İngiltərədə 40 il əvvəl ilk uğurlu ürək nəqli əməliyyatını reallaşdıran cərrah Terence English 5 ilə donuzlardan insanlara ürək köçürməyin mümkün olacağını açıqlayıb.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, 87 yaşlı cərrah İngiltərədə çap olunan "Sunday Telegraph" qəzetinə verdiyi açıqlamada qeyd edib ki, həkimlər bu il təcrübədən keçirəcəklər. "Ksenotransplantasiya (bir başqa canlı növündən insana köçürülən orqan nəqli) müvəffəqiyyətli olsa, beş ilə qədər ürək nəqli də edilə bilər. Böyrəkdə uğurlu alınarsa, ürəkdə də olar. Bu hər şeyi dəyişdirər".
Donuz ürəyinin anatomiyası və fiziologiyası insanlarınkına çox yaxındır. Yeni müalicələrin inkişaf etdirilməsində donuz ürəkləri model olaraq istifadə edilir.
Terence English ilk ürək nəqli əməliyyatlarını Papvors Xəstəxanasında reallaşdırıb.
İnfarktın yaratdığı problemləri aradan qaldıran gen müalicəsi
Mayda donuzlar üzərində sınanan genetik infarkt müalicəsi müsbət nəticə verib. Bu təcrübə ürək nəqli üçün də ümidləri artırıb.
Fərqli ölkələrdən mütəxəssislərin qatıldığı sınaqda infarktdan zədələnən bir ürəyə microRNA-199 adlı genetik vəsait inyeksiya edilib və hüceyrələr bir ay ərzində yenidən canlanıb, əvvəlki sağlam vəziyyətinə dönüb.
Ancaq mütəxəssislər bu üsulun insanlar üzərində də sınanması üçün müəyyən problemlərin yarandığını bildirir. Çünki müalicənin sınandığı donuzların çoxu microRNA-199-un idarə edilə bilməyən şəkildə təsir göstərməyə davam etməsi nəticəsində ölmüşdü.
İnfarkt ürək arteriyalarından birinin birdən-birə tıxanması nəticəsində meydana gəlir. İnfarkt keçirənlərin ürəklərində qalıcı zədələr yaranır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com