Gürcüstan vətəndaşı ilə yol yoldaşı olanlar Azərbaycanda karantinə yerləşdirildi


Ötən gün Gürcüstan rəsmiləri bir vətəndaşın koronavirusa yoluxduğunu təsdiqləyib.

gurcustan-vetendasi-ile-yol-yoldasi-olanlar-azerbaycanda-karantine-yerlesdirildi
27.02.2020 19:15 2 dəq oxuma

Xəstəliyə yoluxan şəxs İranı tərk edərək, Azərbaycan ərazisindən keçməklə, Gürcüstana daxil olub.

Gürcüstanın Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib ki, 50 yaşlı kişinin müalicəsi infeksiyanın və xəstəliyin ağırlaşmasından asılı olacaq.
“Bu dəqiqəyə qədər onun vəziyyəti qənaətbəxşdir. Hərarəti yoxdur və sətəlcəm xəstəliyi aşkar edilməyib. Hazırda onun intensiv terapiyaya ehtiyacı yoxdur, amma lazım gələrsə, müalicə ilə təmin ediləcək”.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumatda qeyd olunur ki, koronavirusa yoluxan şəxslə təmasda olan gömrükçülər də karantinə göndərilib.

Gürcüstan vətəndaşı ilə yol yoldaşı olan şəxslər isə Azərbaycanda karantinə yerləşdirilib. /oxu.az

“Azərbaycandan gedən şəxsdə koronavirusun gizli dövrü olub” — Baş epidemioloq

 

"Koronovirusa yoluxan Gürcüstan vətəndaşının Azərbaycan sərhədində saxlanılmamasının səbəbi xəstəliyin gizli dövrdə olması ilə əlaqədardır. Həmin şəxsdə xəstəliyin gizli dövrü olub, müəyyən vaxtdan sonra orqanizm zəifləyib, xəstəliyin əlamətləri üzə çıxıb və Gürcüstan sərhədində aşkarlanıb”.

Bunu Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, həmin şəxs Azərbaycanda kimlərisə virusa yoluxdura bilər.

"Azərbaycanda kimdəsə belə əlamətlər baş verərsə, biz dərhal tədbirlər görəcəyik. Xəstəliyin gizli dövrü var. Hər bir orqanizmin özünün müdafiə qabiliyyəti mövcuddur. Bəlkə onunla gedənlərin güclü immuniteti var və xəstəliyə yoluxmayacaq. Gürcüstan vətəndaşının hansı taksi ilə getdiyini heç kim bilmir və onun kimləri yoluxdurduğunu da bilmirik”.

Xatırladaq ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma halı aşkar edilib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycan ərazisindən keçməklə daxil olub.