İftara nə bişirəcəm? - Yemək reseptləri


İftara nə bişirəcəyinizi bilmirsinizsə, bu reseptlər sizə kömək edəcək.

iftara-ne-bisirecem
05.04.2023 00:25 3 dəq oxuma

TurpKimi.com Türk mətbəxindən iftara hazırlamaq üçün bəzi yemək reseptlərini təqdim edir:

 Ezogelin şorbası 

Ərzaqlar:

-1 su stəkanı qırmızı mərcimək
-2 yemək qaşığı düyü
-2 yemək qaşığı incə bulqur (yarma)
-1 ədəd quru soğan
-2 diş sarımsaq
-7-8 su stəkanı su

Sousu üçün:

1 yemək qaşığı un
1 yemək qaşığı pomidor tomatı
Yarım yemək qaşığı bibər tomatı
Duru yağ
1 dolu çay qaşığı nanə
Pul bibər, qara istiot
Yarım çay qaşığı zirə
2 su stəkanı su və ya ət suyu

Necə hazırlanır?

-Qazana duru yağı tökün və doğradığınız soğanları qovurmağa başlayın.
-Yuduğunuz və süzdüyünüz mərciməklə bulquru əlavə edib soğanla birlikdə qovurmağa davam edin. İçərisinə sarımsaqları da əlavə edin. Daha sonra suyunu əlavə edib bişməyə qoyun.
-Ayrı bir qazanda yağ ilə birlikdə unu yüngül qoxusu çıxana qədər qovurun.
-Daha sonra tomat, nanə, pul bibər, qara istiot, razyana toxumu əlavə edib, bir az daha qovurun.
-Su və ya ət suyunu əlavə edib yaxşıca qarışdırın.
-Mərciməkli və bulqurlu şorbanızın üzərinə hazırladığınız  tomatlı qarışığı və duzu əlavə edin. Lazım olsa isti su əlavə edə bilərsiniz
-5 dəqiqə  bu şəkildə qaynadın. Əgər istəsəniz, şorbanızı blender ilə çırpa bilərsiniz.
-Ezogelin şorbanız hazırdır! Nuş olsun!


Pendir kotleti
Ərzaqlar:

-250 qr lor pendiri (2 su stəkanı qədər)
-2 yumurta
-Yarım paket qabartma tozu
-2-3 yemək qasığı un
-Pul bibər
-Duz
-Cəfəri

Üstü üçün:

-Yumurta sarısı
-2 yemək qasığı suxarı əzməsi

Hazırlanması:

-Yumurtanın birinin sarısını qızardanda istifadə etmək üçün ayırın, cəfərini,  hətta istəsəniz şüyüdü incə-incə doğrayın.
-Bütün ləvazimatları ələ yapışmayan bir xəmir şəklində  yoğurun.
-Şəkilləndirin.
-Tavaya bir az duru yağ tökün və yağ isti ikən əvvəlcə yumurta sarısına, sonra suxarıya buladığımız kotletləri qızardın.
-Süfrəyə isti şəkildə verin.

Sobada tərəvəzli toyuq

Ərzaqlar:

-1 ədəd doğranmış toyuq
-4 ədəd kartof
-1-2 ədəd soğan
-3-4 ədəd yaşıl bibər
-6 ədəd çeri pomidor
-5 diş sarımsaq
-Duz

Sousu üçün:

-4-4,5 su stəkanı isti su
-1 yemək qaşığı tomat
-Yarım su stəkanı duru yağ
-1,5 çay qaşığı pul bibər
-1 çay qaşığı qara istiot
-1 çay qaşığı zirə
-2 çay qaşığı kəklikotu

Hazırlanması:

-Ətlər duzlanıb nimçəyə düzülür.
-Üzərinə və aralarına doğranmış kartof, soğan, bibər və sarımsaq əlavə olunur.
-Üzərinə dilimlənən pomidorlar düzülür.
-Tomat azca duru  yağda bişirilir.
-Üzərinə su, pul bibər, qara istiot,  zirə, duru yağ və kəklikotu əlavə olunub qarışdırılır.
-Sousu toyuğun üzərinə töküb yüngül duz səpin.
-250 dərəcə sobada bişirin.

Şirniyyat

Yalançı toyuq sinəsi

Ərzaqlar:

-1 litr süd
-1 su stəkanı un
-1,5 su stəkanı  şəkər tozu
-125 qr kərə yağı
-1 paket vanilin
-Toz darçın

Hazırlanması:

-Yağı qazanda əridin. Unu əlavə edib qarışdırın. Unun rəngi dəyişəndə südü az-az əlavə edərək qarışdırmağa davam edin.
-Üzərinə şəkəri əlavə edin və tünd bir qarışım alanadək qarışdıraraq bişirin.
-Qatılaşıb qaynamağa başlayanda  vanilin əlavə edin və sobadan götürün.
-Mikserin köməyi ilə bir neçə dəqiqə çırpın. Boşaldacağınız qabı yüngülcə su ilə nəmləndirin və pudinqi içinə tökün.
-Soyuducuya qoyun. Süfrəyə verərkən dilimləyin və üzərinə darçın səpin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

22-04-2021