"Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayı var? - Millət vəkilindən sərt tənqid


"Dövlətin dini icmaların qeydiyyatı məsələsinə qarışması lazımdır. Ona görə lazımdır ki, çox vaxt dini icmalar inanc məsələsinə görə yaradılmır. Onların yaradılma səbəbi bir çox hallarda siyasi məqsədlərdir".

hansi-olkede-azerbaycandaki-qeder-haci-hacixanim-kerbelayi-var
29.01.2022 22:05 2 dəq oxuma

 Bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, siyasi məqsədlərlə yaradıldığına görə dini fəaliyyətdən daha çox siyasi fəaliyyətə yönəlirlər.

"Belə bir vəziyyətdə dövlət mütləq nəzarət qoymalıdır ki, başqa ölkələrdə yaşananlar Azərbaycanda yaşanmasın. Çünki cəhalətin ən acınacaqlı forması dindən gəlir. Lap çoxdandır ki, Azərbaycanda İslam dini bu və ya digər formada yoxdur. Əvvəllər hamı elə bilirdi ki, bu, İrandan gəlir. Xeyr, elə Ərəbistandan, Türkiyədən, İrandan və başqa yerlərdən gələn də eyni cəhalətin, eyni aqressivliyin daşıyıcısıdır. Ona görə də biz onları nəzarətdə saxlamalıyıq. İslam insanın şəxsi əxlaqı, mənəviyyatı ilə bağlı olan bir məsələdir. Çoxu gözə soxmaq üçün bu ibadəti edir. Həmin insanlar yaxınında, çevrəsində olan insanların təqdirini qazanmaq, mömin görünmək üçün belə edirlər. Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayi, məşhədi var?! Heç birində! Saxtakar olmayan adam elə öz adı ilə çıxış edər də! Adama deyərlər ki, sənin ibadətinin mənə nə dəxli?! O, sənin fərdi məsələndir. Niyə adının qabağına "hacı”, "hacıxanım” yazdırır? Deməli, problem başqadır. Bu, Allaha göstərmək üçün deyil, cəmiyyətə göstərmək üçündür. Özünü Allaha göstərməyə ehtiyac yoxdur. Onsuz da Allah sənin gerçək inanc sahibi olub-olmadığını bilir. Amma cəmiyyətə göstərməyə başlayanda hoqqabazlıq, saxtakarlıq, dələduzluq özünü büruzə verir. Həm də bütün bunlar artmağa başlayır", - deyə Fazil Mustafa bildirib.