Hazır souslardan tez-tez istifadə bir çox problemlərə səbəb ola bilər! Xüsusilə uşaqlarda...
Hazır sousların əksəriyyətinin tərkibində yağ və duzun nisbəti çoxdur. Mütəxəssislər bu cür məzələrin sağlamlıq üçün zərərli kanserogen maddələr də ehtiva edə biləcəyini bildirirlər.
TurpKimi.com Qidalanma və Pəhriz üzrə Mütəxəssis Hülya Yiğitin hazır souslarla bağlı açıqlamasını oxucuları ilə bölüşür. Hazır sousların tez-tez istifadəsi bədəndə ödəmin (şişkinliyin) yaranmasına, həddindən artıq duz qəbuluna bağlı olaraq sümüklərdən kalsiumun çəkilməsinə və qarın nahiyəsində yağlanmaya səbəb olur. Tərkibindəki maddələr xüsusilə uşaqlarda hiperaktivliyi artırır.
Mətbəx mədəniyyətlərinin qarşılıqlı təsiri sousları da Türk mətbəxinə daxil etdi.
Qidalanmanın sadəcə aclığın aradan qaldırılması deyil, eyni zamanda zövq üçün edilən bir fəaliyyət olduğunu bildirən Hülya Yiğit, “Bu səbəbdən bir çoxumuz yeməyin dadını artırmaq üçün souslardan istifadə edirik” deyib.
Türk mətbəxində sousların böyük yer tutmadığını xatırladan Yiğit, “Sosial ünsiyyətin artdığı dünyada müxtəlif yemək mədəniyyətlərinin bir-biri ilə qarşılıqlı təsirini də müşahidə edirik. Bu səbəbdən son illərdə market rəflərində müxtəlif souslarla qarşılaşırıq” deyə bildirib.
Mədə problemi olanlar diqqətli olmalıdır
Hazır sous deyəndə ağıla ketçup, mayonez, barbekü sousu, acı sous, soya sousu, beşamel sousu kimi klassik souslar gəlir. Bəs bu cür souslar nə qədər sağlamdır?
Hazır sousların əksəriyyətinin tərkibində yüksək miqdarda yağ və duz olur. Bir çox sousun istehsalı zamanı yüksək temperaturun təsirindən qidada sağlamlıq üçün zərərli kanserogen maddələr yaranır. Bu sousların tez-tez istifadəsi bədəndə ödemin yaranmasına, artıq duz qəbuluna görə sümüklərdən kalsiumun çəkilməsinə və qarın bölgəsində yağ toplanmasına səbəb ola bilər.
Xüsusilə uşaqlarda...
Qastrit, reflü kimi mədə problemi olan şəxslərin hazır souslardan istifadə edərkən daha diqqətli olmaları tövsiyə olunur. Hazır souslarda olan monosodium qlutamat (MSG), rəngləndiricilər və qoruyucu maddələrin xüsusilə uşaqlarda hiperaktivliyi artıra biləcəyi unudulmamalıdır.
Sousları evdə də asanlıqla hazırlamaq olar
Bir çox sousu ev şəraitində asanlıqla hazırlamaq mümkündür. Üstəlik heç bir qoruyucu əlavə etmədən.
Məsələn, həm daha sağlam, həm də damaq zövqünüzə uyğun dadlandıracağınız Pesto sousu hazırlamaq üçün:
2 dəstə təzə reyhan
3 yemək qaşığı rəndələnmiş parmezan pendiri
3 yemək qaşığı şam fıstığı və ya qoz və ya yer fıstığı
yarım limonun suyu
yarım çay stəkanı sızma zeytun yağı
1-2 diş sarımsaq
2-3 qram duz
Bütün inqrediyentləri qarışdırıb blender və ya mətbəx robotu ilə püreyə çevirin. Üzərinə yavaş-yavaş zeytun yağı əlavə edərək qarışdırın və istədiyiniz qatılığı əldə edin. Şüşə qaba tökərək soyuducuda saxlaya bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com