Sahur üçün doyurucu və gün ərzində insanı tox tutacaq, faydalı, vitaminli qidalardan hazırlanan yeməklərə xüsusi ehtiyac var.
TurpKimi.com sahur üçün sadə və dadı ilə fərqlənən menyulardan ikisini təqdim edirik.
Pendir salatı tərifi
• 1 kasa lor (krem) pendiri
• 1 ədəd pomidor
• 1 ədəd yaşıl bibər
• 1 ədəd qırmızı bibər
• Bir neçə budaq cəfəri
• Bir neçə budaq təzə soğan
• Zeytun yağı
• Duz
Pendir salatının hazırlanması
Pomidor və bibərləri incə-incə doğrayın. Cəfəri və soğanı da xırdalayın. Bütün ərzaqları qarışdırın, pendirin duzuna görə az duz səpin. Servis edərkən üzərinə azca zeytun yağı gəzdirin.
Qatıqlı börək resepti
• 6 ədəd yuxa
• 300 qram kərəyağı
• 1/2 su stəkanı duru yağ
• 3 su stəkanı qatıq
Üstü üçün:
• 2 ədəd yumurta sarısı
• 4 yemək qaşığı küncüt, ya da çörəkotu
Qatıqlı börəkin hazırlanması
Kərəyağını əridin və duru yağ ilə qarışdırın. Qatığı elə çırpın ki, mayonez kimi olsun, lazım olsa azca su əlavə edib təkrar çırpın. Yuxalardan birini yayın və üstünü fırça ilə yağlayın. Çırpılmış qatıqdan təxminən hər qata 3 qaşıq götürün, bir fırçanın köməyilə yuxanın hər yerinə sürtün. Üstünə ikinci yuxanı yayın və eynilə yağlayıb, qatıq vurun. 3-cü yuxanı da eyni qayda ilə etdikdən sonra, bıçaqla əvvəl ikiyə, sonra dördə, sonra hər bir parçanı 8-ə bölün. Geniş tərəfindən bükün. Siqaret şəklində alınacaq. Digər 3 yuxanı da bu şəkildə hazırlayın, beləcə 64 ədəd kiçik qatıqlı börəyiniz olacaq. Yağlı kağız sərilmiş bir soba nimçəsinə yığın və üzərinə yumurta sarısı sürtüb küncüt və ya çörəkotu səpin. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada, üstü qızarana qədər təxminən 20 dəqiqə bişirin. İsti servis edin.
Yumurta salatı
• 4 dənə yumurta
• 1/2 limon suyu
• 2 xörək qaşığı zeytunyağı
• 1/2 çay qaşığı duz
• 1/4 çay qaşığı qara bibər
• 1/4 çay qaşığı pul bibər
• 1 dənə yaşıl soğan
• 2 - 3 budaq cəfəri
• 3 - 4 yarpaq təzə nanə
Yumurta salatının hazırlanması
Yumurtaları tam bişənədək qaynadın. Göyərtiləri yuyub doğrayın. Bir kasaya tökün içinə yağ, limon suyu, duz və ədviyyatları atıb qarışdırın. İçinə küp-küp doğranmış yumurtanı əlavə edib qarışdırın. Gözləmədən servis edin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com