Meyvə sularının içindən çıxan şeylər əslində nədir?
Təzə sıxılmış meyvə suyu mineral və vitamin anbarıdır. Bəs qablaşdırılmış meyvə suyu necə?
Marketlərdə müxtəlif çeşidlərdə, rəngbərəng qutularda meyvə suları satılır. Çoxuna elə gəlir ki, qablaşdırılmış meyvə suyu qazlı içkilərdən daha təhlükəsizdir. Əslində yanılırıq.
TurpKimi.com rəngləri ilə göz oxşayan qutularda olan meyvə suları haqda maraqlı və vacib bilgiləri oxucuları üçün araşdırıb təqdim edir:
Qutuda olan meyvə suları düzgün saxlanmadıqda maya və kif göbələkləri inkişaf edir. Meyvə şirəsinin istehsalında pasterizə edilmə üsulu tətbiq edilir və bu üsulla içərisindəki kif, maya və yarana biləcək digər istənməyən mikroorqanizmlər təsirsiz hala gətirilir. Ancaq havadakı müxtəlif mikroorqanizmlərlə meyvə şirəsi bir şəkildə qarışır.
100 faiz meyvə şirəsinin qida tərkibini yalnız biz deyil, mikroorqanizmlər də sevir. Mikroorqanizmlər meyvə şirəsinin içinə havadan daxil olaraq bu mühitdə asanca törəyə bilirlər. Bu hal əslində meyvə şirəsində qoruyucu qatqı maddəsinin olmadığının ən dəqiq isbatıdır. Belə halla rastlaşanda sevinməliyik ki, aldığımız şirənin hazırlanmasında təbii üsullardan istifadə edilib.
Meyvə şirəsinin rəf ömrünün uzun olması, pasterizə edilməsi, steril, yəni hər cür mikrobdan təmizlənilmiş mühitdə doldurulması onu xarici təsirlərdən qoruyan qabı sayəsindədir. Bu cür qablaşdırma prosesində qabda hər hansısa bir zədənin yaranması və havayla təmas olarsa məhsulun xarab olması normaldır.
Meyvə şirəsi istehsal edildikdən sonra marketə, satış nöqtələrinə gələnə qədər əldən-ələ keçir. Məhsulun daşınması zamanı qutularda müəyyən zədələnmələr yarana bilər. Nəticədə piştaxtadan seçilən meyvə şirəsi alarkən mütləq diqqətli olmaq lazımdır.
Satışda olan qablaşdırılmış meyvə şirəsinin qapağı açıldıqdan sonra 3 gün ərzində istehlak edilməsi mütləqdir. Özü də saxlanma şəraitinə də diqqət etmək lazımdır. Mütləq sərin yerdə, ya da qapağı bağlı şəkildə saxlanmalıdır. Düzgün saxlanmadıqda qutuda maya və kif göbələyi yaranır. Bu da qida zəhərlənmələrinə səbəb olur. Çoxları bəlkə də vəziyyətin fərqində olmadan o meyvə şirəsini istehlak edir, açıb qutunun içərisinə baxmaq belə ağlına gəlmir. Qutuda kif və maya göbələyi yaranarsa, bu hal məhsulun dadına, qoxusuna birbaşa təsir edir. Hətta qutu açılmamışdan qabaq qabda müəyyən şişkinliyin olmasına mütləq diqqət etmək lazımdır.
Adətən görünüşü gözəl olan, saf olan meyvələr bazara çıxarılır. Təbii ki, çürük, müəyən zədəsi olan meyvələr müxtəlif məqsədlər üçün zavodlara göndərilir.
Bazardan aldığımız bir neçə kilo meyvə arasında evə gəldikdə əzik və çürüklər ola bilirsə, tonlarla meyvə arasında da bunlara rast gəlmək təbii haldır.
Ancaq çürük meyvədən meyvə şirəsi çəkilməz, əks halda məhsulun dadı və qoxusu pis olar.
Bu səbəblə meyvə şirəsi istehsal mərhələsinin ilk etapında meyvələr seçmə bantı ilə işarələnir, yetkinləşməmiş, əzik, çürük meyvələr bantlarla ayırd edilir.
Meyvə sularının uzun ömürlü olması üçün hansı qatqı maddələrindən istifadə edilir?
100 faiz meyvə şirəsi və meyvə nektarının rəf ömrünün uzun olması istifadə edilən texnologiya və qabdan asıldır. Yəni pasterizə edilmə məhsulu xarab edən faktorları aradan qaldırır, steril mühitdə doldurulma mütləqdir, məhsulu xarici faktorlara qarşı qoruyan isə qabıdır. Ona görə də 100 faiz meyvə sularına və meyvə nektarlarına qoruyucu qatqı maddəsinin əlavə olunması qadağandır və tətbiq olunan texnologiyaya görə buna heç ehtiyac da yoxdur. Ehtiyac olmadığı təqdirdə məhsula qatqı maddəsinin vurulması isə artıq xərc deməkdir.
