Məktəblərin tətildə olduğu bir vaxtda şagirdlərinin dərslərdən geri qalmasını istəməyən ibtidai sinif müəllimi Sevil Namazova maraqlı addım atıb.
Xəzər TV xəbər verir ki, o, hər gün öz şagirdlərinə "whatsapp" vasitəsilə onlayn şəkildə dərs keçir.
Onun onlayn dərslərinə nəinki paytaxtda, hətta rayonda olan uşaqlar da cəlb edilir. Müəllimin bu addımı isə həm uşaqlar, həm də valideynlər tərəfindən müsbət qarşılanıb.
Söhbət 45 nömrəli məktəbin ibtidai sinif müəllimi Sevil Namazovadan gedir.
O, koronavirusla əlaqədar olaraq məktəblərin tətilə bağlandığı gündən etibarən 24 şagirdinə onlayn şəkildə dərs keçir.
31 ildir ki, müəllimlik edən Sevil Namazova hər gün dərsləri proqrama uyğun şəkildə uşaqlara izah etdiyini deyir.
Dərslərdən geri qalmaq istəməyən şagirdlər də mütəmadi olaraq hər gün onlayn dərslərə qoşulurlar.
Sevil Namazova qeyd edir ki, rayonda olan şagirdlərini də mütləq şəkildə bu dərslərə cəlb edir. Dərslərin qiymətləndirilməsi də onlayn şəkildə aparılır.
Şagirdlərə hər hansı bir dərs aydın olmadıqda, müəllim həmin uşağa ya tək, ya da ki, qrup halında yenidən izah edir.
Onlayn dərslərin tətil bitənədək davam edəcəyi bildirilir.