Hiperaktiv uşaqların dramı - Gün gələcək sizdən üzr istəyəcəklər, dərman verib beyninizi keyitdikləri üçün...


Sevgi dolu övladlarınızda anormal nəsə axtarıb dərmana məhkum etməyin!

hiperaktiv-usaqlarin-drami
12.12.2021 08:11 4 dəq oxuma

Orta məktəbə gedən hər 20 uşaqdan birinə “Diqqət əskikliyi və hiperaktivliyin pozulması” diaqnozu qoyulur və uzun illər davam edəcək dərman müalicəsinin ilk addımı məhz bu diaqnozla başlayır.

Məktəbdəki əksər yoldaşları kimi dərsləri öyrənə bilmədiyi üçün yolu həkimə düşən bu uşaqlar təəssüf ki, bir müddətdən sonra dərman istifadə etməkdən dolayı bitib-tükənmişlik hissinə qapılırlar.  Yoldaşları dərman qəbul etmədən dərslərini dinləyə bildikləri halda, bir uşağın dərman içmək məcburiyyətində qalması o uşaqda tükənmişlik hissi yaradır.

Türkiyədə bir il ərzində diqqət əskikliyi üçün yüz minlərlə qutu dərman satılır. Sektor çox canlıdır.

Sınaqlardan aşağı nəticələr əldə edən, dərsdə müəllimini başa düşməyən, tapşırıqlarını edə bilməyən uşaqlar “bunda nəsə var” deyilərək xəstəxanaya aparılır və çoxu dərman qəbul etməyə məcbur edilərək məktəblərə qayıdırlar.

Dərmandan əvvəl coşğulu, həyəcanlı, sevincli olan uşaqların gözlərindəki işıq dərmanların qəbulundan sonra sönür, göz bəbəkləri böyüyür, baxışları qəribələşir. Sevgi-sevinc dolu uşaqlar durğunluq içinə düşür.

Bir çox valideynlər uşaqlarının bu qeyri-adi vəziyyətinə baxdıqda “görəsən, yaxşı iş görürük?” deyərək əməllərinə cavab axtarmağa, narahat olan vicdanlarını rahatlatmağa çalışırlar.

Bəs, o zaman məktəbdəki uğursuzluğun altında həqiqətən diqqət əskikliyi yatır? Və ya diqqət əskikliyi deyə bir şey varmı? Yoxsa diqqət əskikliyi uzun illər sonra ortaya çıxan bir hekayədir, mifdir?

Diqqət əskikliyi  bu gün üçün elmi həqiqət kimi görünsə də, sabah bunun bir yanlış olduğu elan edilə bilməzmi?

Xatırlayırsınızsa, bir vaxtlar yumurtanın ürək və damar xəstəliklərinə səbəb olduğunu həkimlərdən eşidib, oxuyurduq. Buna görə də ürək xəstələrinə yumurta yeməyə icazə verilmirdi. Amma uzun illərdən sonra məlum oldu ki, yayılan bu məlumatlar doğru deyilmiş.

Belə ki, Surrey Universitetinin bir qrup akademiki əslində yumurtanın insan sağlamlığına zərər verən tərəfinin olmadığını və istənildiyi qədər yeyilə biləcəyini açıqladıqda, eşidən hər kəs şok olmuşdu.  Hətta bu açıqlamadan sonra bir çox həkim yumurta yeməyi qadağan etdikləri üçün ürək və damar xəstələrindən üzr də istəmişdilər.

Bəli, bu hadisə kimi bir müddətdən sonra şüuru yerində olan uşaqlarda diqqət əskikliyi deyə bir şeyin olmadığı, bunun normal uşaqlıq halı olduğu məlum olanda, ümid edirəm, uşaqlıqlarında ağır tərkibli dərman müalicələrinə məhkum edilən insanlardan üzr istəniləcək?!

Biz artıq bilirik ki, həddindən artıq maraq duyğusundan dolayı uşaqların diqqətləri onsuz da başqa-başqa yerlərdə və dağınıq olur.  Uşaq məktəbə gələndə evdəki oyuncağını düşünür. Qardaşı ilə olan davasını fikirləşir. Çöldə quş görsə, o quşun necə uçduğunu, dostunda xoşuna gələn bir qələm görsə, onun necə gözəl olduğunu düşünür. Onsuz da normal bir uşağın şüurunda yüzlərlə düşüncə eyni anda gəlib-gedər. Vacib olan budur ki, müəllim uşağın diqqətini bu qədər düşüncə axışı içərisindən öz danışdıqlarına doğru maraq hissi ilə yönləndirə bilməsidir. Diqqətləri toplaya bilmək, uşağın deyil, müəllimin bacarığıdır.

Beləliklə, isti və rəngarəng  dünyası olan insana maraqsız təhsil vermək, onu cansıxıcı müəllim ilə baş-başa buraxmaq hələ orta məktəb vaxtından  tapşırıq və sınaqların altında əzmək və sonra da yetişkin insanların əli altında əzilmiş uşağı “diqqətini toplaya bilmir” deyərək, ona ad qoymaq böyük hörmətsizlikdir.

Üstəlik məktəbə getməzdən əvvəl uşaqlardan ağıllı, sakit olmalarını tələb etmək, müəllim nə izah edirsə, onu dinləmələri üçün təzyiq götərmək və müəllimə tabe olmayan  uşaqlara da “diqqət əskikliyi var” deyərək dərman içirtmək kiçik bədənlər üzərində qurulan haqsız bir təhkimçilikdir.

Hələ 4-5 yaşında olan bir uşaq sevinc doludur. Həyatı, yaşamağı öyrənmək üçün onda güclü bir maraq duyğusu vardır. Hər şeyə əlini atar, hər şeyi özü etmək istəyər. Pilləkənlərdən düşərkən belə əlinin tutulmasını istəməz, qucağınıza alsanız çırpınar, yenə enmək, qaçmaq, tullanmaq istəyər.

Bəs o zaman məktəbdə müəllimə qarşı diqqətli olmadığı üçün həkimə aparılan uşaq necə olur ki, bitmək tükənmək bilməyən enerji ilə fikrini oyuna cəmləyə bilir, marketdə gördüyü oyuncaq onun diqqətini cəlb edir, televizora baxır, atasının mobil telefonu ilə saatlarla oynaya bilir?! Əgər diqqət dağınıqlığı olsaydı, uşaq nə televizora baxa bilərdi, nə də yoldaşları ilə oyun oynaya bilərdi.

Düşünürəm, ölkəmiz üçün bunları eşitmək bir az tezdir, amma gələcəkdə bir gün “Diqqət əskikliyi və hiperaktivliyin pozulması” deyilən şeyin əslində “normal uşaqlıq halı” olduğu məlum olacaq və uşaqların qarşısında çox günahkar olacağıq.

Adəm Günəşin “Çocuk deyip geçmeyin” kitabından...

Firuzə Alimova / TurpKimi.com

Yazılıb: 23-12-2019