100 % meyvə şirəsi iki əsas üsulla hazırlanır; ya sıxıldığı kimi qablara doldurulur, ya da meyvə şirəsi əvvəl konsentrə edilir, yəni içərisindəki sərbəst suyu fiziki üsullarla buxarlandırırlar, sonra qablara doldurduqda buxarlanan qədər su təkrar meyvə şirəsi qarışığına əlavə olunur. Məhsulun meyvə nisbəti beləliklə başlanğıcda olduğu kimi 100% olacaq. Ona görə də "100%" ifadəsindən istifadə edilir.
Meyvə şirəsi, meyvə nektarı,100% meyvə şirəsi, meyvə şirəsi konsentrasiyası... Hansı digərlərindən daha sağlamdır?
Əslində bunlar meyvə nisbətlərinə və tərkiblərinə görə bir-birindən fərqli məhsullardır. Əgər məqsədiniz meyvəyə yaxın olmaqdırsa, 100 % meyvə şirəsi yazılanı almaq lazımdır.
Meyvə şirəsi bərk, yetişmiş, təzə və ya soyuqda, ya da dondurularaq mühafizə edilmiş, meyvələrin yeyilə bilər qisimlərindən əldə edilən, əldə edildiyi meyvənin xarakteristikasında rəng,qoxu və dadı itməyən, fermentasiyaya məruz qalmamış, ancaq fermentasiya oluna bilən məhsuldur.
Meyvə sularına şəkər, ya da qoruyucu əlavə oluna bilməz. Yəni pasterizasiya, sterilizasiya və ya şok pasterizasiya prosesindən keçmək xaricində evdə sıxdığınızdan çox da fərqli deyil. Əlbəttə tərkibində məruz qaldığı istiliyə görə sizin hazırlayacağınız meyvə şirəsində olan vitamindən daha az vitamin var.
Bəzi meyvələr, vişnə kimi çox turş olduğu və bəziləri isə şaftalı, ərik kimi çox qatı olduğu üçün 100 % meyvə şirəsi kimi istehlak edilməsi mümkün deyil. Bu səbəbdən meyvə nektarlarına su və şəkər əlavə olunaraq dad tarazlığı təmin edilir. Məhsulun müxtəlif çeşidli olması üçün suyu çıxarıla bilən portağal, alma kimi meyvələrdən və ya fərqli meyvə qarışıqlarıyla da meyvə nektarı çıxarıla bilər.
Amma burda da qanuna, beynəlxalq standratlara əməl etmək lazımdır. Avropa Birliyi çərçivəsində qəbul edilən qaydalar var. Nektar və meyvə nisbətlərinin standart ölçüləri var. Məsələn, vişnə nektarında meyvə nisbəti 35%, şaftalı və alma nektarında isə 50 % olmalıdır. Meyvə nektarına qoruyucu qatqı maddəsi əlavə oluna bilməz.
Meyvəli içki 10 - 24 % arasında, aromalı içki isə 10 faiz meyvə nisbətinə sahib olan içkilərdir. Bunlara qoruyucu, şəkər, dadlandırıcı, aroma verici kimi maddələrin əlavə olunmasına icazə verilər, ancaq müəyyən şərtlərə əməl etmək vacibdir. Bu iki kateqoriyadakı içkilərdən meyvələrdən aldığınız dadı gözləməyin.
Meyve suları da açıldıqdan sonra 2 gün ərzində istehlak edilməlidir. Əks halda kif və maya göbələyi yaranar və qida zəhərlənməsinə səbəb olar. Hətta soyuducu mühitiniz də kifayət qədər gigiyenik deyilsə məhsulun pozulma müddəti sürətlənər.
Meyve suyu qapağı açıldıqdan sonra otaq temperaturunda qalanda kiflənmirsə. deməli tərkibində qoruyucu maddə var.
Bir istehlakçı meyvə şirəsi satın alarkən nələrə diqqət etməlidir?
Əvvəlcə məhsulların qabları və qabların üzərindəki şəkillərin bənzər olması istehlakçının ağlını qarışdırır.Əgər meyvə şirəsi almaq istəyirsinizsə, əvvəlcə məhsulun adına nəzarət etməlisiniz. Son istehlak tarixinə baxılmalıdır. Məhsulun qabında şişkinliyin, dəlik, cırıq, yaşlıq kimi köhnəlmə göstəricilərinin olmadığına nəzarət edilməlidir.
Vüsalə Əlövsətqızı, Turpkimi.com
Yazılıb:20.05.2021