Su, Od, Yel və İlaxır çərşənbəsi, yəni Torpaq çərşənbəsi qeyd edilir.
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar.Çərşənbələr yazın gəlişindən xəbər verir.
Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətaf aləm canlanır.
Folklorşünas Məhəmməd Məmmədovun sözlərinə görə, İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir.
Bayrama necə başlamaq lazımdır?
Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılıb.
Axırçərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axırçərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.
Axırçərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.
Süfrəyə nə qoyulmalıdır?
İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Yeməklərin şahı plovdur və mifoloji anlamda götürsək, düyü bərəkət rəmzidir. Sözsüz ki, yazın gəlişi, təbiətin oyanmasının nişanəsi — səməni də olmalıdır. Eləcə də şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir. Səməni xonçası hazırlayıb, bütün kənddə evləri gəzərlər, evində qara bayram olan və ya bayramı qeydə edə bilməyənləri bu xonçaya qonaq edərlər. Bundan başqa, kasıb insanların evlərinə bayram nemətləri aparmaq lazımdır. Bu bayram bir daha sübut edir ki, Novruz xeyirxahlıq, humanizm və bərabərlik bayramıdır.
Bayram necə qeyd edilir?
Ən mühüm ayinlər axşam vaxtlarında icra olunur. Üzərlik, tonqallar yandırılır və “ağırlığım-uğurluğum odda qalsın” deyilir. Çox vaxt nişanlı qızlar tonqalın ətrafında dövrə vurur və deyirlər ki, “sizi görüm alovlu-ocaqlı olasınız”. Yəni həmin insanların xoşbəxtolma arzuları ön plana çəkilir. Un çuvalının ağzı açıq qalır ki, bərəkət paylananda bağlı qalmasın.
Bu bayramda dünyasını dəyişmiş qohumların ruhlarını sevindirmək lazımdır. Deyirlər ki, həmin vaxt ruhlar evlərin bacalarında oturarlar. Ailəsinin, övladlarının necə dolandığı ilə maraqlanarlar. Ona görə həmin bayramlarda evlərdə şənlik qurular, müxtəlif yeməklər bişirilər, həmin insanların adlarına müxtəlif şirniyyatlar hazırlanardı. Burada əsas məqsəd ruhların öz övladlarının dolanışığının yaxşı olmasını görmək, o dünyaya ürəklərində qubar aparmamaqdır.
Adət-ənənələrimiz
İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq.
İlaxır çərşənbədə havanın necə asılı olmasıdan asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir.
İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar.
Bu bayramda gənclər səhərə qədər yatmazlar, şənlənib, oxuyub-oynayarlar. Bu sonuncu çərşənbədə insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval ruhiyyə ilə çıxmaq arzusunda olarlar.
İlaxır çərşənbə falları
Məhəmməd Məmmədov bu bayramla bağlı bir neçə falın olduğunu dedi. Düzdür, tez-tez fala inan, faldan qalma desək də, bayramda belə adət-ənənə hamımıza maraqlıdır. Deməli, ulduz- iynə falına görə, İlaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox əgər iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir.
Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq.
uzuk falı
İlaxır çərşənbədə sevən oğlanlar sevgilərini etiraf etmək üçün bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayarlar. Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şiriniyyat qoyub onu geri qaytararlar.
Bundan başqa, səhər tezdən lal su gətirilir, mərasimdə iştirak edəcək qızlar hərə bir əşyasını, məsələn, sancaq və ya üzüyünü suya atarlar. Sonra suyun üstünü parça və ya güzgü ilə bağlayarlar. Axşamüstü balaca oğlan uşağı suyun ağzını açar, oradakı əşyalardan birini götürər, bu zaman qadınlardan biri üzünü başqa istiqamətə çevirərək müəyyən vəsfi-hal söyləyər. Sonra həmin insanın ürəyində tutduğu niyyət ilə vəsfi-hal arasında bir uyğunluq axtarılar. Bununla da niyyət tutan insanın arzsusunun həyata keçib-keçməyəcəyi müəyyənləşdirilər.
Növbəti bayram falı isə belədir: İki alma götürüb, ona xəlvəti bir işarə qoyulur. Ürəkdə niyyət edilir, sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar.
Gənc və subay qızlar duzlu qoğal yeyərlər. Deyilənə görə, axşam yuxuda ona su verən gənc oğlan onun qisməti olarmış.
Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə sayılan Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.
Torpaq insanları yaşayış üçün zəruri olan qida-ərzaq bolluğu ilə təmin edən real həyati varlıq stixiyasıdır. Torpaq deyir: “Öldür məni, dirildim səni” və s. bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu bildirilir. Bütün bunlar torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən amillərdir...
Torpaq çərşənbəsində digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir ki, bunlar da bayram ənənəsinin təbii tələbidir. Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması onun yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunur.
Vüsalə Əlövsətqızı, TurpKimi.com