İmkanlı şəxslərin tük ürpədən düşkünlüyü - şimpanze əti
İngiltərədə bəzi imkanlı ailələrin Qərbi Afrikadan ölkəyə qaçaq yolu ilə gətirilən şimpanze əti yediyi irəli sürülüb. Bunu eşidən alimlər isə ciddi bir epidemiyanın başlaya biləcəyindən narahatdır.
"Daily Telegraph"da yayımlanan xəbərə görə, Qərbi Afrikadan İngiltərəyə gətirilən şimpanze ətləri imkanlı ailələrin toy mərasimlərində yeyilir. Alimlər isə bu heyvanların qeyri-sağlam şəraitdə kəsildiyini və genetik olaraq insanlara çox yaxın olduqları üçün ciddi epidemiyanın baş verəcəyi haqda xəbərdarlıq ediblər.
Hətta bəzi mağaza və marketlərdə qaçaq yolu ilə gətirilən şimpanze ətləri satılır. Ona görə də əlaqədar şəxslər gömrüklərdə ətlərə DNA testi edilməsi üçün tapşırıq verib.
Bu barədə açıqlama verən “East Anglia” universitetinin primatlar üzrə mütəxəssisi Dr.Ben Garrod ötən həftələrdən birində hava limanında Qərbi Afrikadan ABŞ-a yola düşən təyyarədə çoxlu miqdarda şimpanze ətinin ələ keçirildiyini söyləyib. Onun dediklərinə görə, İngiltərə və digər Avropa ölkələrində qaçaq şimpanze əti çox yayılıb. Adətən, bu ət toy və vaftiz mərasimlərində qonaqlara vermək üçün alınır.
1960-cı illərdə şimpanzelərin hər hansı alətdən istifadə etdiyini kəşf edən və daha sonra primatların qorunması üçün bəzi araşdırmalar həyata keçirən Dr. Jane Goodall “yeni böyük hücumun” şimpanzelərdən başlaya biləcəyinə diqqət çəkib.
ABŞ-da insana keçən və xəstəlik daşıyan qaçaq şimpanze ətlərinin ələ keçirildiyinə vurğulayan Goodall “HİV primatlardan gəlib. Bu heyvanlara bənzərliyimiz olduğu üçün onların ətlərindən insanlara müxtəlif patogen və virusların keçməsi və ya insan bədənində mutasiyaya məruz qalma riski var” deyib.
Şimpanze ətinin mal və donuz ətindən 5 dəfə baha olduğu bildirilir. Mütəxəsisslər hisə verildiyi üçün şimpanze ətlərinin gözlə müəyyən edilməsinin çətin olduğunu bildirir. Ətlər ancaq heyvanların kəsilmiş əlləri olduğu halda aşkar edilə bilir.
Yazılıb:18.06.2019
Firuzə Alimova / TurpKimi.com