Günəş kremlərini “düşmən” elan edənlərə xəbər var


Bu araşdırmanın nəticələrindən sonra gündəlik günəş kremindən istifadə artacaq, yoxsa azalacaq?

gunes-kremlerini-dusmen-elan-edenlere-xeber-var
25.05.2019 22:35 2 dəq oxuma

Günəş əleyhinə qoruyucu kremlərlə bağlı “Queensland” və Cənubi Avstraliya universitetlərinin iştirakı ilə aparılan bir araşdırma, günəş kremlərində istifadə olunan sink-oksid nanopartikullarının dərinin altına nüfuz etmədiyini, həm də təkrar istifadədən sonra belə hüceyrələrdə toksiki təsir yaratmadığının sübutunu birbaşa ortaya qoyub. Yəni günəş kremlərinin potensial olaraq bədəni zəhərlədiyi ilə bağlı gəzən söz-söhbətlərdən dolayı ağlınız qarışırsa, qarşıdakı yaz-yay aylarında bu kremlərdən rahat şəkildə istifadə edə bilərsiniz.

TurpKimi.com bildirir ki, bu barədə “Journal of İnvestigative Dermatology”də yayımlanan hesabatın baş araşdırmaçısı professor Michael Roberts daha əvvəl də heyvanlar üzərində apardığı bir neçə işləriylə məşhurdur. Professor Roberts “bu araşdırmalarda sink tərkibli günəş kremlərinin heyvanların bədənində insanlardakından daha çox əmildiyi müşahidə edilib. Bu səbəblə insanlarda sink-oksid nanopartikullarının epidermisə keçə biləcəyini və bunun DNA-ya zərər verməklə yanaşı, bəzi toksiki nəticələr yarada biləcəyi istiqamətində narahatlıq yarandı” deyib.

Nanopartikulyarlar dərinin üst qatında qalır

Araşdırmaçılar təcrübə zamanı yaşları 20 və 30 arasında dəyişən 5 könüllü üzərində sink-oksid nanopartikullarının tətbiq edilməsinin nə qədər etibarlı olub-olmadığını araşdırıb. Könüllülər ard-arda 5 gün ərzində, hər 6 saatdan bir bədənlərinə sink-oksid nanopartikullarını vurublar. Araşdırma zamanı daha dəqiq görüntülərdən istifadə edən araşdırmaçılar nanopartikulların dərinin üst qatında qaldığını və hər hansı hüceyrəyə zərər vermədiyini görüblər.

Bu araşdırmanın nəticələrindən sonra gündəlik günəş kremindən istifadənin etibarlı olduğunu düşünən insanların sayında artım olacağı düşünülür. Çünki 2017-ci ildə yayılan araşdırmanın nəticələrinə görə, dəridə yaranan qorxunc nəticələrin səbəbi kimi günəş kremlərinin toksiki təsirlərinin daha çox olduğunu unutmamaq bildirilmişdi.

Firuzə Alimova / TurpKimi.com