AQTA Qurban bayramında heyvan kəsimi ilə bağlı məlumat yaydı.
Vətəndaşların qurbanlıq heyvan cəmdəyini (ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əldə edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bu il Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün bayramın keçirilməsi, həmçinin qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər real şərait nəzərə alınmaqla xüsusi yanaşma tələb edir. Ona görə də vətəndaşların qurbanlıq heyvan cəmdəyini (heyvan ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əvvəlcədən sifariş etməklə əldə etmələri nəzərdə tutulub. Buna görə də vətəndaşlar həmin satış məntəqələrindən baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvan ətlərini, cəmdəklərini əldə edə bilərlər.
Pandemiya şəraitində insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələri, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etmək məqsədilə küçə və yol kənarlarında, parklarda və digər ictimai yerlərdə, xüsusi risk yaradan sanitariya və gigiyena tələblərinə uyğun olmayan ərazilərdə heyvan kəsiminin həyata keçirilməsi məqsədəuygun deyildir:
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, Qurban bayramı günlərində də adi günlərdə olduğu kimi baytarlıq nəzarəti və heyvan sağlamlığına nəzarət tədbirlərini ardıcıl olaraq davam etdirəcək, bayramın sağlam və təhlükəsiz şəraitdə qeyd olunmasını təmin etmək üçün aidiyyəti qurumlarla birgə bütün zəruri tədbirləri həyata keçirəcəkdir".
Turpkimi.com