Hamburger çörəklərini evdə özünüz hazırlayın - Resepti


Marketlərdə satılan hazır burger çörəklərinin tərkibinə uzun müddət qalması üçün qatqı maddələri mütləq vurulur.  

hamburger-coreklerini-evde-ozunuz-hazirlayin
05.10.2022 22:01 2 dəq oxuma

Hər kəsin sevdiyi hamburger çörəyini ev şəraitində də asanlıqla hazırlaya bilərsiniz.  

TurpKimi.com ev şəraitində yumşaq və kəmşirin burger çörəyi hazırlamaq qaydasını təqdim edir:

BURGER ÇÖRƏYİ 

Lazım olanlar:

750 qr un
525 ml süd
150 ml duru yağ
45 qr yaş maya
37 qr şəkər tozu
15 qr duz
Küncüt
Yumurta sarısı və süd (üzəri üçün)

Hazırlanma qaydası

Bir qaba quru ərzaqları əlavə edib qarışdırın. Ayrı bir qaba isə maye qarışıqları əlavə edib qarışdırın. Daha sonra ərzaqları bir-birinə qatıb xəmir yoğurun. Ələ yapışan yumşaq bir xəmir alınmalıdır. Üzərini nəmli bir bezlə örtüb mayalandırın.

Daha sonra kiçik kündələrə ayırın.  Bir kündə 100 qr çəkidə olsun.  Kündələrin üzərini streçlə örtün. Kündələr mayalandıqda ölçüsü iki dəfə böyüyəcək. 

Üzəri üçün

1 ədəd yumurta sarısını 3 yemək qaşığı südlə qarışdırıb fırça ilə mayalanmış kündələrin üstünə çəkin. Küncüt səpin. 

Əvvəlcədən isidilmiş sobada 190 dərəcədə 9 dəqiqə bişirin.

Sobadan çıxan burgerlərin üstünə dərhal əridilmiş kərə yağı sürtün. Burgerləriniz daha parlaq və daha ləzzətli olacaq.

Diqqət!

Kündələrin üzərinə streç çəkərkən xəmirin mayalanacağını nəzərə alaraq  çox möhkəm streç çəkməyin. Yoxsa xəmir kifayət qədər qabarmaz. 

Mayalandıqdan sonra üzərini örtsək, xəmirə əl vursaq xəmirin qabarması sönə bilər.  

Hər sobanın bişirmə temperaturu eyni deyil. Ona görə də bişirmə müddətini nizamlayın. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

09-08-2022