcə, uşaq daha da inkişaf edirdi. İlin sonuna gəldiklərində Teddi artıq sinfin ən çalışqan şagirdləri arasında yer almışdı. Xanım Tomson artıq hamısını bərabər sevmirdi, Teddini hamısından daha çox sevirdi. Teddi ən sevimli, ən sürətlə inkişaf edən və uğur qazanan şagirdi idi.
Dərs ilinin sonunda xanım Tomson qapının ağzında bir məktub tapdı. Teddidən bir məktub...
“Həyatımda gördüyüm ən yaxşı müəllim sizsiniz...” yazmışdı Teddi.
Xanım Tomson ondan növbəti məktubu almaq üçün 6 il gözləməli oldu. Teddi liseyi bitirdiyini və sinifdəki ən yaxşı üç şagirddən biri olduğunu yazırdı. Lakin məktubun sonunda yenə eyni cümləni əlavə etmişdi: “Həyatımda gördüyüm ən yaxşı müəllim sizsiniz”.
4 ildən sonra daha bir məktub gəldi Teddidən. Artıq universitetdə oxuyurdu. Yaxşı dərəcə göstərib məzun ola bilmək üçün çox çalışdığını və hələ də həyatında gördüyü ən yaxşı müəllimin xanım Tomson olduğunu yazmışdı.
4 ildən sonra Teddi xanım Tomsona məzun olduğu xəbərini verdi. Hələ də həyatında gördüyü ən yaxşı müəllimin onun olduğunu yazırdı məktubunda. Ancaq məktubun altındakı imza bu dəfə uzun göründü xanım Tomsona...
Tibb Elmləri üzrə Doktor Theodore F.Stoddard...
Yazda xanım Tomsona daha bir məktub gəldi. Teddi həyatının sevgisiylə qarşılaşdığını, evlənəcəyini xəbər verirdi. Atası isə bir neçə il bundan əvvəl vəfat etmişdi. Toyunda bəyin ana və atası üçün ayrılan yerə xanım Tomsonun oturub-oturmayacağını soruşurdu.
Xanım Tomson dəvəti düşünmədən qəbul etdi. Biləyinə qaşları əksik olan bilərziyi taxmış, illər öncə Teddinin hədiyyə etdiyi ətiri də sıxmışdı. Yenə anası kimi qoxurdu xanım Tomson... Görüşərkən bir-birilərinə sarılıb ağlaşdılar. Teddi illər sonra müəlliminin qulağına belə fısıldadı:
“Mənə inandığınız üçün çox təşəkkür edirəm, xanım Tomson. Özümü dəyərli hiss etdirdiniz”.
“Mən sənə təşəkkür edirəm, Teddi”, xanım Tomson dedi: “Bir məsələdə yanılırsan. Əslində sən mənə özümü dəyərli hiss etdirdin. Səninlə qarşılaşana qədər müəllimliyin nə olduğunu bilmirmişəm”.
Sevəbilmə qabiliyyəti: Məşhur alman psixoanalitik və sosioloq Erik Fromm başqalarına yardım etməyən, başqalarını sevməyən insanın dünyada tənha olduğunu söyləyir. Ətrafı hər nə qədər insanlarla dolu olursa olsun, həyatı nə qədər məşğul, nə qədər maraqlı və rahat olursa olsun, başqaları ilə təması olmayan, başqalarına köməyi dəyməyən və sevməyən insan yalnızdır. Sevgi yaratmayan, sevgi verməyən insanı dünyanın ən gücsüz, ən zəif insanı olaraq tərif edir. Çünki sadəcə gücsüz insan sevgi verə bilməz.
HAKAN MENGÜÇ – “Mutluluğu sende bulan senindir, ötesi misafir” kitabından
Firuzə Alimova / TurpKimi.com