Geomaqnit aktivliyini göstərən Kp əmsalının orta qiymətinin 2023-cü ilin iyul ayında ilin ən yüksək səviyyəyə yüksələcəyi gözlənilir.
Belə ki, 11-13 iyul tarixində Kp əmsalının beş olacağı, G1 səviyyəsində geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Bundan əlavə, Abşeron yarımadasında yaxın iki gündə küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
"Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər.
Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də, bu gün 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.