Hava haqda mühüm xəbərdarlıq


Qarşıdakı 5 gün Bakı və Abşeron yarımadasında bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq.

hava-haqda-muhum-xeberdarliq-1
20.02.2025 16:37 2 dəq oxuma

Fevralın 20-si axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2°-dək enəcək. Fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0°-dən aşağı olması, yolların buz bağlaması gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq. Bu müddət ərzində havanın temperaturunun 0-3° şaxta olacağı, fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır.

Nazirlik rəsmisi Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur”.

Azərbaycanda fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək. Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.

TurpKimi.com