Yayı digər fəsillərdən fərqləndirən cəhət məhz bol günəş işığının Yerə düşməsindədir. Təsadüfi deyil ki, kiməsə alqış edəndə "Səni görüm gün işığına möhtac qalmayasan", "İşıqlığa çıxasan" deyirik.
Bəs dünyanın enerji qaynağı olan Günəşin sağlamlığımız üçün nə qədər faydalı və ya zərərli olduğunu bilirikmi?
Əsl "xoşbəxtlik hormonu" olan günəşin xeyiri
Dünyadakı bütün varlıqlar üçün günəş bir həyat qaynağıdır. Günəşin insanlar üzərində yaratdığı müsbət təsirlər çoxdur. Bunlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində istifadə edilən antibakterial təsirdir. Eyni zamanda Günəşin fotosintez, D vitamininin meydana gəlməsini təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir etmək kimi saysız faydası var. D vitamini xüsusilə uşaq və yaşlılar üçün faydalıdır, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Yerində qəbul etmək şərtilə günəş duşları faydalıdır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün günəş şüalarının xeyiri vardır. Günəş şüaları həm də insanlara estetik görünüş verir. Onun təsirilə insan bədənində "xoşbəxtlik hormonu" deyilən hormonların istehsalı artır, insanın əhval-ruhiyyəsi yaxşılaşır. Elə insanlar vardır ki, tutqun havada kədərli olurlar.
Günün görünməyən "qaranlıq" tərəfləri
Yeni C şüası
Göstərdiyi müsbət təsirlərilə bərabər, Günəşin insana zərərləri də vardır. Günəşin ozon təbəqəsinin incəlməsi artıq insan sağlamlığı üçün təhlükə yaratmağa başlayır. Normalda atmosfer və ozon təbəqəsi yer səthinə çatan UV (ultrabənövşəyi) şüasının miqdarını azaldır. Ozon təbəqəsinin incəlməsiylə birlikdə yerə çatan UV radiasiya miqdarında böyük artım olmuşdur.
Günəşdən yayılan şüalar və bu şüalarla daşınan istilik enerjisinin 50%-i yer səthinə çatır. Günəşdən gələn şüalar 3 cür olur və hər birinin fərqli təsirləri vardır. Əvvəllər yer səthinə yalnız A və B ultrabənövşəyi şüaları çatırdı, indi isə təhlükəli C adlı şüa buna əlavə edilir. C şüaları ozon təbəqəsi tərəfindən tutulan ən zərərli şüa növüdür. Əməliyyat otaqlarında sterilizasiya məqsədilə istifadə edilir.
A ultrabənövşəyi radiasiya dərinin dərin təbəqələrinə təsir edir, dərinin erkən yaşlanması və qırışmasına səbəb olur. B şüaları isə dərinin üst təbəqəsinə nüfuz edir və yay aylarında daha çox təsirli olur. B tipli şüalar melaninlə əlaqəyə girəndə gözəl piqmentasiya yaradır, yəni uzun vaxt gözlədiyin qaralmaya nail olursan. B və C ultrabənövşəyi radiasiyaları isə birlikdə dəri xərçəngləri riskini artırır.
Dəniz və qumda qaralmaq ilk kimin ağlına gəlmişdi?
1920-ci illərdə o zamanın məşhur stilisti Koko Şanel (Coco Chanel) Fransa Rivierasından ABŞ-a yanıq bir bədənlə geri dönür.
Bu hadisə modada bürüncləşmiş dərinin yayılmasına səbəb olur. Yanıq bədən artıq zənginlərin imtina edə bilmədikləri bir modaya çevrilir. İnsanların tətil anlayışları dəyişir; dəniz və qum, qumda günəş vannası qəbul etmə, tətil deyincə, ilk ağla gələn şey olmağa başlayır.
Günəşin zərərli təsirindən necə qorunmaq lazımdır?
İnsan həyatı boyunca qəbul etdiyi UV şüalarının yarısından çoxunu uşaqlıq çağında alır.
Təkrarlanan dəri yanıqları dəri xərçənginə səbəb ola bilər. Buna görə də yalnız dəniz, ya da hovuz kənarında günəş vannası qəbul edərkən deyil, günün hər saatında Günəşdən qorunmamız böyük bir əhəmiyyət daşıyır.
Mütəxəssislər gələcəkdə müxtəlif xəstəliklərə düçar olmamaq üçün günəş şüalarının mənfi təsirlərindən vaxtında qorunmağı məsləhət görürlər:
- Günəş altında geniş kənarlı şlyapa, eynək, açıq rəngli yüngül geyimlər istifadə edilməlidir. Günəşdən qoruyan möhkəm toxumalı paltarlar geyinmək vacibdir. Paltarların çoxu günəş şüalarını çəkər və ya əks etdirər. Lakin zəif toxunmuş parçalar və yaş paltarlar dərini günəşə qarşı qoruya bilməz. Möhkəm paltarlar daha yaxşı qoruma təmin edir.
- Buludlu havalarda günəş radiasiyası yarı faiz azalar. Bu səbəbdən buludlu havalarda da qorunmağı yaddan çıxartmaq olmaz.
- Suda olarkən və ya tərli ikən günəşin təsirindən qorunmaq üçün bədəninizə suya dayanıqlı günəşdən qoruyucu kremlər çəkin və hər 1.5 saatdan bir tətbiq edin.
Saat 11.00-16.00 saatları arasında günəş şüaları yer səthinə düz bucaq altında düşdüyündən insan orqanizmi üçün çox zərərlidir
- Kölgədə qalmağa çalışın. Ona görə də günorta saatlarında açıq havada olmaq məsləhət deyil.
- Qumlu sahillərdə çətirlərdən istifadə yaxşıdır, lakin qum, sudan əks olunan işıq, UV şüalarından tam qoruma təmin etməz.
- İsti və rütubətin sıx olduğu saatlarda ağır işlər görmək və idmanla məşğul olmaq məsləhət deyil, yaxşı olardı ki, işlərinizi sərin vaxtlara planlaşdırasınız.
- Bol maye içilməlidir. Sidiyin azalması və tündləşməsi bədəninizin suya ehtiyacı olduğuna işarədir. Bu kimi mühitlərdə hər kəsin yanında içməli su mütləq olmalıdır. Spirt və kafein sidik artımı və maye itkisinə səbəb olduğu üçün isti vaxtlarda içilməməlidir.
- Günəşə qarşı necə qorunmağı təyin etmək üçün dəri tipindən xəbərdar olmağın böyük bir əhəmiyyəti var. Günəşin zərərləri baxımından ən çox riski ağ bədənlilər, qırmızılar və heç qaralmayan, ya da günəşə çıxdıqca dəri yanıqlarıyla nəticələnən dəri tipləri daşıyır. Dərinin rəngi tündləşdikcə yanma riski də o nisbətdə azalır. Ancaq əsmər bədənlilərdə də ozon təbəqəsinin incəlməsiylə birlikdə günəş yanığı meydana gəlməsi heç də az rast gəlinən bir hal deyil.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 09.06.2019